Sevgi olarsa... | |
Uşaqlar... Bizim bu dünyada ən qiymətli varlığımız. Hər bir ata-ana övladının dünyaya gəlişinin ilk anından onun gələcəyi ilə bağlı gözəl arzularını dilə gətirir, xəyallar qurur və böyüdükcə onları bir-bir həyata keçirmək istəyir. Valideyn sahiblənir övladına, üzərində titrəyir, onun hər bir addımında yanında olmaq istəyir, həyatda öz yerini tutması üçün əlindən gələni əsirgəməyir və bu münasibət övladı artıq yetişkən bir gənc, hətta ev-eşik sahibi olsa belə davam edir. Bəli, uşaqlarımız bir ömürboyu üzərilərində ata-ana diqqəti, qayğısı və eyni zamanda nəzarəti hiss edirlər. Lakin zaman dəyişdikcə ata-analar, eləcə də övladlar da dəyişir. Hər iki tərəf arasında bəzən problemlər, anlaşılmazlıqlar yaranır.Valideynlər uşaqla bağlı problemləri bəzən daha radikal qərarlar almaqla çözməyə çalşırlar. Tərbiyədə müxtəlif cəza metodlarından istifadə etməklə sanki övladlarını özlərinə tabe etdirmək istəyirlər. Bəzən valideynlər övadları ilə necə davranmalı olduqlarını bilmir, onlara sərbəstlik verməli olduqları halda sıxır, müəyyən qadağalar, məhdudiyyətlər qoyacaqları məsələlərdə isə əksinə sərbəstlik verirlər.
Psixoloqlar isə bildirir ki, ata-ananın vəzifəsi uşaqlarını böyütmək və onlara sadəcə istiqamət verməklə öz təcrübələrini qazanmalarına köməklik göstərməkdir. Özü də uşaqlara qarşı heç bir ağır cəza metodlarından, zorakılıq hallarından istifadə etmədən. Çox təəssüf ki, son dönəmlərdə bəzi hallarda yaşadıqlarımız və gördüklərimiz isə bunun tam əksini deyir.
Elə paytaxtın qocaman ümumtəhsil müəssisələrindən biri sayılan Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Könül Təhməzova və həmin təhsil ocağının şagirdləri, eləcə də Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadə ilə söhbətimiz də məhz hər birimiz üçün aktuallıq kəsb edən bu məsələlər ilə bağlı oldu.
Şagirdlərimizə özlərini dəyərli hiss etdirməliyik
Könül Təhməzova qeyd edir ki, təhsil müəssisəsi hər bir uşaq üçün öyrənmək, oxumaqla yanaşı sevimli, inam dolu bir məkan olmalıdır. Burada hər hansı bir təzyiqdən, zorakılıq hallarından söhbət belə gedə bilməz.
- Şagirdlərimizə özlərini dəyərli hiss etdirməliyik. Onları anlamaq, başa düşmək üçün, ilk növbədə, hər birinə daha özəl və həssas, eyni zamanda fikirlərinə, düşüncələrinə hörmətlə yanaşmalıyıq. Məhz rəhbərlik, müəllim- şagird-valideyn arasında münasibətlər nə qədər sıx və güvənli olarsa səmimi ortam formalaşacaq. Biz məktəb olaraq buna xüsusi önəm verir və sinif rəhbərlərinin şagirdlərə daha çox diqqət ayırması məsələsini nəzarətdə saxlayır, bu işdə təhsil müəssisəsinin psixoloqlarının bilavasitə iştirakı ilə mütəmadi işlər aparırıq.
Məktəbimizdə təhsil alan 1145 şagirdin hər birini direktor olaraq özüm tanımağa çalışıram. Onların əksəriyyətini məktəbimizdə həyata keçirilən müxtəlif yönümlü layihələrdəki fəaliyyətlərlərindən, tədbirlərdən dolayı yaxından tanıyıram.
Mənim bir direktor kimi qapım şagirdlərin, müəllimlərin və valideynlərin üzünə hər zaman açıqdır. Özüm də demək olar ki, tez-tez müxtəlif siniflərdə təhsil alan şagirdlərlə ünsiyyətdə oluram. Çalşıram ki, heç bir şagird diqqətdən kənarda qalmasın.
Ümumiyyətlə, tərbiyədə zorakılığın hansı fəsadlara yol açdığını pedaqoq kimi yaxşı bilirəm.
