Mariya Montessori: böyük pedaqoqun həyat salnaməsi | |
Mariya Montessorinin taleyi artıq onun doğulduğu andan müəyyən edilmişdi. O, İtaliyanın Kyaraval şəhərində, 31 avqust 1870-ci ildə, qədim köklərə malik zadəgan ailəsində dünyaya gəlmişdi. Mariyanın nüfuzlu və zəngin olan atası tanınmış Montessorilər nəslindən və Böyük Xaç Kavaleri Ordeninə malik idi ki, bu da ona bir çox imtiyazlar verirdi. Ana da kübar ailəyə mənsub idi, İtaliyada tanınmış Stoppani nəslinin nümayəndəsi hesab olunurdu.
Ana xətti üzrə dayısı Antonio Stoppani onların arasında xüsusilə məşhur idi. O, görkəmli ilahiyyatçı alim idi. Tədqiqatçıların fikrincə, onun bəzi ideyaları Mariya tərəfindən bəyənilmiş və sonralar pedaqoji fəaliyyəti dövründə həyata keçirilmişdi. Mariyanın anası liberalizmin hökm sürdüyü bir ailədə böyümüşdü və yaşa dolduqdan sonra kəskin fikirli feminist oldu. O, Mariyanı da liberalizm və feminizm ruhunda tərbiyə etmişdi.
Məktəb illəri
Mariya bilikləri çox asan mənimsəyirdi. Bu, qız məktəbə daxil olan kimi aydın oldu. Riyaziyyat onun üçün xüsusilə maraqlı idi. Mariyanın 12 yaşı tamam olanda gimnaziyaya daxil olmaq üçün xəyallar qurmağa başladı, lakin o dövrdə italyan cəmiyyətində qadının təhsilli olması o qədər də dəstəklənmirdi və bütün ali təhsil müəssisələri kişilər üçün nəzərdə tutulurdu. Amma Mariyanın öz sözünün üstündə durması, möhkəm xasiyyəti və valideynlərin nüfuzu öz işini gördü: qızı oğlanlar gimnaziyasına qəbul etdilər. Burada təbiət elmlərinə aludə olan Mariya qəti qərara gəldi ki, onun həyatda yolu müəyyən olunub - o, mütləq həkim olacaq!
Montessorinin pedaqoji ideyaları
Mariya Montessori inadla xəyallarına doğru gedirdi: o, Roma Universitetinin tibb fakültəsinə daxil oldu. Bu, ictimaiyyət arasında şok yaratdı: o vaxtlar nə pedaqoqların, nə tələbələrin arasında qadın cinsinin nümayəndələrinin olması mümkün deyildi! Mariya məşğələlərə yalnız öz atasının müşayiəti ilə gələ bilərdi. Nəhayət, Mariya 25 yaşında diplom aldı və İtaliyada ilk həkim-qadınlardan biri oldu. Hələ universitet illərində təcrübələr zamanı Mariya həvəslə əsəb sistemi xəstəliklərini və əqli gerilik problemlərini öyrənməklə məşğul olurdu. İlk dəfə bu dövrdə M.Montessorinin müalicə müəssisəsində fiziki və əqli imkanları məhdud olan azyaşlı pasiyentlərlə görüşü oldu. Bu uşaqların primitiv mövcudluğu onu sarsıtdı, çünki heç bir şey onları səmərəli fəaliyyətə sövq etmirdi.
Yeməkdən sonra uşaqlar sadəcə döşəmədə sürünərək hərəkət edirdilər və çörəyin qırıntılarını yığır, onlardan sadə fiqurlar düzəltməyə çalışırdılar. Belə şəraitin özü heç də hər hansı bir inkişafa imkan yaratmırdı. Beləliklə, Mariya onun pedaqoji-metodik ideyasının əsası olmuş belə bir fikrə gəldi ki, uşaqlar üçün (yalnız xəstə deyil, həm də sağlam uşaqlar üçün) onların yaşına və psixi vəziyyətinə uyğunlaşdırılmış xüsusi inkişafetdirici mühit yaratmaq lazımdır ki, burada bəşəriyyətin ən əhəmiyyətli nailiyyətlərinin etalonları vasitəsilə uşaqlara göstərilmiş bu dünya haqqında bütün biliklər asan və əlçatan formada toplanacaq və onlar erkən yaşda bəşəriyyətin sivilizasiyaya doğru yolunu qət edə biləcəklər.
