Təhsil naziri “Bilik günü”nün qeyd olunması ilə bağlı əmr imzalayıb

Təhsil naziri Ceyhun Bayramov “2018-2019-cu tədris ilində “Bilik günü”nün qeyd olunması və ilk dərs günləri haqqında” əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan Respublikasının bütün ümumtəhsil məktəblərində “Bilik günü” ictimaiyyət nümayəndələri, sabiq məzunlar, müharibə iştirakçıları və əmək veteranları, tanınmış təhsil və incəsənət xadimləri cəlb olunmaqla 15 sentyabr 2018-ci il tarixində təntənəli şəkildə qeyd ediləcək.

 

Əmrdə “Bilik günü” tədbirinin saat 8.00-dan etibarən Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanması qeyd olunub. Həmçinin 15 sentyabr tarixi şənbə gününə təsadüf etdiyindən 5 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərin şagirdlərinin, xüsusilə də birinci sinif şagirdlərinin müəllimlərlə görüşləri, sinif otaqları, dərs cədvəli ilə tanış olmaları, siniflərin növbəliliyi barədə məlumatlandırılmasının təmin edilməsi əmrdə yer alıb.

 

5 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə ilk dərs gününün 17 sentyabr hesab olunması, 6 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə isə dərslərin sentyabrın 15-dən başlaması sənəddə əks edilib.

 

Yerli təhsili idarəetmə orqanlarına bu əmrdən irəli gələn məsələlərin həyata keçirilməsini təmin etmələri barədə tapşırıq verilib. 

 

2018-2019-cu tədris ilində “Bilik günü”nün qeyd olunması və ilk dərs günləri haqqında haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

 



30.08.2018 | 15:49