Bilirsiniz, bugünkü yeniyetmələr çox fərqlidirlər və müxtəlif ailələrdə böyüyürlər. Sevindiricidir ki, intellektual səviyyə baxımından yeniyetmələrimiz çox irəlidədirlər, yaradıcıdırlar , onlarda özlərini təqdimetmə bacarıqları formalaşıb. Biz də məhz məktəb olaraq belə yeniyetmələri üzə çıxarmağı, geniş ictimaiyyətə təqdim etməyi bacarmalıyıq.
Məktəb şagirdlərin ikinci evi sayılır və bu zaman təhsil ocağının da hər uşağın gələcək həyatının formalaşmasında mühüm rolu inkaredilməzdir. Bu baxımdan da hər bir şagirdə müəllimləri tərəfindən diqqət göstərilməli, kollektivdə özlərini necə aparmaları, bir-birlərinə olan münasibətləri nəzarətdə saxlanılmalıdır.
Psixoloqlar qeyd edirlər ki, zorakılıq uşaqlara qorxu gətirir, onlara şəxsi təşəbbüslərindən istifadə etmək, səbirli və ədalətli olmaq kimi dəyərləri aşılamır. Bu da uşaqlıqdan onlarda qəddarlıq hissinin yaranmasına səbəb olur.
Mən uzunillik pedaqoji təcrübəyə malik müəllim, eyni zamanda məktəb rəhbəri kimi üzümü valideynlərə, müəllimlərə tutub demək istərdim ki, övladlarınızı, şagirdlərinizi özünüz kimi sevin, onlara hər məqamda lazımlı, dəyərli olduqlarını hiss etdirin. Öz davranışlarınızla, həssas münasibətinizlə, baş verə biləcək hər hansısa bir problemin çözümünü birlikdə həll etməklə onların sevgisini, etimadını qazanın.
Valideyn-övlad yaxınılığının açarıdır ki, uşağın səninlə dost olsun, onu narahat edən ən xırda məsələni belə açıb deməyə ehtiyat etməsin, qorxmasın. Biz böyüklər də öz növbəmizdə övladlarımızı həyatın bütün çətinliklərinə, eniş və yoxuşuna hazırlamalıyıq.
Mən də anayam və öz övladlarıma hər zaman dönə-dönə xatırladıram ki, həyatda çox hadisələrlə rastlaşacaqsınız. Bu yolda büdrəyib-yıxıla da, amansız zərbələr də ala bilərik. Həyat dediyimiz budur- acısı, şirini ilə. Və siz, həyatın hazırladığı sürprizlərə daim hazır olmalısınız. Hər bir çətinlikdən çıxmağı bacarmalısınız. Özünüzdə güc, iradə tapıb yolunuza davam etməlisiniz. Bu yolda ağlınız hissinizə qalib gəlməlidir. Sən güclüsən deyib, həyatın hər zərbəsinə müqavimət göstərərək yıxılıb, dizlərin qanasa da silib, ayağa qalxmağı bacarmalısan.
Övladlarımıza zaman ayırmağı bacarmalıyıq. Bu, çox önəmlidir. Ola bilər ki, onlar dərslərində axsasın və yaxud hansısa fənni mənimsəməkdə çətinlik çəksin, bilik və bacarıq potensialı olmasın. Amma uşağımızın yüksək insani keyfiyyətləri, çox mükəmməl xüsusiyyətləri var. Gəlin, onları görməzdən gəlməyək. Övladımıza bildirməliyik ki, onun ən bağışlanılmaz səhvini belə, ana-ata olaraq biz bağışlaya, yaşanan istənilən problemdən çıxış yolunu birlikdə tapa bilərik.
Sevginin açmayacağı qapı yoxdur. Sənətimizi, mühitimizi sevməklə, ətrafımızdakı gözəllikləri görməklə və bu pozitivliyi uşaqlarımıza yansıtmaqla, ən əsası onları nə qədər sevdiyimizi, anladığımızı, hər zaman bir dost olaraq yanlarında olduğumuzu göstərməklə xoş niyyətlərimizin qarşılığını alacağıq.
Onlar deyir ki...
Bəs görəsən uşaqların özləri zorakılıqla, şiddətlə bağlı nə düşünürlər? Onları nə narahat edir? Biz, böyüklərə hansı mesajları vermək istəyirlər? Həmsöhbətimiz olan müxtəlifyaşlı yeniyetmələr kifayət qədər maraqlı cavabları ilə diqqətləri üzərilərinə çəkməyi bacardılar.
