Kiçik Liseydən böyük Məktəbə

1990-cı illərin Bakısı. Müstəqillik havasıyla kükrəyib dalğalanan paytaxtda tamamilə yeni bir təhsil ocağının söhbəti gedirdi. Kiçik bir komanda bu istiqamətdə artıq bir ilə yaxın idi işə başlamışdı. Psixoloqlardan, pedaqoqlardan, kibernetiklərdən ibarət ziyalı qrup tamamilə elmi əsaslara söykənən bir təhsil modeli üzərində işləyirdi. Dünyanın ən yaxşı təhsil sistemlərindən olan yeni təlim yanaşmaları ilə tədrisin həyata keçiriləcəyi istedadlı uşaqlar üçün bir məktəb yaratmağı planlaşdırırdılar. Vaqif Ələkbərov, Rəna İbrahimbəyova, Məleykə Abbaszadə, Rəhim Hüseynov, Rafiq Əzizov, Səməd Seyidov, Vəfa Məmmədovadan ibarət həmin komandanın daha bir psixoloq üzvü, psixologiya üzrə fəlsəfə doktoru, Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova o günləri belə xatırlayır: “Bu proseslərə start verəndə bizi, xalqımızı nə gözlədiyini bilmirdik. Müharibəydi, keçid dövrü yaşayırdıq. Belə bir mürəkkəb ictimai-siyasi mühitdə biz Azərbaycanın gələcəyini təmin edən intellektual elitasının yaradılması məqsədini qoyurduq”.

 

Budur, artıq hazırdır. Avropada, Amerikada, hətta Sovet İttifaqında təhsildə ən mütərəqqi ideyaları birləşdirib bir model yaratdılar. Bu, “Bakı Avropa Məktəbi”modeli idi. Heç kimə tanış olmayan yuxarı sinifləri əhatə edən kiçik Lisey kimi başlayıb böyük bir nüfuzlu MƏKTƏBə, təhsildə keyfiyyət nişanına çevriləcəyini heç kim bilmirdi. Çünki hələ hər şey kağız üzərində idi. Yeni modelin tətbiqinin necə nəticələnəcəyi təcrübədə bəlli olacaqdı. Buna baxmayaraq, Bakı Avropa Liseyinin kağız üzərindəki rəsmi onu görən hər kəsi valeh edirdi.Çünki orda böyük bir vəd vardı. Ölkəsini müstəqil görən aydınların birləşib yaratdığı məktəb modeli reallaşdığı təqdirdə orada Azərbaycanın böyük gələcəyini yaradanlar hazırlanacaq!

 

Vədə yetişdi. Bakı Avropa Liseyi ilk şagirdlərini qəbul etməyə hazırdır. Dəstəkçisi də, gözləyəni də çoxdur. Z.Veysova dövlət səviyyəsində liseyə verilən dəstəkdən qürurla danışır: “Biz Bakı Avropa Liseyini açanda ölkəmiz hələ Sovet Sosialist Respublikası idi. Buna baxmayaraq, liseyin yaranmasına yüksək səviyyədə dəstək verildi”.

 

Hökumətlə qeyri-hökumət təşkilatının birgə işi

 

Bakı Avropa Liseyi hökumətlə qeyri-hökumət təşkilatının birgə yaratdığı təhsil müəssisəsi olaraq da bir ilk idi. Belə ki, Liseyin əsasını Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) nəzdində yaradılan “Yaradıcı istedad” (indiki “İnkişaf”) adlanan Respublika Elmi-Praktik Mərkəzi (REPM) ilə ölkəmizdəki ilk qeyri-hökumət təşkilatlarından olan “İstedad” Azərbaycan Assosiasiyası qoyub. İstedadlı uşaqların aşkarlanması, onların təhsil və inkişafına şəraitin yaradılması, qabaqcıl elmi nailiyyətlər və texnologiyalarla tanışlıqları, bazar iqtisadiyyatı şəraitində yeni bacarıqların formalaşdırılması qarşıda duran başlıca məqsəd idi. Elə bu məqsədlə 1991-ci ilin sentyabrında Təhsil Nazirliyinin dəstəyi ilə “Yaradıcı istedad” REPM-nin direktoru Rəna İbrahimbəyova və mərhum pedaqoq Rəhim Hüseynovun yaratdığı “Avropa məktəbi” təhsil modeli əsasında Bakı Avropa Liseyi fəaliyyətə başladı.