Pedaqoji fəaliyyəti
O dövrün elm xadimlərinin psixologiya və pedaqogika sahəsində əsərlərini öyrənərək, əqli gerilik problemli uşaqların təlim və həyata uyğunlaşma problemlərinə dərindən nüfuz edərək M.Montessori belə bir nəticəyə gəldi: əqli gerilik - ilk növbədə, pedaqogikanın problemidir, tibb elminin yox. Bu problemi xəstəxanalarda yox, təhsil müəssisələrində həll etmək lazımdır. Bunu sübut etmək üçün M.Montessori 1889-cu ildə Turin konfransında məruzə ilə müvəffəqiyyətlə çıxış etdi.
Onun tezisləri dinləyicilərdə olduqca güclü təəssürat yaratdı. Tezliklə Roma Universitetinin əsasında Ortofreniya kafedrası açıldı və bu kafedraya M.Montessori başçılıq etdi. M.Montessori bu kafedrada öz məşhur metodunu işləyib hazırladı. Nəticələri elan etmək vaxtı gələndə, müstəqil imtahan götürənlərin qarşısında maraqlı bir mənzərə meydana gəldi: Montessorinın qəyyumluğu altında olan uşaqlar yazı, hesablama və oxu bacarıqlarında adi uşaqları qabaqlayırdılar. Bu fakt Mariyanı dəhşətə gətirdi: aydın oldu ki, ənənəvi məktəbdə uşaqların təlimi nə qədər zəfi effektli qurulurmuş.
XIX əsrin 90-cı illərində İtaliya Qadınlar Liqası Romada əqli çatışmazlıqları olan uşaqlar üçün korreksiyaedici məktəb açmaq haqqında qərar qəbul etdi və şübhəsiz ki, məhz Mariya Montessori həmin məktəbə direktor təyin olundu. Bu, o dövr üçün eşidilməmiş, görünməmiş bir iş idi: oliqofren uşaqları oxutmaq! Əvvəllər belə uşaqlarla heç kim məşğul olmurdu, onları inkişaf etdirmirdilər, oxutmurdular.
Başlanğıc üçün Mariya Montessori şagirdləri maksimal dərəcədə komfortlu öyrədici mühitlə təmin etdi ki, bunu o dövrün pedaqogikasında inqilabi dəyişiklik hesab etmək olardı. Axı hətta normal uşaqlar üçün olan məktəblərdə də zülmət mənzərəsi idi və zorakılıq (cəza, xüsusən çubuq cəzası və s.) tətbiq edilirdi. M.Montessorinın məktəbində zorakılıq qadağan idi. Otaqların mebellə təminatı və tərtibatı isə uşaqların boyuna, fiziki və yaş xüsusiyyətlərinə uyğun olaraq seçilirdi.
Təhsilalanların fiziki inkişafına üstünlük verilirdi: tibbi müayinələr, təmiz, açıq havada məşğələlər, gimnastika - bütün bunlar məktəbdə adi bir şey oldu. Linqvistika üzrə tapşırıqlar, sensor bacarıqlarının inkişafı, uşaqlara mədəni-gigiyenik planda bacarıqların aşılanması və Mariyanın məqsədyönlü fəaliyyəti öz təsirli nəticələrini göstərdi.
Montessori metodu
Montessori metodunun mahiyyəti belə idi: hər bir uşaq özlüyündə qiymətlidir və məhz onun fərdiliyi öyrənmə prosesində hər şeydən yüksəkdə tutulur. Bu halda həm cəza, həm də rəğbətləndirmə zərərlidir: uşaqlar şəxsi motivasiyanı rəhbər tutaraq, bundan sevinc alaraq oxumalıdırlar.