Həcər Kərimli, VI “A” sinif şagirdi:
- Ümumiyyətlə, zorakılıq deyəndə gözümün önündə bir insanın digərinə şiddət göstərməsi və yaxud onu aşağılaması, üstünə qışqırması canlanır. Nə yaxşı ki, böyüdüyüm ailədə bu cür hallarla rastlaşmıram. Ata-anam məni sevir, qayğı və diqqət göstərirlər. Bunun müqabilində məndən bir tələbləri var: Dərslərimi yaxşı oxumaq və nümunəvi şagird olmaq.
Mən düşünürəm ki, valideynlər uşağa elədiyi hər hansı bir səhvin və ya atdığı addımının yanlış olduğunu onun başa düşəcəyi şəkildə əsəbiləşmədən, təmkinlə başa salmalı və ya qarşılaşdığı problemi birlikdə həll etməlidir. Bunu qışqırmadan, heç bir cəza tədbiri olmadan sakitcə yoluna qoymaq olar. Uşağa iradəsi əleyhinə nəyisə məcbur etmək olmaz. Onda o valideynlərindən inciyir, fikirlərini bölüşmək istəmir.
Məktəb mühiti isə tamam fərqlidir. Hər birimiz müxtəlif ailələrdən gəlirik, biz bir fərd olaraq valideynlərimiz üçün ən toxunulmaz, qiymətli varlığıq. Valideynlərimiz hər bir arzumuzu, istəklərimizi yerinə yetirməyə çalışır. Ancaq məktəbdə bütün uşaqlar eynidir və bir-birimizin fikirlərinə hörmətlə yanaşmağı, dinləməyi bacarmalıyıq.
Əli Hacızadə, VI “A” sinif şagirdi:
- Heç bir halda zorakılığa yol vermək olmaz. Bəzən valideynlər elə düşünürlər ki, sözəbaxmayan, nadinc uşağı döyməklə, onunla sərt rəftar etməklə tərbiyələndirmək olar. Valideynlərin uşaqlarına balacalıqda tətbiq etdikləri cəza tədbirləri əslində həmin uşaqların yaddaşında silinməz iz buraxır. Və onlar sabah böyüdükləri zaman ətrafdakılarla münasibətdə kobudluq göstərə bilərlər ki, bu da pis nəticələrə yol açar. Məncə, hər bir insan yaşından asılı olmayaraq səbirli olmağı, ən çətin situasiyalarda belə özünə, hərəkətlərinə, danışığına, ətrafındakılarla rəftarına fikir verməlidir. Heç kəs bir-birini təhqir etməməli, özünü digər yoldaşlarından üstün tutmamalıdır. Çünki hər birimiz müstəqil düşünən, bərabərhüquqlu insanlarıq.
Ülvi Hüseynzadə, IX “C” sinif şagirdi:
- Çox təəssüf ki, bizim yaşadığımız cəmiyyətdə psixologiya anlayışı, psixoloq yardımı almaq ən axırıncı əhəmiyyətli anlayış kimi qəbul edilir. Və biz bundan irəli gələrək qarşımızdakı insanların heç birinin individual psixologiyasını nəzərə almırıq. Ona görə də belə anlaşılmazlıqlar baş verir, uşaqlara qarşı müxtəlif cəza tədbirləri tətbiq olunur. Və yaxud sinifdə kimsə özünü digərindən daha üstün sayır. Əslində isə bununla həmin şagird qarşısındakı yoldaşının hüquqularını əlindən almış, alçaltmış olur.
Məsələn, məni ən çox əsəbiləşdirən, özündən çıxaran insanlar arasında fərqin, ayrı- seçkiliyin qoyulmasıdır. Xüsusən bu yaş məsələsində özünü daha qabarıq göstərir. Düşünürəm ki, bunu etmək doğru deyil. Bütün insanlara eyni baxmaq, yanaşmaq lazımdır. Hər bir uşağa hörmətlə yanaşmaq, onun nə demək və etmək istədiyi ilə bağlı fikirlərini diqqətə almaq lazımdır.
Elə uşaq var ki, özünü göstərə bilmir, təqdim etməyi bacarmır və kənarda qalır. Ona görə də müəllim hər bir uşağa individual yanaşmalı, onun fərdi inkişafını, bilik və bacarığını potensialını üzə çıxarmağı bacarmalıdır.Təhsil aldığım məktəbdə müəllimlərimiz bu məsələləri diqqətdə saxlayır.