 

İstedadlı uşaqlar üçün yeni təlim modeli

 

Dövrün təhsil sisteminə diqqət çəkən Z.Veysovanın fikrincə,istedadlı uşaqlar da risk qrupu sayıla bilər. Onların özünəməxsus ehtiyacları var və bunu vaxtında, düzgün müəyyənləşdirmək lazımdır: “Həmin ehtiyacları ödəmək üçün xüsusi modelimiz var. Bu modeli yaradarkən əsas amacımız bu idi ki, istedadlar üçün düzgün təlim modeli tapaq, münbit inkişaf mühiti yaradaq. Çünki sovet dövründə məktəb bəzən onları tam dərk edə bilmir, düzgün qəbul etmir və hətta bir az kobud münasibət göstərirdi. Suallarına sərt reaksiya verir, cavabsız qoyur, onları susdurmağa çalışırdılar. Yeni təlim modeli ilə istedadlı uşaqlar üçün mövcud mühiti dəyişdirməyi planlaşdırırdıq”.

 

Tədris prosesi daim yenilənir, inkişaf edir

 

Tədrisdə keyfiyyət təhsildə keyfiyyətin əsasıdır. Ona görə də Bakı Avropa Liseyində təhsilin məzmunundan tutmuş təhsil mühitinə qədər hər xırda detalın belə nəzərə alındığı tamamilə yeni tədris sistemi yaradıldı. Z.Veysova deyir ki, tamamilə elmə əsaslanan həmin sistemin kurikulumunda inkişafedici xarakter daşıyan proqramlar öz əksini tapıb:

 

“Fənlərarası Təlim proqramı (FAT) Bakı Avropa Liseyinin uğurunun bir hissəsidir. Tanınmış Amerika psixoloqu Sandra Kaplanın hazırladığı innovativ, inkişafedici fəlsəfi Fənlərarası Təlim Proqramı ilə bir beynəlxalq seminarda tanış oldum və qərara gəldim ki, bu, bizdə də tətbiq edilməlidir. Proqramın tədrisi üçün xüsusi meyarlara cavab verən hazırlıqlı kadrlar tələb olunurdu. Buna baxmayaraq, qərarlıydım. Çünki bu proqram istedadlı uşaqların xüsusi təlim və inkişaf ehtiyaclarını tam ödəyirdi. Ona görə də 1992-ci ildən əsasını FAT proqramı təşkil edən yeni “İstedadlı uşaq” təlim modeli işləyib hazırladım.

 

FAT inteqrativ təhsil yanaşmasının ən mürəkkəb və ən müasir proqramlarından biri olaraq liseydə 1993-cü ildən tətbiq edilir. Proqramın uğurunun sirrinə gəlincə, XX əsrin sonlarından tətbiq edilən bu proqram XXI əsrin kompetensiyalarını inkişaf etdirir. Yəqin onun üstünlüyünü anlamaq üçün bu deyilənlər kifayətdir. Yəni, Bakı Avropa Liseyində təhsil alan şagirdlər XXI əsrin əsas kompetensiyalarına (öyrənməyi öyrənmək, məlumatla işləmək, kommunikasiya, komandada əməkdaşlıq etmək bacarıqlarına, məntiqi, tənqidi, yaradıcı, qlobal təfəkkürə, öz fikirlərini çatdırmaq, müstəqil qərarvermə və problemi həlletmə qabiliyyətlərinə, öz vaxtını düzgün bölmək bacarığına) hələ XX əsrdən yiyələnməyə başlayıblar. Z.Veysova tədris etdiyi proqramın üstünlüyünü belə ifadə edir: “FAT proqramının tətbiqi ilə uşaqlar tamamilə yeni və onların gələcəyi üçün əhəmiyyətli olan nəinki XXI əsrin kompetensiyalarını, həmçinin müasir dövr üçün və istedadlı uşaqların potensialını reallaşdırmağa kömək edən yeni keyfiyyətlər qazanırlar. Onlar yaxşı mənada ambisiyalı yetişir, özlərini idarə edir, öz qarşılarına çətin məqsədlər qoya bilir, çətinliklərdən və zəhmətdən, auditoriyadan qorxmurlar”.