Montessorinin tərbiyə metodu da maraqlı idi: uşaqlar yerinə yetirdikləri hər hansı bir işin (əməlin) nəticəsini sizə göstərdikdə, sizdən reaksiya gözlədikdə, “Sən dahisən”, “Bunu heç kim edə bilməzdi ki, sən etdin”, “Afərin, səndən yoxdur” deməklə onun şəxsiyyətinə əsassız təriflər yağdırmış olursunuz. Bu isə narsissizmə və ya eqoizmə gətirib çıxara bilər. Məlumdur ki, hər zaman hər hansı bir iş (əməl) gözlənildiyi kimi, uğurlu alınmayacaq. Bu isə uşaqlarda ruh düşkünlüyü və özünəinamın azalması deməkdir. Bunun yerinə “Bu gördüyün iş növbəti uğurun başlanğıcıdır”, “Bu hərəkətin məni sevindirdi”, “Budəfəki rəsmin çox gözəl alınıb, bir az da çalışsan daha real görünəcək”, “Bu tapşırığı belə tez həll etməyin sənin üçün uğurdur” kimi ifadələrlə uşağı rəğbətləndirməyi tövsiyə edirdi.
Montessorinin fikrincə, gündəlik həyatdan götürülən praktik məşğələlərlə uşaqların müstəqilliyini inkişaf etdirmək, möhkəmləndirmək lazımdır. Uşaq bağçası uşaqlara, ilk növbədə, sərbəst geyinməyi, yuyunmağı, elementar məişət bacarıqlarını öyrədir. Bu zaman uşaqlar nə ilə, nə qədər və necə oynamağı özləri seçirlər. Onun bu yanaşması Jan Jak Russonun azad tərbiyə ideyasından qaynaqlanırdı.
Mariya Montessorinin nəzəriyyəsinə görə, hər bir uşağın inkişafı 4 mərhələyə bölünür:
Məhz birinci mərhələdə uşağın qabiliyyətləri formalaşdırılır, həm də körpə artıq müəyyən keyfiyyətlərlə doğulur və onları dəyişdirmək mümkün deyil. O, özü özünü tərbiyə edəcək. Doğuluşdan hər bir uşaq hər şeyi təbii yolla yoxlamağa, iyləməyə, dadmağa və toxunmağa, bütün duyğu orqanları ilə dərk etməyə can atır. Montessori hesab edirdi ki, intellekt hiss orqanları vasitəsilə inkişaf edir.
Montessori metodu üzrə aparılan məşğələlər xüsusi olaraq təşkil edilmiş mühitdə keçilməlidir və məşğələlər üçün seçilmiş məkanın zonalara bölünməsi tələb olunur. Bu zonalardan hər birində didaktik vəsaitlər yerləşdirilir:
5. Kosmik zonada uşaqlar dünyanın quruluşu, hava və təbiət hadisələri, mədəniyyət və müxtəlif xalqların ənənələri haqqında ilkin məlumatlar alırlar və s.
Bununla belə, uşaqlar birlikdə məşğul olurdular: həm kiçiklər, həm də böyüklər. Qayğıkeşlik və qarşılıqlı yardım bacarıqları belə şəraitdə formalaşdırılırdı. Pedaqoqun rolu isə müşahidəçi idi. O, uşaqları heç bir şeyə məcbur etmir, yalnız əgər uşaq özü öhdəsindən gələ bilmirsə, bir az kömək edirdi. Lakin Montessori uşaq müəssisələrində hər şeyə tam icazə verilməsindən, hərc-mərclikdən və qarışıqlıqdan söhbət də gedə bilməzdi:
Təcrübə göstərdi ki, Montessori metodu üzrə tərbiyə edilmiş psixi pozulmaları olan uşaqlar necə sərbəst, müstəqil və olduqca özünəinamlı olur, özlərinə xidmət və əsas məişət problemlərini həll edə bilirdilər. Bundan başqa, Montessorinin metodu ilə tərbiyə olunan uşaqlar şəxsi rəyə malik idilər və onu müdafiə edə bilirdilər. Başqa sözlərlə, hansı uşaqlar ki, onların “üstündən xətt çəkilmişdi”, cəmiyyətin tamhüquqlu üzvü olur, həyata tamamilə uyğunlaşırdılar.
Mariya Montessori metodunun universallığı ondadır ki, o, həm ev şəraitində tamamilə sağlam uşaqların inkişafı üçün və həm də əsas təhsil sisteminə əlavə kimi tətbiq edilə bilərdi.
Məşhurluq
Getdikcə məşhurlaşan Montessori metodu sürətli templərlə İtaliya təhsil sistemində kök salmağa başladı. Bütün ölkə üzrə Montessori pedaqoji kursları açılırdı.
