Universitet əməkdaşları Almaniyanın Nürenberq şəhərində səfərdədir | |
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) “Müsəlman Dünyası ilə Ali Təhsil Dialoqu” proqramı çərçivəsində Almaniyanın Nürenberq şəhərində yerləşən Fridrix Aleksandr Universiteti (FAU) ilə əməkdaşlıq edir.
DAAD tərəfindən maliyyələşdirilən layihə Almaniya (FAU), Qazaxıstan (KazNPU) və Azərbaycan (ADPU) arasında elmi dialoq xarakteri daşıyır. Sözügedən layihənin ilkin mərhələsində ADPU-dan 2 fəlsəfə doktoru, 2 doktorant və 1 məzun keçirilən görüşlərdə iştirak edib. Layihənin ikinci ilində fəaliyyətlərə start verilib.
Cari ildə isə ADPU 1 inzibati, 3 akademik, 3 tələbə olmaqla, 7 nəfərlə təmsil edilir. Təmsilçilər beynəlxalq təhsil mövzusunda keçirilən seminarlarda iştirak edib və təqdimatlar hazırlayaraq 3 ölkənin nümayəndələri ilə müzakirələr aparıblar.
Nürenberqdə yerləşən Sigmund-Schuckert gimnaziyasını ziyarət edən layihə üzvləri gimnaziya ilə tanış olduqdan sonra alman təhsil sistemi ilə bağlı müzakirələrə qatılıb. Səfər zamanı təmsilçilər ADPU-nun FAU-da magistr səviyyəsi üzrə təhsil alan tələbəsi Həyat Nəsirova ilə görüşərək müxtəlif mövzularda fikir mübadiləsi aparıb.
Layihə çərçivəsində bir həftə davam edən Nürenberq səfərində ADPU Xarici Dillər Mərkəzinin müdiri, dosent Ülviyyə Hacıyeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, mərkəzin müəllimləri Mirvari Qasımova, Jalə Səmədova, Təhsilin təşkili və idarə olunması ixtisasının magistrantları Gülnar Mirhüseynova və Solmaz İbadova, filologiya fakültəsinin ingilis dili müəllimliyi ixtisasının tələbəsi Nəzakət Əliyarova ilə təmsil olunub.
Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova sözügedən layihə çərçivəsində “Mübadilə proqramları beynəlmiləlləşmə vasitəsi kimi” mövzusunda 1 ay FAU-da tədqiqat aparacaq.
|
|
31.05.2022 | 17:16 | |
|
|
|