“28 May - dövlətçilik tariximizin parlaq səhifələrindən biridir” | |
Mingəçevir Dövlət Universitetində (MDU) 28 May - Müstəqillik Gününə həsr olunmuş “28 May - dövlətçilik tariximizin parlaq səhifələrindən biridir” mövzusunda elmi konfrans keçirilib. Konfransda universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.
MDU-nun rektoru Şahin Bayramov əlamətdar tarixi gün münasibətilə tədbir iştirakçılarını, universitetin professor-müəllim, inzibati və texniki heyət üzvlərini, tələbə, magistrant və məzunları təbrik edib.
Müsəlman Şərqində ilk demokratik respublika hesab edilən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104 illiyinin tamam olduğunu deyən rektor həmin dövrü Vətən tarixinin ən şanlı səhifələrindən biri kimi dəyərləndirib. Ş.Bayramov əldə edilmiş müstəqilliyin ömrünün qısa olmasına baxmayaraq, iki ilə yaxın müddətdə görülən işlərin, o cümlədən elm, təhsil, mədəniyyət, xarici və daxili siyasət istiqamətində atılan addımların milli dövlətçilik baxımından mühüm əhəmiyyət kəsb etdiyini, müasir və qüdrətli Azərbaycanın yaranmasına zəmin hazırladığını vurğulayıb.
İyirminci əsrin sonlarında ümummilli lider Heydər Əliyevin misilsiz öndərliyi sayəsində xalqımızın əbədi müstəqilliyə qovuşduğunu bildirən rektor qeyd edib ki, hazırda dahi şəxsiyyətin müəyyən etdiyi siyasi kurs onun layiqli siyasi varisi, Möhtərəm Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun yeni keyfiyyət mərhələsində davam etdirilir. Ş.Bayramov vurğulayıb ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində ərazi bütövlüyünü təmin edən və bölgədə yeni geosiyasi reallıqlar yaradan qalib dövlət kimi Azərbaycanın müstəqilliyi və suverenliyi daha da güclənib.
Tarixi həqiqətlərin gənc nəsilə çatdırılması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsinin MDU-da diqqət mərkəzində saxlanıldığını qeyd edən rektor konfransın əhəmiyyətini vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.
Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.
Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova “Müstəqillik günü və Azərbaycan Xalq Cümhuriyyəti”, baş müəllim Mətanət Yusifova “Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlamentli respublika kimi”, müəllimlərdən Leyla Babayeva “Azərbaycan Xalq Cümhuriyyətinin daxili siyasətinin əsas xüsusiyyətləri”, Ayna Babazadə “1918-1920-ci illərdə Azərbaycanda ədəbi-bədii mühit” və Vüsalə Mövlayeva “Müstəqillik günü və müasir müstəqil Azərbaycan” mövzusunda məruzələrlə çıxış ediblər.
Sonda məruzələr ətrafında müzakirələr aparılıb.
|
|
27.05.2022 | 12:41 | |
|
|
|