M.Montessorinin şöhrəti xarici ölkələrə də yayıldı və italyan novator- pedaqoqunun yanına Avropa ölkələrindən, ABŞ-dan və Rusiyadan elm xadimləri və müəllimlər gəlməyə başladılar. Beləliklə, məşhur Yuliya Fausek də İtaliyada olduqdan sonra Rusiyada məşhur metod üzrə ilk uşaq bağçasını yaratdı.
Tezliklə belə məktəblər hər yerdə açılmağa başladı. Mariya Montessori mühazirələrlə bütün dünyanı gəzib dolandı. Mariyaya dəstək olaraq hakimiyyət nümayəndələri çıxış edirdilər. 1922-ci ildə İtaliya hökuməti onu dövlət məktəb müfəttişi təyin edir, Montessori İspaniyaya, sonra İngiltərəyə dəvət olunur. 1929-cu ildə Montessorinin oğlu Mario ilə birlikdə Amsterdamda bu günə qədər fəaliyyət göstərən Beynəlxalq Montessori Birliyini (AMI) təşkil edir. Beləliklə, onun nüfuzu Avropa akademik dairələrində daha da artmağa başlayır.
Elit təbəqənin dəstəyi ilə Montessori öz nəzəriyyəsini bütün dünyaya yaydı, kitablar yazmağa, mükafatlar almağa başladı. 1949-cu ildən 1951-ci ilə qədər onu üç dəfə Nobel mükafatına təqdim etdilər, lakin bu, nəticəsiz qaldı.
Hətta II Dünya müharibəsi də Montessorinin şöhrətinin yayılmasına mane olmadı. İtaliyada faşizm hökm sürəndə də hakimiyyət novator-pedaqoqa dəstək göstərirdi. Mussolininin özü Montessori proqramının məktəblərə tətbiqinə və onun təşkil olunmasının maliyyələşdirilməsinə göstəriş verdi.
Lakin 30-cu illərdə, Cuzeppe Lombardo Radiçe təhsil naziri təyin ediləndə Montessori idilliyası bitdi: onun məktəbləri kütləvi surətdə bağlanmağa başladı, Mariyanın özünü isə hətta plagiatda ittiham etdilər: guya onun ideyaları o dövrün kifayət qədər məşhur pedaqoqları olan Aqassi bacılarından oğurlanmışdı.
Bununla Mariyanın beynəlxalq səfərlərinin maliyyələşdirilməsi də dayandırıldı. Bu isə M.Montessorinin çox öyrəşdiyi məşhurluğunun aşağı düşməsi idi. Sonra o, öz qonaqpərvər qapılarını onun üzünə açan Niderlanda köçür və orada öz fəaliyyətini davam etdirir. Mariya Montessori 82 yaşı tamam olmadan dünyasını dəyişdi və Nordviq şəhərciyinin katolik qəbiristanlığında dəfn olundu.
Montessori metodunu bir çox müasir pedaqoqlar olduqca qiymətli hesab edirlər, lakin bəzi məqamlar əhəmiyyətli dərəcədə tənqidə məruz qalır. Bu, məsələn, yaradıcı başlanğıcın inkişaf etdirilməməsi, süjetli-rollu oyunlardan tamamilə imtina edilməsi, uşağın fiziki fəallığının məhdudlaşdırılması və s. kimi problemlərdir.
Lakin tərbiyə sisteminə Montessorinin verdiyi töhfələri inkar etmək mümkün deyil. Bu gün Montessori pedaqogikası haqqında elit pedaqogika kimi danışırlar. Böyük Britaniya şahzadəsi Harri də Montessori pedaqogikası əsasında təlim almışdır.
Mariya Montessori YUNESKO tərəfindən pedaqoji təfəkkür üsulunu müəyyən etmiş pedaqoq kimi tanınmışdır. Müqayisə üçün qeyd edək ki, YUNESKO mövcudluğunun bütün tarixi ərzində Montessoridən başqa daha üç pedaqoqu buna layiq görmüşdür. Bunlar - amerikalı pedaqoq Con Dyui, alman pedaqoq Georq Kerşenşteyner və sovet pedaqoqu Anton Semyonoviç Makarenkodur.
Nurlan MƏMMƏDOV, Bakı Slavyan Universitetinin Pedaqogika və psixologiya kafedrasının müəllimi
|
|
30.05.2022 | 11:13 | |
|
|
|