İstiqlal aşiqi fidanlar

316 nömrəli körpələr evi-uşaq bağçası. İçəridəki həyəcan divarlarda dolaşıb qulaqlara qədər çatan səslərdən aydın hiss olunur. Həyəcanın səbəbi bəllidir, istiqlalımızda payı, imzası olan dahilər - Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov onların “qonağı”dır. Hələ məktəbə belə getməyən azyaşlı uşaqlar artıq onların hər birini tanıyır, kim olduqlarını bilirlər. Üstəlik, sevirlər də. Sevməsələr, ötən əsrdə yaşamış tarixi şəxsiyyətlərin obrazlarını bu qədər qürurla yarada və yaşada bilərlərmi?

 

Hazırlıq gedir

 

Yəqin ki, körpələr evi-uşaq bağçasındakı həyəcan dolu səs-küyün, təntənənin, bayram ab-havasının səbəbini siz də anladınız. İstiqlal günü münasibəti ilə tədbir düzənlənib.

 

Tədbirə hazırlıq gedir, yan otaqlarda bir azdan akt zalının səhnəsini bəzəyəcək fidanların həyacanlı məşqləri davam edir.

 

Uşaqlar müzakirələrini yekunlaşdırıblar. Artıq səhnəyə çıxmağa hazırdırlar. Sevinc hissinin çöhrələrində yaratdığı işıq ətraflarına da təsir edir, görən hər kəsi gülümsədirdi. Onlar çox xoşbəxt idi, ətraflarına da xoşbəxtlik saçırdılar.

 

Mənim balalarım da səhnədə olacaq

 

Çox həyacanlıyam. Vaxt daraldıqca həyəcanım bir az da artır. Bu xoşbəxt çöhrələrin arasında mənə doğma olan iki cüt göz, həyəcanla çırpınan iki ürək var. Əkiz qızlarım - Duyğu və Diləklə bu günə çox ciddi hazırlaşmışıq. Çox da ki, ilk tədbirimiz deyil. Bütün əlamətdar günləri, tarixi hadisələri fərqli formatda, ancaq ilk günün həyəcanı, ilk günün məsuliyyətlə qeyd edirik.

 

Bu gün isə xüsusilə önəmlidir. Mənim, ailəmin, təbii ki, həm də uşaqlarımın həyatında xüsusi əhəmiyyəti olan bu günün onların tərbiyə olunduğu bağçada necə qeyd ediləcəyi, qızlarıma necə aşılanacağı mənim üçün önəmli idi.

 

Balaca qurucular

 

Bu da onlar. Tərbiyəçi-müəllimləri - Mətanət Bağırova və Aytən Cəfərova səhnədə də uşaqlarımızı tək buraxmadılar. Bu dəstək balacalar üçün çox vacibdir, bunu onların gözlərindən görmək mümkündür. Uğurlu çıxışının ardından gözləri sevincdən parıldayanlar da var, gözünü müəlliminə dikib ondan “başla” işarəsi gözləyənlər də.

 

Rza Nizami hələ çox balaca olsa da, səhnədə Məmməd Əmin Rəsulzadənin böyüklüyünü məharətlə təqdim etdi. Dostları Mirkamil Cəfərli Fətəli Xan Xoyski, Məhəmməd Qəmbərov Əlimərdan bəy Topçubaşov, Əlizadə İslam Nəriman Nərimanov, Murad Abdinov isə Hüseyn Fateh (kargüzar) obrazlarında dahiyanə görünürdülər.

 

Bayrağım... qızlarım

 

Qızlarım Dilək və Duyğunun dostları Miray, Araz, Məryəm, Aysu, Banu, Nuray, Timur və Nuran ilə birlikdə ifa etdikləri “Bayraq” rəqsi ürəklərimizi qürurla doldurdu.

 

Biri-birini əvəz edən səhnəciklər, rəqslər, şeirlər körpələrimizin ifasında daha da gözəlləşdi. Hələ  Xəyalə müəllimin və onun qrupunun hazırladığı səhnəciyi demirəm...

 

Hər tərbiyəçi-müəllim - Gülnarə Babayeva, Yeganə Həsənova, Afət Əhmədova, Xəyalə Bəndəliyeva, Şəhla Salayeva uşaqlarla birlikdə məşq etdi, çıxış etdi, sevindi, həyəcanlandı.

 

Günün dəyəri kiçik yaşlardan aşılanır

 

Tədbirin sonunda fidanlarımızı təbrik edən bağça müdiri Nabat Rəfiyeva uşaqların hələ çox səhnələrdə daha böyük uğurlara imza atacaqlarına inandığını söylədi: “Bu uşaqlar bizim gələcəyimizdir. Ölkəmizin  gələcək inkişafı, uğuru onların əlindədir! Bu torpaqları da, dövlətçiliyimizi də onlar qoruyacaq!”

 

Qürurluyam!

 

Qızlarımın məktəbəqədər təhsil müəssisəsində daha bir tədbiri başa çatdı. Hər birimiz 12 qrupun iştirakı ilə maraqlı, əyləncəli proqram izlədik. Biz gördüklərimizdən qürurlandıq, övladlarımız isə öyrəndilər. Öz tariximizi, milli keçmişimizi öyrəndilər. Başlıcası, Azərbaycanı sevməyi öyrəndilər, tarixinə sahib çıxmağın önəmini anladılar. Ağrılı-acılı, taleyüklü illərdən üzüağ çıxıb dövlət quran xalqın övladları qürurla onlara miras qalanları gələcəyə daşımağa hazır görünür.

 

Sevindim. Çünki bu günün özəlliyinin uşaqlarımıza kiçik yaşdan necə aşılandığını gördüm.

 

Həm tariximiz, həm övladlarımız, həm də onları tərbiyə edən bu mühitlə qürur duydum!

 

Günel ƏHMƏDOVA

 



03.06.2022 | 10:28