 

Liseydə digər özünəməxsus inkişafedici təlim proqramları da tətbiq olunur. Liseyin proqramında “Dünya mədəniyyəti tarixi” keçilir ki, bu, şagirdlərin dünyagörüşünün inkişafında müstəsna rol oynayır. Yaxud ibtidai siniflərdə fiziki tərbiyə ritmika ilə birləşib. İbtidai sinifdən həyata keçirilən bu proqram nəticəsində şagirdlər həm fiziki, həm də estetik cəhətdən inkişaf edirlər. Eyni zamanda onlar özünə daha inamlı və sərbəst böyüyürlər. “Bizim uşaqlarda səhnədə çıxış etmək qorxusu yoxdur, hər şagird konsert və tamaşalarda öz bacarığını həyəcansız nümayiş etdirməyi bacarır.Bu innovasiyaların tətbiqində elmi-metodiki cəhətdən liseyin bu günə qədər işinə rəhbərlik edən BDU-nun nəzdində fəaliyyət göstərən “İnkişaf” Respublika Elmi-Praktik Mərkəzinin töhfələri danılmazdır. Eyni zamanda liseydə güclü elmi-metodiki şuramız var. Metodbirləşmələrdə daim metodikanın üzərində işləyir, proqramları təkmilləşdirirlər. Daim nəticələrimiz təhlil edilir, hər hansı problem çıxanda səbəbini araşdırırıq. Birbaşa kafedralarla işləyir, metodikanı dəyişirik və qürurla deyirik ki, əsası qalmaqla daim yenilənən, inkişaf edən, innovasiyalara açıq bir təhsil modelinə sahibik”.

 

İstedad seçimi: şərtlər ağır, qaydalar sərtdir

 

Məktəbin modeli hazır olduqdan sonra sıra gəldi istedadların aşkarlanmasına. Z.Veysova deyir ki, istedadı aşağıdan aşkarlayıb yetişdirmək daha asandır, nəinki onu yuxarı siniflərdə aşkarladıqdan sonra inkişaf etdirmək. Ona görə də lisey fəaliyyətə başlayandan 2 il sonra,“İstedadlı uşaq” təlim modelinin tətbiqinin başlanması tarixindən qəbul prosesi genişləndirildi. İndi liseydə, sadəcə 9-11-ci siniflərdən yox, I sinifdən qəbul aparılır: “Artıq sübut olunmuşdu ki, istedadlı uşaqlar məktəb yaşına çatdıqda və məktəbdə uyğun mühit olmayanda, öz istedadlarını tez itirirlər. Nə qədər tez, I sinifdən istedadlı şagirdləri aşkarlaya və xüsusi təhsilə cəlb eləsək, bir o qədər çox istedadlı uşaq inkişaf etdirə bilərdik. FAT proqramı ibtidai sinifdən başlayırdı və onun tətbiqi ilə liseyə qəbulu birinci sinifdən başladıq. Birinci sinifdən uşaqları nailiyyətlərinə görə seçmirik. İlk növbədə uşağın intellektual və yaradıcı potensialı, dünyagörüşü, nitqin inkişafı, emosional-iradi keyfiyyətlər seçim meyarları kimi müəyyən olunur. Psixoloji testlərimiz onların bu qabiliyyətlərinin, istedadının səviyyəsini müəyyənləşdirmək üçündür. Bunu müəyyənləşdirdikdən və seçimdən sonra qəbul olunan şagirdlərin fitri istedadını inkişaf etdirmək üçün müxtəlif psixoloji yanaşmalar tətbiq edirik. Bu məqsədlə ölkəmizdə ilk dəfə psixoloji əsaslarla Bakı Avropa Liseyinin təhsil modeli hazırlanıb”.

