“Müasir Naxçıvan rənglərin işığında” adlı rəsm sərgisi

Naxçıvan Müəllimlər İnstitutunda Təsviri incəsənət müəllimliyi ixtisasının III kurs tələbələrinin Naxçıvanın müasir şəhər mənzərələrinə həsr edilmiş rəsm sərgisi təşkil olunub.

 

İnstitutun rektoru Azad Novruzov qeyd edib ki, müasir dövrdə iqtisadi sahədə xeyli nailiyyətlər əldə olunub, muxtar respublikada çoxsaylı inzibati binalar, sosial obyektlər tikilib, yüksək səviyyədə quruculuq və abadlıq işləri görülüb. Rektor bildirib ki, Təsviri incəsənət müəllimliyi ixtisası üzrə təhsil alan tələbələr müasir Naxçıvanın görünüşünü çəkdikləri rəsm əsərlərində əks etdirməklə yanaşı, onları qorumalı və gələcək nəsillərə ötürməlidir.

 

A.Novruzov vurğulayıb ki, muxtar respublikada və Naxçıvan Müəllimlər İnstitutunda mütəmadi olaraq sərgilərin keçirilməsi, tələbələrin yaradıcılıq fəaliyyətlərinin işıqlandırılması bu ixtisasda və digər ixtisaslarda təhsil alan istedadlı tələbələrin qarşısında mühüm vəzifə qoyur və onlara daha həvəslə çalışmaları üçün stimul olur:”Tələbələrimiz çalışmalıdır ki, onlar üçün yaradılmış bu şəraitdən yüksək səviyyədə istifadə etsin və üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirsinlər”.

 

İnstitutun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Həbibə Allahverdiyeva çıxış edərək bildirib ki, yüksək zövqlə, peşəkarlıqla, Şərq və Qərb memarlıq elementlərindən ustalıqla və yerli-yerində istifadə etməklə tikilən binalar, təmir olunan və yenidən qurulan inzibati, sosial obyektlər,  yaradılan səliqə-sahman böyük quruculuq və abadlıq işlərinin yüksək səviyyədə görüldüyünü təsdiq edir. Prorektorun sözlərinə görə, belə müasir, gözəl görüntülər Təsviri incəsənət müəllimliyi ixtisasının tələbələrinin marağına səbəb olub, onlar şahidi olduqları bu yenilikləri, gözəllikləri öz əsərlərində yüksək səviyyədə əks etdiriblər.

 

Sonra sərgiyə baxış keçirilib. Sərgidə mənzərə janrının bir növü olan şəhər mənzərələri üslubunda kompozisiya quruluşu, rəng koloriti, perspektiva kimi ifadə vasitələrinə əməl olunan bir-birindən gözəl 18 əsər nümayiş etdirilib.

 



29.05.2022 | 15:01