Uşaqlara qarşı zorakılıq, şiddət deyəndə ağlıma gələn psixoloji zorakılıqdır.
Valideynlərin də əsas missiyası övladına düzgün tərbiyə vermək və doğru yola istiqamətləndirməkdir. Uşaqlarla hesablaşmaq lazımdır. Şəxsən mənim fikirlərimə, seçimlərimə valideynlərim hörmətlə yanaşır, mənə inanırlar. Ailəm, eyni zamanda ətrafımdakı insanlar düşüncələrimə, baş verən hər hansı bir proseslə bağlı verdiyim qərarlara müdaxilə etmirlər.
Mirbaba İsmayılov, X “B” sinif şagirdi:
- Böyüdükcə dünyagörüşümüz, həyata baxışımız, dəyişir. Bu gün mən artıq əvvəlki yaş dövürlərimdən daha fərqli düşünürəm, hadisələri öz baxış bucağımdan analiz edirəm. Ətrafdakılarla ünsiyyətim də daha fərqlidir. İnsanın özünü ətrafdakılara, cəmiyyətə necə təqdim etməsi düşünürəm ki, onun yaşadığı ailə mühitindən və ya sürdüyü həyat tərzindən asılı olur.
Valideynlərimiz bizlər üçün hər şeyin ən yaxşısını etmək istəyirlər və demək olar ki, həyatlarını buna sərf edirlər. Və biz də bunun müqabilində onlara layiq ən yaxşı övlad olmaq istəyirik.
Düşünürəm ki, valideynlər öz övladları ilə dost olmalıdır. Hansısa yanlş bir hərəkətinə görə ona şiddət göstərmək əvəzinə, bunun yanlış olması ilə bağlı əsaslandırılmış, anlayacağı şəkildə başa salmalı, məsləhət verməlidirlər. Bəzən şahidi oluram ki, uşaq ailədə ona olan laqeydlik, diqqətsizlik səbəbindən özünə qapanır və yaxud tam tərsi olaraq hamının diqqətini özünə cəlb etmək üçün xoşagəlməz bir hərəkət edir. Və bəzən bayırda ona verilən yanlış məsləhətlər həyatını belə məhv edir. Valideyn övladı ilə yaxın olmalıdır ki, o, kənarda probleminə çözüm axtarmasın.
Esmiralda Abramova, XI “A” sinif şagirdi:
- Ailədə uşaqla maraqlanılmalı, onun nə istədiyi, nə düşündüyü soruşulmalıdır. Uşaqlar arasında fərq qoyulmamalıdır. Birinin üstünlükləri digərinə nümunə göstərilməməlidir.Uşağı başa düşməyəndə özünü tək, tənha hiss edir. Və bütün bunlar ona psixoloji təsir göstərir, özgüvəni olmur, sanki heç kəsə lazım deyilmiş kimi özünü hiss edir. Əlbəttə ki, bu düzgün yanaşma deyil.
Özümü ibtidai sinif müəllimliyində görürəm. Uşaqlarla işləməyi sevirəm. Və bu peşəyə sevgini məndə müəllimlərim yaradıb.
Şəxsən mənim üçün zorakılıq istəmədiyim və yaxına buraxmadığım nəyinsə məcburən zorla qəbul etdirilməsidir. Ailəmdə xarakterimi bildikləri üçün heç kəs məni heç nəyə məcbur etmir və fikirlərimə, seçimlərimə hörmətlə yanaşılır.
Valideynlər övladlarına seçim hüququ verməkdə “xəsislik edir”
Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadə:
- Təhsilin fəlsəfəsində baş verən dəyişiklik müəllim-şagird münasibətlərini yeni keyfiyyət mərhələsinə qaldırdı. Sinifdə müəllim şagirdlə əməkdaşlıq edərək, yeni bilik və sosial təcrübənin şagirdin özü tərəfindən “kəşf” edilməsinə şərait yaradır. Uşağa zorla nəyinsə öyrədilməsi tarixin arxivinə verildi.