 

İstedadı düzgün seçmək üçün imtahan suallarına fənn testləri də daxil edilir. İki turdan ibarət seçim prosesindən uğurla keçənlər müsabiqəyə buraxılırlar.  Müsabiqənin şərtləri ağır, qaydaları sərtdir. Lisey direktoru bunun səbəbini belə izah edir: “Siniflərimizə çox istedadlı şagirdlər qəbul olunur ki, onlar liseyimizdə tətbiq edilən istedadlı uşaqlar üçün FAT (fənlərarası təlim) proqramını mənimsəyə, tələblərimizə cavab verə bilsin. Bu proqramın öhdəsindən gəlmək üçün uşağın əqli inkişafı onun yaşıdlarından bir il irəli olmalıdır. Çünki birinci sinifdən bu proqramda şagirdlər mücərrəd anlayışlardan istifadə etməli, mürəkkəb ümumiləşdirmələr etməlidirlər. Bunu bacarmayan şagirdlər üçün bu tipli təlimə adaptasiya çətin olur və onlar psixoloji gərginlik keçirirlər”.

 

Kiçik elm yuvası IV sinifdən alim yetişdirir

 

Bakı Avropa Liseyi öz yenilikləri ilə XXI əsr təhsilimizə də öz imzasını qoyub  - Kiçik Elmlər Akademiyasıyla. 2000-ci ildə yaratdıqları kiçik elm yuvası artıq ölkəmizdə məşhurdur və məktəblərimizdə bu inkişafedici layihə yayılıb. Liseyin həm də elmi rəhbəri olan Z.Veysova şagirdlərinin elmi nəticələri ilə fəxr edir: “Mütəmadi keçirilən elmi konfranslarımızda münsiflər heyətində tanınmış alimlər, akademiklər təmsil olunurlar. Onlar uşaqlarımızı çox yüksək qiymətləndirir, hətta yarızarafat “Keşkə bizim aspirantlar da bu səviyyədə olsaydı”, - deyirlər”.

 

Liseydə yaradılan inkişafedici təlim mühiti şagirdlərin elmə hələ erkən yaşdan həvəslənməsi ilə nəticələnir: “Gördük ki, şagirdlərimiz ibtidai sinifdən elmlə məşğul olmağa həvəslidirlər. Onların bu həvəsini, istəyini nəzərə alıb “Gənc Erudit” klubunu yaratdıq. Artıq Bakı Avropa Liseyində  IV sinifdə oxuyan uşaqlar da elmi iş yazırlar.

 

Bu da şagirdlərimizdə erkən yaşdan müstəqil öyrənmək üçün əlavə bacarıqlar formalaşdırır. Uşaqlarımız problemləri aşkarlayır, öz fərziyələrini irəli sürür, məlumatlarla işləyir, təhlil edir, problemlərin həlli yollarını tədqiq edirlər. Bu vərdişləri sayəsində liseyi bitirib hər hansı bir universitetə gedəndə məzunlarımızın çətinlikləri olmur. Böyük şirkətlərin menecerləri dəfələrlə məzunlarımızın bir sıra adi olmayan keyfiyyətləri olduğunu deyiblər. Belə ki, sadəcə məqsədi bilmələri kifayətdir ki, hər hansı əlavə izaha ehtiyac qalmadan qısa müddətdə yüksək nəticə ortaya çıxarsınlar. Bu bacarıqlar liseydə yaradılan xüsusi inkişafedici  mühitdə formalaşır”.

 

Elmdə, intellektual, yaradıcı, sosial inkişafda və idmanda

 

Sadəcə alimmi? Lisey direktorunun sözlərinə görə, istedadlı şagirdlərin böyük enerjisi olur və onlar bunu hara yönləndirəcəyini çox zaman bilmirlər. Bu səbəbdən liseyin müəllimləri onları müxtəlif layihələrə cəlb edərək müstəqil qərarvermə, özünü idarəetmə bacarıqlarını inkişaf etdirməklə yanaşı, yaradıcı fəaliyyətlərə istiqamətləndirməyə çalışırlar.

 

“Hər il lisey məzunları 100 faizlə ali məktəblərə yüksək ballarla daxil olurlar. Son on ildə Bakı Avropa liseyinin şagirdləri 36 qızıl,  9 gümüş medal qazanıblar. Respublika fənn müsabiqələrindən 4 gümüş, 12 bürünc medalla qayıtmışıq. Respublika fənn olimpiadalarının yekun turuna qatılan şagirdlərimiz 2 qızıl, 9 gümüş, 19 bürünc medala layiq görülüblər. Onlar həm də Lütfüzadə adına məntiq olimpiadasının qalibləridirlər. Beynəlxalq fənn olimpiadalarında da böyük nəticələrimiz var - 18 qızıl, 27 gümüş, 12 bürünc medal. Liseyin şagirdləri 20-dən çox beynəlxalq və onlarla yerli incəsənət layihələrində uğurla iştirak ediblər”.

