Alim Həştərxanda keçirilən “Xəzər 2022: Dayanıqlı inkişafın yolları” forumunda ölkəmizi təmsil edib

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Xəzər dənizinin sahillərinin və dibinin  geomorfologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev  Rusiya Federasiyasının Həştərxan şəhərində keçirilən “Xəzər 2022: Dayanıqlı inkişafın yolları”  Beynəlxalq elmi forumunda ölkəmizi təmsil edib.

 

Forumun məqsədi Xəzər makroregionunun innovativ inkişafının əsas prioritetlərini, müasir şəraitdə  elmi təşkilatlar, ali təhsil müəssisələri və biznes cəmiyyətləri arasında qarşılıqlı əlaqələrin  aktual məsələlərini müzakirə etmək, istedadlı gəncləri bu geostrateji regiona cəlb etmək və s. olub.

 

Həştərxan Dövlət Universitetində keçirilən tədbirdə Xəzərətrafı ölkələrin elmlər akademiyalarının rəhbərləri, ali təhsil müəssisələrinin rektorları və biznes cəmiyyətlərinin rəhbərləri iştirak ediblər.  

 

Forumun ilk günü “Xəzər regionunun dayanıqlı inkişafının yeni imkanları və prioritetləri”  plenar sessiyasında  spiker qismində iştirak edən alim Xəzər dənizinin əsas problemləri – su səviyyəsinin dəyişmələri və ekoloji vəziyyəti haqqında danışıb. O, bu problemlərin həllində Xəzərətrafı ölkələrin elmi təşkilatları, ali təhsil müəssisələri və biznes cəmiyyətlərinin birgə əməkdaşlığının mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

 

Ə.Əliyev forumun ikinci günü Xəzərətrafı ölkələrin dövlət universitetləri və elmi-tədqiqat mərkəzləri assosiasiyası çərçivəsində Elm, tədqiqatlar və texnologiyalar komissiyasının iclasında çıxış edib. O, həm də “Xəzər və qlobal çağırışlar” Beynəlxalq elmi-praktiki konfransında “Xəzər dənizinin səviyyə tərəddüdləri və onların Azərbaycan Respublikasının sahil ərazilərində təzahürləri” mövzusunda elmi məruzəsini təqdim edib.

 

Forumun üçüncü günü Həştərxan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsinə dəvət alan Ə.Əliyev müəllim-tələbə heyəti qarşısında “Xəzər dənizinin müasir dövrdə əsas problemləri” mövzusunda öz fikirlərini bölüşüb.

 

 



01.06.2022 | 17:10