Tələbələr Lənkəran, Quba və Şamaxıda çöl-tədris təcrübəsində

Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsinin IV kurs tələbələri Lənkəran, Quba və Şamaxıda çöl-tədris təcrübəsində olublar.

 

Lənkərandakı Qızılağac Dövlət Qoruğunda, Hirkan Milli Parkında, Şamaxı rayonunda, BDU-nun Qubadakı Tədris-təcrübə və istirahət Mərkəzində keçirilən təcrübə müddətində onurğalı və onurğasız heyvanlara aid müşahidələr aparılıb, ərazinin bitki və növ müxtəlifliyi barədə tələbələrə ətraflı məlumat verilib.

 

Lənkəranda çöl təcrübəsi prosesində tələbələr Qızılağac və Hirkan Milli parklarının flora, fauna növləri ilə yaxından tanış olub, son illər antropogen təsirlərin artması nəticəsində biosistemdə baş verən dəyişikliklər haqqında məlumat alıb, herbari hazırlamaq üçün materiallar toplayıblar.

 

Quba rayonu ərazisində dağ-meşə, meşə, çəmən və Qaraçay hövzəsinə aid müxtəlif ekosistemlərdə yayılmış onurğalı və onurğasız heyvanların, eləcə də bitkilərin biomüxtəlifliyi öyrənilib. Marşrut üsulu ilə Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən Çənlibel dağı istiqamətində, eləcə də Qaraçay hövzəsi boyunca müşahidələr aparılıb, ərazi üçün xarakterik olan onurğalı və onurğasız heyvanlara, bitkilərə aid nümunələr toplanılıb.

 

Şamaxı rayonunda isə N.Tusi adına Rəsədxananın ərazisində və ətrafında, Şamaxı-Dəmirçi-Lahıc yolu istiqamətində bitkilər müşahidə edilib, müxtəlif nümunələr toplanılıb, onurğalı və onurğasız heyvanlar tədqiq edilib.     

 



31.05.2022 | 15:28