 

Bakı Avropa Liseyi siyasətçilər, hətta dövlət xadimləri də yetişdirməyə başlayıb. Burada məktəblilər “dövlət” qurmağa artıq 2007-ci ildən başlayıblar. Bu ildən liseydə Birləşmiş Liseyistlər Təşkilatı (BLT) unikal uşaq təşkilatı fəaliyyət göstərir. BLT təşkilatı V-VIII sinifləri əhatə edir və uşaqların şəxsiyyətinin inkişafı üçün yeni münasib sosial şəraiti yaradır. BLT qaydalarına görə, hər sinif bir ölkədir. Uşaqlar öz ölkəsinin adını, rəmzlərini - gerbini, bayrağını, himnini hazırlayır. Hər sinfin öz prezidenti var. Burada nazirlər kabineti qurulur, baş nazir təyin olunur. BLT-nın köməyi ilə şagirdlər müxtəlif özünüidarəetmə fəaliyyət növlərini həyata keçirirlər, əməkdaşlıq və innovasiya sahəsində təcrübə toplayırlar. Xüsusi meyarlarla hazırlanan əsasnamə ilə fəaliyyət göstərən sinif - dövlətlər rəqabət mühitində özlərini idarə edirlər və ilin nəticələri əsasında qiymətləndirilirlər. Qalib dövlət - sinif əsasən payız aylarına təsadüf edən “Özünüidarəetmə Günü”ndə bütün məktəbi idarə və həmin gün direktoru, onun müavinlərini, müəllimləri məhz həmin sinfin şagirdləri əvəz edirlər.

 

Liseyin  İKT üzrə bacarıqları olan şagirdləri “ICT Masters Organization” şagird təşkilatında, diplomatik bacarıqlarını inkişaf etdirmək arzusunda olanlar “Sərhədsiz diplomatiya” layihəsi nəticəsində yaradılan Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzində cəmləniblər. “Dünyanın mədəni-ekoloji ənənələri”, “Master klas”,  “Kinoməktəb” kimi layihələrlə uşaqları axtarışa, yaradıcılığa, öz qabiliyyətlərini müxtəlif yollarla nümayiş və inkişaf etdirməyə həvəsləndirir, təlim imkanlarını genişləndirir. Z.Veysovanın sözlərinə görə, şagirdləri intellektual oyunlarda IV sinifdən başlayaraq iştirak edirlər: “TRİZ yaradıcılıq müsabiqələrdə, “Xəmsə”, “Breyn-rinq”,  “Çto? Qde? Koqda?”, “Əlaçı”, “Fibonaççı” və s. kimi intellektual yarışlara qatılan təmsilçilərimiz daima qalib və mükafata layiq yerlər tutur, kuboklar qazanırlar. Hər 2 həftədən bir əyləncəli intellektual oyunlar təşkil olunduğundan lisey şagirdləri bu sahədə də hazırlıqlıdırlar. “İntellektual oyunlar klubu”, “Debat klubu” şagirdlərin intellektual səviyyəsini inkişaf etdirməyə, onlarda erudisiya, natiqlik bacarığı formalaşdırmağa xidmət edir”.

 

Z.Veysova deyir ki, lisey şagirdləri idmanda da fəaldır: “İdmanın müxtəlif növləri ilə məşğul olan yüzlərlə şagirdimiz var və onların sırasında çoxlu respublika, Avropa və hətta dünya çempionları var”.

 

“Labschool”

 

Beləliklə, Bakı Avropa Liseyi yarandığı gündən saysız yeniliklərin tətbiq edildiyi təcrübə meydanıdır. Buna dünyada “Labschool” deyirlər ki, Z.Veysova bu fikirlə razılaşır. Onun fikrincə, liseyi belə adlandırmasalar da, əslində o, xaricdə fəaliyyət göstərən “Labschool” modelidir: “Mövcud olan tanınmış universitetlərin  məktəbi də olur. Laboratoriya məktəbində universitetin araşdırdığı hər hansı yeniliyi tətbiq edir və yayırlar. Avropa liseyi məhz laboratoriya məktəbdir. Çünki biz Bakı Dövlət Universitetinin “İnkişaf” Respublika Elmi-Praktik Mərkəzinin elmi-metodiki idarəçiliyi altında məktəb-laboratoriya kimi çıxış edirik”.

