Rektor festivalda iştirak edən BMU komandalarının stendləri ilə tanış olub

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Havar Məmmədov “TEKNOFEST Azərbaycan” festivalında ali təhsil ocağını təmsil edən komandaların stendləri ilə tanış olub.

 

BMU-nun 7 tələbə komandası öz innovativ layihələri ilə dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan "TEKNOFEST - 2022" Aerokosmik və Texnologiya Festivalında iştirak edir. “TEKNOFEST” Festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir. Türkiyədən kənarda ilk “TEKNOFEST” mayın 26-29-da Azərbaycanda, Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı Bulvar ərazisində təşkil olunub.

 

Festivala BMU-nun "TexnoMex", "RED", "İ.Asimov", "BÖRÜ", "Curiosity", "CabEx", “Iradus Eko” komandaları öz innovativ layihələri ilə qatılıb və maraqlı təqdimatları ilə bir çox ziyarətçilərin, tanınmış şirkətlərin diqqətini cəlb edib.

 

Rektor BMU komandalarının təmsil olunduğu stendlərlə tanışlıq zamanı tələbələrlə söhbət edib və onlara müsabiqənin finalında uğurlar arzulayıb. Festival çərçivəsində keçirilən yarışların (pilotsuz uçuş aparatları, robotexnika, peyk modelləşdirilməsi və digər sahələr üzrə) gənclərə öz bacarıqlarını göstərməyə imkan verdiyini önə çəkən rektor bütün bunların gənclərimizin inkişafında önəmli rol oynayacağını vurğulayıb. 

 

Məlumat üçün bildirək ki, festivalın son günü qalib komandalar müxtəlif hədiyyələrlə qiymətləndiriləcək və cari ildə Türkiyədə “TEKNOFEST İstanbul -2022” festivalında iştirak etmək imkanı qazanacaqlar. 

 



27.05.2022 | 17:52