“Əziz Şuşa, sən azadsan!”

Hamı həyəcan içindədir. Şagirdlərdən də çox valideynlər narahatdırlar. “Bayaqdan bir əlim ürəyimdədir”, - deyən valideyn Gülər Tağıyeva öz həyəcanını belə izah edib: “Tədbirə çox həvəslə və həyəcanla hazırlaşmışıq. Bu, qızım Züleyxanın ilk məsuliyyətli tədbiridir. Bu gün o, həm şeir deyəcək, həm rəqs edəcək, həm də səhnəcikdə rol alıb”.

 

Ağstafa rayon Ə.Həmidoğlu adına Aşağı Göycəli kənd tam orta məktəbində təntənə yaşanır. Hər kəs birincilərin “Əziz Şuşa, sən azadsan!” adlı tədbirinə toplaşıb. Başqa bir valideyn Aynurə xanım həvəslə qızının əl işini hər kəsə göstərir. Qızının - Ayan Həsənlinin “Şuşa Qalası” onu görən hər kəsi valeh edir.

 

Onlar məktəbin ibtidai sinif müəllimləri Günay Ələsgərova və Bəsti Həsənovanın şagirdləridir. Müəllimlər deyir ki, yetişdirdikləri fidanların Şuşanın əhəmiyyətini dərk etmələrini istəyib,  “Şuşa İli “nə onların da töhfəsi olsun deyə çalışıblar: “Hər birimiz kimi, bu körpələr də qələbə xəbərini mavi ekranlardan, Prezidentimizin dilindən eşitdilər. Tədbirimizlə bu sevinci həm də yaşasınlar, istədik. Elə uşaqlar da çox həvəslidirlər”.

 

“Xudayar təsnifi”səslənir. Hərbi geyimdə olan birincilər - Azərbaycan Ordusunun gələcək əsgərləri şəhid döyüşçünün səsinin müşaiyyətiylə səhnəyə elə daxil olur ki, Zəfər gündəliyi göz önündə vərəqlənir sanki.

 

Daha sonra məktəblilər Dövlət himnini ifa edirlər. Qonaqlar da onlara qoşulur.Təbii ki, şəhidlərimizi də unutmarıq, hər tədbirlərimizdə, hətta hər gün olduğu kimi Qəhrəmanlarımız bir dəqiqəlik sükutla yad edilir.

 

Məktəblilərimiz səhnədə müharibə qəhrəmanlarını bir-bir yad edir. Gülay şəhid Arəstə Baxışova, Ömər şəhid Çingiz Mustafayev, Leyla Ağstafa rayon 1 nömrəli tam orta məktəbin şəhid direktoru Elvin İmaməliyev, Yusif şəhid general Polad Həşimov, İncinaz qazi Camal Alxasov haqqında şeirlər söylədilər.

 

Vətənpərvərlik ruhunda şeirlərlə hər kəsin ürəyini riqqətə gətirən məktəblilər daha sonra öz musiqi nömrələri ilə izləyənləri heyran qoydular.

 

Züleyxa Tağızadə və Leyla Əlizadənin ifasında  “İgid əsgər, möhkəm dayan!” və “Salam vətən” mahnıları,  güllərlə Xarıbülbülün dialoqu, “İgidlər” mahnısının sədaları altında oğlanlardan ibarət rəqs qrupu, “Şuşanın dağları” mahnısına oynayan qızlardan ibarət rəqs qrupu tədbirə xüsusi rəng qatdı. “Cəngi” sədaları öz əzəməti ilə qəhrəmanlıq ovqatını yüksəltdi.

 

Qeyd edək ki, tədbirə şəhid Rövşən Pənahovun ailəsi də qatılıb. 

 

Əsli Əsgərova



03.06.2022 | 13:21