İngilis dili müəllimlərinin peşəkar inkişafına yönəlmiş təlimlər başladı

Dövlət İmtahan Mərkəzində (DİM) yerli müəllimlər üçün “TOEFL iBT Propell” təlimlərinə start verilib. Təlimləri “ETS Global” təşkilatının nümayəndələri keçir.

 

DİM-dən “Azərbaycan müəllimi” qəzetinə verilən məlumata görə, ingilis dili müəllimlərinin peşəkar inkişafına yönəlmiş iki “TOEFL iBT Propell” təlimin keçirilməsi nəzərdə tutulub.

 

Dövlət İmtahan Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində ABŞ-ın “Educational Testing Service Global” (ETS Global - Təhsilin Qiymətləndirilməsi üzrə Qlobal Xidmət) təşkilatının nümayəndələrinin Bakıya avqustun 27-dən başlanan səfəri davam edir. Ayın 31-dək nəzərdə tutulan səfər çərçivəsində “ETS Global” təşkilatının nümayəndələri tərəfindən ingilis dili müəllimlərinin peşəkar inkişafına yönəlmiş iki “TOEFL iBT Propell” təlimin keçirilməsi nəzərdə tutulub.

 

Avqustun 29-da DİM-in inzibati binasında keçirilən ilk təlimə Dövlət İmtahan Mərkəzinin ekspert qrupu və TOEFL iBT imtahanlarına hazırlıq həyata keçirən və bu imtahanlara hazırlığın tədrisində maraqlı olan 30-a yaxın müəllim cəlb olunub. Həm məlumatlandırıcı, həm də təcrübi-məşğələlər xarakteri daşıyan təlimdə TOEFL iBT imtahanınının qiymətləndirmə meyarları, tədris zamanı bacarıqların inkişafına istiqamətləndirilmiş xüsusi metodoloji vasitələrin istifadəsi iştirakçıların nəzərinə çatdırılır. Təlimdə, eyni zamanda iştirakçılara TOEFL iBT imtahanında ölçülən hər bir bacarıq (yazı, danışıq, oxu və dinləmə) üçün tərtib olunmuş xüsusi tapşırıqlar verilir.

 

İnteraktiv keçən təlimdə müzkirələr zamanı TOEFL iBT imtahanının formatında digər dillərdə, xüsusilə Azərbaycan dilində beynəlxaq səviyyəli imtahanın təşkilinin mümkünlüyü də qeyd edilib.

 

Xatırladaq ki, səfər proqramına uyğun olaraq eyni məzmunlu digər təlim avqustun 31-də ADA Universitetində keçiriləcək.

 



29.08.2018 | 14:42