“Dünyanın hər yerini gəzdim, lakin gedə bilmədiyim yer yalnız Ağdam idi” | |
Ağdam 6 saylı məktəbin məzunlarıyıq biz... 42 ildən sonra ilk görüşümüz keçən il oldu və bu il yenidən bir araya gəldik. Əslində arzumuz məkanın Ağdam olması idi. Fəqət gedə bilmədiyimiz yalnız doğulduğumuz yerdir. Təbii ki, erməni vəhşiliyi ucbatından. Dağıdılmış, hər qarışına mina basdırılmış yurda necə ayaq qoyasan?! Amma hələlik belədir. Ağdam minalardan təmizlənir, tikilir, canlanır, öz sakinlərini qarşılaması çox da uzaq deyil!..
...Xatirələrimiz isə əlçatandır. Ağdam xatirələri... İnsan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Yaşamış olduğun elə anlar var ki, illər keçsə də, onlardan qopa bilmirsən– uşaqlıq və gənclik illəri...gördüyümüz müharibənin acıları. Şəhid tabutları...
23 iyul 1993-cü ildə Ağdam erməni qəsbkarları tərəfindən işğal ediləndə, biz bir-birimizdən aralı düşdük. Məcburi köçkünlük həyatı bizləri uzaq saldı. Bəziləri ümumiyyətlə, xarici ölkələrə getdi-işi üçün, yaşamaq üçün, karyerası üçün.
Təbii ki, 42 ildən sonrakı ilk görüşümüz daha həyacanlı idi və bu görüş əlaqələrimizi daha yaxın etdi. Təkrar bir arada olduq. Yarımçıq qalan xatirələrimizi bölüşmək üçün. Ağdamdan doya-doya danışmaq üçün. Şəhər dağıdılmış ola bilər, xatirələrimiz isə canlıdır, bütövdür: müəllimlər yadımızda, məktəbin divarları hafizəmizdə dünən gördüyümüz kimidir!
Tədbirimizi məzunlardan biri, iş adamı kimi tanınan Dəmir Abdullayev açdı. İlk sözü Ağdam oldu: - Ağdamı ancaq xəyallarımda, yuxularımda görürdüm. 44 günlük müharibədə qələbəmiz, zəfərimiz bizə o qədər qürur verdi ki, daha kiminsə gözlərinə baxanda utanmıram. İnşallah Ağdamda evlər, parklar, binalar, məktəblər yenidən inşa ediləcək. Tezliklə hamımız bu torpağa qayıdacağıq, yeni nəslin uşaqlarının gülüşü məktəblərimizi bəzəyəcək.
Kövrəltdi bizi bu kəlmələr. Hərə öz xatirəsini danışmağa başladı. Azərbaycanda qonaq olan ABŞ-ın Delaver ştatında yaşayan sinif yoldaşımız, “The Great House” adlı memarlıq, inşaat və dizayn şirkətinin təsisçisi və rəhbəri Yavər Rzayev gördüyü işləri anlatdı. Belə uca zirvəyə qalxmağının əsas səbəbini adının 1980-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə xaricdə təhsil alan gənclərin sırasına düşməsi ilə izahladı:
- 6 il Meksikada oldum, 2001-ci ildən isə ABŞ-da yaşayıram. Ölkə mədəniyyəti, incəsənəti və tarixinin təbliği istiqamətində mühüm işlər gördüm və əsərlərimdə maraqlı ifadə vasitələrindən istifadə edərək Azərbaycanın, o cümlədən ölkəmizin dilbər guşələrindən biri olan Ağdamın gəzməli-görməli yerlərini öz fırçamla əks etdirməyə çalışdım. 2010-cu ildə ABŞ-da “Qarabağ” mövzusunda “Könlüm keçir Qarabağdan” adlı sərgimi açdım. Dünyanın hər yerini gəzdim, lakin planetdə gedə bilmədiyim yer yalnız Ağdam idi. Şükürlər olsun ki, vətənimizə, torpağımıza qovuşduq. Bütün dünya 44 günlük müharibəni izləyirdi. Gecə səhərə kimi yatmırdım. Ölkəmizdə gedən müharibə ilə maraqlanırdım. Amerikada eşidəndə ki, torpaqlarımız erməni qəsbkarlarından bir-bir geri alınır, o cümlədən də Ağdam azad olundu, uşaq kimi atılıb-düşürdüm. Torpaq həsrəti ilə həyatdan köçən valideynlərim, I Qarabağ savaşında şəhid olan qardaşım Müşfiq gözümün önünə gəldi. Dedim, kaş onlar da bu günü görəydilər...
Sonra söz ingilis dili müəlllimi Şəhla Ağayevada idi: - Ağdamın Qaradağlı (Evoğlu) kəndində ailə qurmuşdum. Yoldaşımın iş yeri Ağcabədinin Şərəfxanlı kəndində olduğu üçün tez-tez Evoğluya qaynatamgilə gəlirdik. Ordan baxanda uzaqdan Ağdam görsənirdi. Daş üstündə daş qalmamışdı. Erməni vəhşiləri hər şeyi məhv etmişdi. Dayanırdım saatlarla Ağdama baxırdım. Məni kədər hissi bürüyürdü, havam çatmırdı. İnanırdım ki, bir zaman gələcək qaçqın düşən körpələr böyüyəcək, ermənilərdən qisaslarını alacaq, ata-baba yurduna – doğulduğumuz yerə qayıdacağıq. Həmişə arzum bu idi ki, oxuduğum 6 saylı məktəbdə ingilis dilini tədris edim. Ağdam yenidən dirçələcək, həmin məktəblərdə nəvələrimiz oxuyacaq.
Məştağa qəsəbəsində uşaq həkimi kimi fəaliyyət göstərən Kəmalə Əkbərovanın da hissləri gözəl idi:
- Sevincimin həddi-hüdudu yoxdur. Biləndə ki, yenidən görüşəcəyik, səhərə kimi yatmadım. Elə bildim, əlimə çanta alıb məktəbə gedəcəm. Evdə uşaqlarım da sevinirdi. Sinif yoldaşlarımı görəndə özümü Ağdamda hiss etdim. Eyni üz, eyni simalar. Baxmayaraq ki, saç-saqqal ağarıb, hamının gözləri, baxışları uşaqlığımızı xatırladır.
Azər, Cabir, Nəbi, Kərəm, Elxan, Kamil, Fəxrəddin, İlham, Məxmər, Minayə, Aybəniz, İradə, Tərlan, Lətafət, Lətifə, şəhid ailəsi Səidə xanım, Ədibə, Aygün, Nuridə və bu sətirlərin müəllifi olan mən 43 il keçməsinə baxmayaraq, Ağdamda keçən uşaqlıq illərimizi, oxuduğumuz məktəbi, dərs aldığımız müəllimlərimizi sanki hər şey dünən olubmuş kimi aydın xatırladıq. Görüşlərimizin davamının Ağdamda olması arzu ilə ayrıldıq.
Ağdamdakı gələcək görüşlərimizin xəyalları şirin və artıq indidən həyacanlıdır...
Zöhrə MƏMMƏDOVA, Ağdam 6 saylı məktəbin məzunu
|
|
28.05.2022 | 11:08 | |
|
|
|