"Şuşa ili”nə həsr olunmuş tədbir keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) ali məktəbin nəzdində fəaliyyət göstərən Sosial və Aqrar-Texnoloji Kolleclə birgə “Şuşa ili”nə həsr olunmuş tədbir keçirilib.

 

Universitetdən bildirilib ki, tədbirə Lənkəran-Astara Regional Təhsil və Regional Mədəniyyət idarələrinin rəsmiləri də qatılıb.


Tədbir iştirakçıları əvvəlcə kollec tələbələrinin “Şuşa ili”nə həsr olunmuş rəsm əsərləri və qurama əl işlərindən ibarət yaradıcı sərgi ilə tanış olublar.


Sonra LDU-nun rektoru, professor Natiq İbrahimov çıxış edərək bildirib ki,

 

Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar ölkəmizdə 2022-ci ilin “Şuşa ili” elan olunması çox mütərəqqi bir addımdır:”Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunmasından sonra bir sıra tədbirlər – “Xarıbülbül” festivalı, “Vaqif Poeziya Günləri”,  Dünya Azərbaycanlılarının V Qurultayı və s. beynəlxalq əhəmiyyətli tədbirlər keçirilib. Biz 28 il yarım həsrətlə Şuşanın azad olunmasını gözləmişik və bu gün artıq azad Şuşanın bayram ovqatlı tədbirinə yığışmışıq”.

 

Rektor  tədbir iştirakçılarına yaxın günlərdə Lənkəran Dövlət Universitetinin professor-müəllim-tələbə heyətinin də Azərbaycanın qədim şəhəri, mədəniyyət paytaxtı Şuşa şəhərinə səfərinin planlaşdırıldığı xəbərini çatdırıb.
 

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov çıxışlarında 44 günlük Vətən müharibəsində qazanılan Zəfəri Azərbaycan tarixinin ən şərəfli səhifəsi kimi dəyərləndiriblər. Tədbirin keçirilməsində əsas məqsədin Qarabağın, o cümlədən, Şuşanın zəngin mədəniyyətinin, tarixinin, təbiətinin tanıdılması, təbliğ edilməsi və yetişməkdə olan gənc nəslə çatdırılması olduğunu deyiblər.

 

Tədbirdə LDU-da keçirilmiş regional fənn olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimi də olub. Qaliblərə diplom, medal və xatirə hədiyyələri təqdim edilib.


Tədbir LDU və sözügedən kollec tələbələrinin ifasında vətənpərvərlik mövzusunda müsabiqə-konsert proqramı ilə davam edib.

 

Tədbirin sonunda rəsm və muğam müsabiqəsinin qalibləri elan olunub.

 



01.06.2022 | 18:31