 

Hər hansı yeniliyin tətbiqi və yayılmasının vaxtı olub-olmadığına da məhz bu məktəb-laboratoriyada qərar verilir: “Bir sıra bacarıqların inkişaf etdirilməsinə xidmət edən hər hansı layihə düşünülərək hazırlanır.Bəzi  layihələrimiz təzə başlayanda uğursuz  oldu və fasilə verməli olduq.Ancaq mükəmməl olan heç bir addımdan imtina etmədik, hələ vaxtı deyilsə, tətbiqini bir az ləngitdik, ancaq sonra yenidən yolumuza davam etdik. Məsələn,Rüstəm İbrahimbəyov kinoməktəb yaratdı bizdə. Sonra müəyyən fasilə yarandı. Sonradan kinoməktəbi “Tokio-Baku-Cinema” ilə davam etdirdik. Hazırda “Kinoməktəb” layihəsi yeni formatda davam edir. Layihə, sadəcə uşaqlara kino çəkmək öyrətmir, uşaqlar bu layihə ilə çoxlu fərqli bacarıqlar əldə edirlər”.

 

Onların qiymətləndirməsi uğurun qarantıdır

 

Bakı Avropa Liseyinin qiymətləndirmə sistemi də müasirdir, baxmayaraq ki, XX əsrdən tətbiq edilir. Belə ki, şəxsiyyətə yönələn təlim yanaşmasını təmin edən formativ və summativ qiymətləndirmə növləri də liseyin yarandığı illərdə ölkəmiz üçün tamamilə yeni idi. Yəni Bakı Avropa Liseyində diferensial 100 ballıq qiymətləndirmə sistemi 1991-ci ildən və “bonus” sistemi 90-ci illərin sonundan tətbiq edilir. Z.Veysova Bakı Avropa Liseyində qiymətləndirmənin əhəmiyyətinə diqqət çəkir: “Bizim qiymətləndirmə sistemimiz çox obyektiv və dəqiqdir. Çünki bu, özü də inkişafedici amildir. Qiymətləndirmə düzgün aparılmayanda nəticə uğurlu olmur. Ölkəmizdə ilk fənn testlərini biz hazırlayıb tətbiq etmişik. Testlərimiz həmişə yaddaşa deyil, təfəkkürə yönəlib. İllərlə üzərində işlənib və biz bu sistemi təkmilləşdirmişik”.

 

İstedadlı şagird üçün MÜƏLLİM, Azərbaycan təhsil sistemi üçün TƏLİMÇİ

 

Qiymətləndirmənin obyektiv olması qiymətləndirənlərdən çox asılıdır. Bakı Avropa Liseyində qiymətləndirənlər - müəllimlər də seçilir. Müəllimlərin işə qəbulu üzrə müsabiqədə uğur qazanan namizədlər üçün əsl hazırlıq mərhələsi bundan sonra başlayır. Z.Veysovanın sözlərinə görə, burada işləmək istəyənlərdən istedadlı şagirdlərlə işləmək üçün xüsusi keyfiyyətlər tələb olunur. Ona görə müəllimlər də həm intellektual, həm də şəxsiyyətə yönələn psixoloji testlərdən keçirilirlər: “Seçilən müəllimlərə uşaqlarımızın fənn testlərini veririk, həmin testi edə bilməyən müəllimi necə götürək işə? Müəllimdə  təşəbbüskarlıq, öz üzərində işləmək bacarığı, öz qarşısında yeni inkişaf məqsədləri qoyması bizim üçün önəmlidir. Müəllim seçimində ilk növbədə bir məqamı nəzərə alıram və müəllimə də bunu deyirəm. Burada istedadlı şagirdlər təhsil alırlar. Şagirdlərimiz müəllimlərə maraqlı suallar verir. Cavabını bilmədiyi sual qarşısında müəllimin davranışı çox vacibdir. Təhsilverənlər uşaqla bərabərhüquqlu olduğunu bilməli, onlara hörmətlə yanaşmalıdırlar. Hər hansı məsələdə buradakı uşaqlar müəllimi öyrədə bilərlər. Müəllim işgüzar olmalı, özünü üstün saymamalı, ən əsası, öz sahəsini yaxşı bilməlidir”.

