Azərbaycan Texniki Universitetində 7 minə yaxın tələbə imtahan verir | |
Azərbaycan Texniki Universitetində 2021/2022-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası iyunun 3-də başlanıb və iyulun 5-nə kimi davam edəcək.
Universitetdən bildirilib ki, üç növbə üzrə keçirilən imtahanlar şifahi (texniki fənlər) və test (humanitar fənlər) üsulu ilə təşkil olunub. Şifahi imtahanların keçirilməsi üçün universitetdə 75 imtahan otağı ayrılıb. İmtahan otaqları müşahidə kamerası və səsyazma cihazı ilə təmin olunub. Test imtahanları isə kompüter zallarında təşkil edilib.
Qiyabi təhsil alan tələbələr üçün isə imtahan sessiyası iyunun 22-dən iyulun 1-nə kimi keçiriləcək. I və II kurs tələbələrinin imtahanları test, III və IV kurs tələbələrinin imtahanları isə şifahi üsulla aparılacaq.
Bakalavriat səviyyəsində 5922, magistratura səviyyəsində isə 1000 tələbənin imtahanlarda iştirakı nəzərdə tutulur. Müxtəlif səbəblərdən imtahanlarda iştirak edə bilməyən tələləbələrə sessiya bitdikdən sonra imtahan vermək üçün şərait yaradılacaq.
Sonuncu kurs tələbələrinin (bakalavriat səviyyəsi üzrə 2000, magistratura səviyyəsi üzrə 500 nəfər) Yekun Dövlət Attestasiyası və dissertasiya müdafiəsi iyunun 22-dən iyulun 5-nə kimi keçiriləcək.
Qeyd edək ki, imtahan sessiyasının təşkili ilə əlaqədar universitetdə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb.
|
|
04.06.2022 | 10:30 | |
|
|
|