“Səndə vardır başqa lətafət, Şuşa!” adlı tədbir keçirilib | |
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisəsində “Səndə vardır başqa lətafət, Şuşa!” mövzusunda tədbir keçirilib.
Paytaxtdakı 1 nömrəli tam orta məktəbdə təşkil olunmuş tədbirdə BŞTİ-nin Ümumi sektorunun müdiri Sevinc Rəsulova, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, İdarənin İctimaiyyətlə əlaqələr sektorunun nümayəndəsi Xədicə Məmmədova, qazi müəllimlər, şəhid övladları və şagirdlər iştirak ediblər.
Tədbirdən öncə Qarabağa, Şuşaya və Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan sərgiyə baxış keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva Qarabağın tacı olan Şuşaya həsr olunmuş tədbiri təqdirəlayiq bir təşəbbüs kimi dəyərləndirib. Bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti, Azərbaycan Ordusunun şücaəti nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi hər bir vətəndaşın qəlbini fərəh hissi ilə doldurur.
BŞTİ-nin Ümumi sektorunun müdiri Sevinc Rəsulova Qarabağın işğaldan azad edilməsi ilə nəticələnən Vətən Müharibəsinin tariximizin ən parlaq səhifəsinə çevrildiyini, Şuşa şəhərinin azad edilməsinin müharibənin sonrakı gedişinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazıldığını diqqətə çatdırıb.
İctimaiyyətlə əlaqələr sektorunun nümayəndəsi Xədicə Məmmədova şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək üçün belə tədbirlərin əhəmiyyətinin danılmaz olduğunu qeyd edib.
Digər çıxış edənlər Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımızın inamı və müzəffər Azərbaycan ordusunun qətiyyəti ilə qazanılmış tarixi zəfərimizin milli kimliyimizi, birliyimizi və gücümüzü bütün dünyaya nümayiş etdirdiyini bildiriblər. Vətənin adını ucaldan, Azərbaycana yüksək fəxarət, şərəf gətirən şəhidlərin ailələrinin daim xüsusi diqqət mərkəzində olduğunu vurğulayıblar.
Tədbirdə məktəblilərin ifasında milli musiqilər, şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar, həmçinin şuşalıların arzu və istəklərinin əks olunduğu videoçarx nümayiş olunub. |
|
27.05.2022 | 16:16 | |
|
|
|