 

Bakı Avropa Liseyində, sadəcə şagirdlər üçün yox, müəllimlər üçün də inkişafedici mühit formalaşıb: “Liseyimizdə “Həmkardan həmkara” adlı peşəkarlıq səviyyəsinin artırılması modeli istifadə olunur. Müəllimlər bir-birinə kömək edir, öz ideyalarını paylaşırlar. Bu da mühiti və tədrisi zənginləşdirir. Bilirsiniz ki, müəllim bacarıqlı olmasa, nə qədər təkmil proqramlar olsa, yenə uğurlu nəticə əldə edilməyəcək. Müəllimlərimizin hər birinin öz inkişaf planı var. Həmin planda müəllim özünün hansı bacarığını inkişaf etdirəcəyinə dair məqsəd qoyur və bu istiqamətdə fəaliyyətini planlaşdırır. Müəllimlərimizin inkişafını labüdləşdirən başqa bir yenilik - “Dərsin dəstəkləyici müşahidəsi” modelini artıq ölkəmizdə təbliğ etməyə, bütün məktəblərdə yaymağa çalışırıq. Bu model bizdə geniş tətbiq edilir və bu səbəbdən müəllimlərimiz dərslərinin dinlənilməsindən, konstruktiv tənqiddən qorxmur. Onlar özünü müdafiə etmək məcburiyyətində hiss etmir, müəllim yoldaşından soruşmaqdan, öyrənməkdən, məsləhət istəməkdən çəkinmir”.

 

Biri-birindən öyrənmək, ideyalarını başqalarıyla paylaşmaq vərdişi liseyin müəllimlərinin aparıcı təlimçilər olaraq təkmilləşməsi ilə nəticələnib: “Mən özüm nə qədər təlimlər hazırlayıb respublikada tətbiq etmişəm. YUNİCEF, Dünya Bankı tərəfindən aparılan təlimlərin proqramlarını, ilk kurikulum üzrə treninq proqramlarını hazırlamışam. Hər bir təlimi Azərbaycan müəllimlərinin ehtiyaclarına uyğunlaşdırmışam ki, hər kəsin ondan istifadəsi rahat olsun. İndiyədək  MİQ-in imtahanlarında proqramlarımdan istifadə olunub. Bir sözlə, hər birimiz proqramlarımızı, təcrübəmizi yaymaqda maraqlıyıq”.

 

Valideynlə iş

 

Bakı Avropa Liseyinin ölkəmizə yaydığı ən uğurlu təcrübələrindən, ən mühüm innovasiyalarından biri də Valideyn-Müəllim Assosiasiyasının (VMA) yaradılmasıdır. Z.Veysova deyir ki, uşaqlar nə qədər istedadlı olsa da, onların inkişafında böyüklərin rolu vacibdir: “Ona görə qəbuldan sonra valideynlərə mühazirə oxuyuram və başa salmağa çalışıram ki, istedadlı uşaqlara ilk illərdə kömək lazımdır. Onların əvəzinə iş görməli yox, onların suallarına cavab verməli, onlara yeni məlumat mənbələri göstərməlidirlər. Valideyn uşağı məktəbin üstünə atıb tamamilə kənarda dayanacaqsa, nə qədər istedadlı uşaq olursa-olsun, mütləq inkişafdan qalacaq”.

 

Z.Veysova təcrübə ilə təsdiqini tapan bir məqama da diqqət çəkir. Yüzlərlə şagird Bakı Avropa Liseyinə uğurla daxil olsa da, təhsilini burada tamamlaya bilməməsi məhz valideynlərin uşaqların təhsilinə biganəliyi səbəbindən baş verib: “Şagirdimiz möhkəm xəstələnib dərs buraxanda, onlara kömək edib geriliyini aradan qaldıra bilirik, ancaq tənbəl uşaqlarla bu, mümkün olmur. Qeyd etməliyəm ki, Bakı Avropa Liseyinə qəbul olunan, ancaq liseydən yarımçıq çıxan uşaqların əsas problemi valideyn dəstəyinin olmamasıdır. Çünki liseyə qəbul olunan uşaqlar çox çətin sınaqdan keçir və valideyn dəstəyi olarsa,  hər biri təhsilini uğurla başa çatdıracaq potensiala sahibdir”.

