“Qarabağın və Şərqi Zəngəzurun alban abidələri” kitabının təqdimatı

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Qarabağın və Şərqi Zəngəzurun alban abidələri” adlı kitabın təqdimatı olub.

 

UNEC Multikulturalizm Tədqiqat Mərkəzinin rəhbəri, professor Məhəbbət Paşayevanın müəllifi olduğu kitabın təqdimat mərasimində əvvəlcə multikulturalizmlə bağlı kitab və eksponatlardan ibarət sərgi, eləcə də alban abidələrinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

Sonra çıxış edən rektor, professor Ədalət Muradov təqdim olunan kitab barədə tədbir iştirakçılarına məlumat verib. O, alban abidələrindən bəhs edən elmi kataloqda ölkəmizin tarixi, Qarabağ və Şərqi Zəngəzurun alban abidələrinin keçmişi və bu günkü vəziyyəti, eləcə də onların falsifikasiya edilməsi faktlarının əks olunduğunu bildirib. Professor ölkəmizin ərazisindəki 200-dən artıq alban abidəsindən bəhs edən kitabın, alban mədəniyyətinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsində mühüm rol oynayacağını diqqətə çatdırıb.

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov ermənilərin qədim alban abidələrimizlə bağlı məlumatları saxtalaşdırmağa çalışdıqlarına diqqət çəkərək, Azərbaycanın qədim Qafqaz Albaniyasına aid mədəni-tarixi irsinin öyrənilməsi, həqiqətlərin bütün dünyaya çatdırılması baxımından kitabın nəşr olunmasını uğurlu layihə kimi dəyərləndirib. R.Həsənov bu cür layihələrin davamlı olacağını, Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən kitabın müxtəlif dillərdə çap edilərək, geniş ictimaiyyətə təqdim olunacağını deyib.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran, millət vəkillərindən Ceyhun Məmmədov, akademik Nizami Cəfərov, professor Anar İskəndərov, AMEA Tarix İnstitutunun direktoru, professor Kərim Şükürov, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyasının katibi Aleksey Nikonorov, Alban Udi xristian icmasının sədri Robert Mobili, UNESCO Türkiyə Milli Komisyonu Başkanı Pr.Dr. Ocal Oğuz çıxış edərək, Qarabağın və Şərqi Zəngəzurun alban abidələrinin tarixinin tədqiq edilməsini yüksək qiymətləndirərək, aparılan tədqiqatların əhəmiyyətindən danışıblar.

 

Kitabın müəllifi, professor Məhəbbət Paşayeva Qarabağ və Şərqi Zəngəzurun alban abidələrindən bəhs edən elmi kataloqdan tədqiqatçıların, tələbələrin, eləcə də Qafqaz Albaniyasının tarixi ilə maraqlanan hər kəsin bəhrələnə biləcəyini vurğulayıb.

 

Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin əməkdaşı Röya Sultanova tərəfindən hazırlanmış əl işləri və UNEC Multikulturalizm Tədqiqat Mərkəzinin tədqiqatçısı, Dizayn kafedrasının müəllimi Aynur Rzayeva tərəfindən sərgilənən rəsm əsərləri tədbirdə böyük maraqla qarşılanıb və A.Rzayevanın müəllifi olduğu "Xudavəng Monastrı" rəsm əsəri Alban Udi xristian icmasına hədiyyə edilib.

 

Hibrid formada təşkil olunan tədbirə yerli iştirakçılarla yanaşı, Türkiyə, Kanada, Almaniya, Rusiya, Niderland, İngiltərə və s. xarici ölkələrdən qonaqlar da qatılıb.

 



01.06.2022 | 16:40