Rektor YAP Gənclər Birliyinin üzvləri ilə görüşüb | |
Bakı Mühəndislik Universitetində (BMU) Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri ilə görüş keçirilib.
Rektor, professor Havar Məmmədov gənc universitet olan BMU-nun tarixi, beynəlxalq əlaqələri və ikili diplom proqramı, tədris sistemi, eyni zamanda maddi-texniki bazası haqqında məlumat verib. Universitetdə gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə yiyələnməsi və şəxsiyyət kimi yetişməsi üçün davamlı işlərin həyata keçirildiyini deyən rektor BMU-nun tələbə klublarının sayına və tələbə fəaliyyətlərinin müxtəlifliyinə görə ölkəmizin ali təhsil ocaqları arasında ən aparıcı yeri tutduğunu vurğulayıb.
Gənclər təşkilatlarının əhəmiyyətini önə çəkən H.Məmmədov universitetdə gənclərin aktiv fəaliyyəti, inkişafı üçün hər cür şərait yaradıldığını söyləyib. Rektor tələbə klublarının, o cümlədən Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin gerçəkləşdirdiyi müxtəlif layihələrə də toxunub.
Universitetin zəngin maddi-texniki bazasının tələbələrin öz innovativ layihələrini gerçəkləşdirmək üçün münbit şərait yaratdığını bildirən H.Məmmədov BMU-nun “RED” tələbə komandasının “TEKNOFEST Azərbaycan” aerokosmik və texnologiya festivalında Robotexnika kateqoriyası üzrə birinci yeri tutduğunu firkirlərinə əlavə edib.
Sonra H.Məmmədov ümummilli lider Heydər Əliyevin ideyalarını, siyasi kursunu müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın ölkəmizin həyatında oynadığı mühüm rola toxunub. Azərbaycanda uğurlu dövlət gənclər siyasətinin həyata keçirildiyini, YAP üzvlərinin böyük hissəsini gənclərin təşkil etdiyini söyləyən rektor 44 günlük Vətən müharibəsində tarixi Zəfərin qazanılmasında müstəqillik dövründə formalaşan vətənpərvər gənc nəslin müstəsna xidmətlər göstərdiyini bildirib.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov BMU tələbələrinin daima öz müasir yanaşmaları ilə fərqləndiklərini qeyd edib və universitetin müsbət imicinin göz önündə olduğunu bildirib.
Partiyanın uğurlu gənclər siyasətindən bəhs edən birliyin sədri ali təhsil müəssisələrində təhsil alan gənclərlə əlaqənin möhkəmləndirilməsi, ictimai-sosial, vətənpərvərlik, fərdi-inkişaf, idman və bir sıra sahələrdə müxtəlif təşəbbüs-layihələrin icra edilməsi məqsədilə nəzərdə tutulan işləri və cari ildə bunların həyata keçirilməsi üçün planlaşdırılan birgə addımları diqqətə çatdırıb. Təhsilin və innovasiyaların gənclərin həyatındakı vacib roluna toxunan B.İslamov yeni formatda qurulacaq əməkdaşlığın gənclərimizin daha da inkişaf etmələrinə əlverişli şərait yaradacağını deyib.
Daha sonra görüşdə birgə layihələrin və təşəbbüslərin həyata keçirilməsi yönündə müxtəlif məsələlər ətraflı müzakirə olunub.
|
|
02.06.2022 | 16:01 | |
|
|
|