 

MƏZUNLARı gələcəyi yaradanlardır

 

Liseyin uğuru artıq 30 ildir davam edir. Ən böyük uğuru isə məzunlarıdır. Z.Veysova ötən illər ərzində məzunlarının Azərbaycanın və dünyanın ən nüfuzlu universitetlərində oxumaq imkanı qazandıqlarını deyir: “Məzunlarımızın 30-40 faizi xaricdəki universitetlərə gedir. Bu da daha çox onların istədiyi bəzi ixtisaslara ölkəmizdə hazırlıq olmadığı üçündür. Məsələn, eyni sinifdən 2 məzunumuz - Təyyar və Leyla arasında Prinston Universiteti belə seçim edə bilmirdi. Universitet hər ölkəyə tam təqaüdülü tələbə üçün 1 yer ayırdığından, o yeri kimə verəcəyinə qarar verə bilmirdi. Seçməyə kömək olsun deyə hətta liseyə nümayəndə belə göndərdilər. Həmin nümayəndə söhbətimiz zamanı dedi ki, Prinston universitetinin tarixində belə bir hadisə olmayıb ki, bir ölkədən, bir məktəbdən, hətta bir sinifdən 2 nəfər tam təqaüdə namizəd olsun. Həmin yerə Leyla seçildi. Təyyar isə Amerikanın başqa bir nüfuzlu universitetini bitirdi və birbaşa ən nüfuzlu universitetlərin birinin doktoranturasına qəbul olundu. Hazırda Silikon vadisində icadlar edir. Harvard Universiteti də ilk dəfə bizim məzunumuz Mikayil Qasımova tam təqaüd verib. Məzunumuz Murad Abuzərli bu yaxınlarda 26 yaşında Fransanın ən məşhur Pyer və Mari Küri Universitetinin ən gənc doktorluq dərəcəsini qazanıb. Asim Manizadə İlon Maskın “Spase X” şirkətində kibertəhlükəsizlik mühəndisi vəzifəsində işə başlayıb. O, insanların Marsa ilk uçuşunun təhlükəsizliyini təmin edəcək”.

 

Z.Veysova deyir ki, Bakı Avropa Liseyinin parlaq ulduzları çoxdur. Təhsil müəssisəsinin 30 illik yubileyinin də məhz onlarla bağlı olması təsadüfi deyil: “Bu ilin şüarı olaraq “Gələcəyi yaradanların məkanı” fikrini seçdik. İlk buraxılışımızdan başlayaraq məzunlarımız ölkəmizin gələcəyini quranlar oldular. Onlar hansı sahədə olsalar, orda yenilik yaratdılar. Çünki onlar liderdirlər”.

 

30 illik MƏKTƏB yolu

 

Beləcə, Bakıda yaranan və sırf Azərbaycana məxsus olan lisey30 yaşına çatdı. Uğurlarla dolu bu 30 ildən sonra böyük təcrübə, danılmaz nüfuzla yanaşı, dünyada analoqu olmayan böyük məktəb yolu Bakı Avropa Liseyinin başlıca qazancıdır.

 

Bir də... 2021-ci ildə “Bakı Avropa Liseyi” təhsil modelinə verilən sertifikat. 10.09.2021-ci ildə rəsmi qeydiyyatdan keçirilib və müəlliflik sertifikatı Zülfiyyə Veysovaya və Rəna İbrahimbəyovaya təqdim edilib.

 

Və... Lisey olaraq, sadəcə yuxarı sinif şagirdlərindən yığılan 3 siniflə yola çıxan bu tədris ocağı bu 30 ildə, sözün əsl mənasında böyük MƏKTƏBə çevrildi. Yüzlərlə məzunu olan, hazırda 1600 şagirdin təhsil aldığı, Avropa keyfiyyətini Azərbaycan xüsusiyyətləri ilə birləşdirən bir məktəb 100 müəllimin bələdçiliyiylə yoluna davam edir.

 

Yolun uğurlu olsun, Bakı Avropa Liseyi. Neçə 30 illərə!

 

Ruhiyyə DAŞSALAHLI



03.06.2022 | 11:09