Bu gün bizim təhsilimizdə yeni münasibətlər prioritetdir. İnteraktiv təlim metodlarının tətbiqi müəllimdən şagirdlə əməkdaşlıq etməyi tələb edir. Şübhəsiz ki, bütün müəllimlər zamanın bu tələbinə riayət edə bilmirlər, onların arasında avtoritar münasibətlərə meyl edənlər bu gün də var. Lakin müəllimlərin böyük əksəriyyəti yeni münasibətlərə üstünlük verirlər və onlar birbaşa və ya dolayısı yolla avtoritar müəllimlərə, onların metodikasına qarşı mübarizə aparırlar. Buna görə də zorakılıq hallarını məktəb üçün xarakterik saymaq düzgün olmaz, lakin tək-tək olsa da müəllimlər tərəfindən belə hallara yol verildiyinin şahidi oluruq. Sevindirici haldır ki, həm Təhsil Nazirliyi, həm də cəmiyyət belə halların qarşısını almaq üçün zəruri tədbirlər görürlər.
Lakin təəssüf hissi ilə qeyd etmək istərdik ki, ailələrdə valideyn-uşaq münasibətlərində demokratik dəyişikliklər çox ləng gedir. Pedaqoji savadı qaneedici olmayan bəzi valideynlər “zaman dəyişib, uşağı tərbiyə etmək çətinləşib” fikrinə önəm verərək, öz övladları ilə ünsiyyətdə avtoritar münasibətlərə üstünlük verir, onları özlərinə “ram” etmək yolunu tərbiyənin əsas metodu kimi qiymətləndirirlər.
Mən ali məktəbdə müəllim işləyirəm. Bu gün hətta tələbələr valideynlərin onları başa düşməməsindən gileylənirlər. Fikir verin, 17-18 yaşlı gənclər valideyni onları başa düşmədiyinə görə qınayırlar. Bu məsələ peşə seçimi və ailə qurarkən daha çox aktuallaşır. Valideynlər öz övladlarına seçim hüququ verməkdə “xəsislik edir”, onların fikirləri ilə hesablaşmaq istəmir, elə bu məqsədlə də onları dinləmirlər.
Bu gün XXI əsrin reallıqları valideynlərin öz övladları ilə demokratik münasibətlərə üstünlük verməsini, onları dinləməsini, hansı hiss və həyəcanla yaşadığını, nə istədiyini öyrənməyi və onlarla birlikdə problemi həll etməyin yollarını axtarmağı tələb edir. Belə olmadığı təqdirdə uşaqlarla valideynlər arasında münasibətlər gərginləşir. Onlar valideynlərdən maddi cəhətdən asılı olduqları üçün formal olaraq ata-analarının fikri ilə razılaşır, dediklərini edirlər. Amma çoxlu sayda faktlar var ki, belə münasibət onların həyatında uğursuzluqları artırır. Məsələn, valideynin hökmü ilə ali məktəbə sevmədiyi, istəmədiyi və qabiliyyəti olmadığı ixtisasa qəbul olan tələbə oxumur. Boşanmaların sayının artmasında da valideyn hökmü ilə ailə quranların sayı az deyil. Görəsən övladının belə uğursuzluğu valideynə lazımdırmı? Gənc nəslin arasında elələri də var ki, onlar valideynin diktəsini heç cür qəbul etmir və ya qəbul edə bilmir. Gənc yaranmış situasiyadan çıxış yolu tapa bilmir və özünəqəsdə əl atır. Bu, valideyn üçün daha böyük faciədir.
Valideyn və müəllimlər şagirdin yaşadığı hiss və həyəcanlara diqqətsiz yanaşanda, o həmyaşıd uşaqlarla “dərdləşməyə” başlayır. Təbii ki, onun “oturub-durduğu” həmyaşıdlar da oxşar problemlərə malik olurlar. Onlar öz oxşar problemlərini müzakirə edərkən, valideyn və müəllimləri qınaq obyektinə çevirirlər. Həmyaşıdlar arasında edilən bu söhbətlər həmin uşaqların heç birinin problemini həll etmir, əksinə onların həm valideynə, həm də müəllimə neqativ münasibətinin formalaşmasına səbəb olur.
Nə etmək lazımdır ki...
Sual oluna bilər bəs nə etmək lazımdır ki, valideynlərin pedaqoji savadı artsın? Onlar övladları ilə münasibətlərini düzgün qura bilsinlər?
Hikmət müəllim bildirir ki, bu suallara cavab axtararkən, ilk növbədə, valideynlərlə maarifləndirici işlərin aparılması məsələsi aktuallaşır. Bu, hər şeydən əvvəl məktəbin əsas vəzifəsidir.
Televiziya kanalları da bununla bağlı mütamadi olaraq marifləndirmə proqramları hazırlayıb, geniş tamaşaçı kütləsinə təqdim etməlidirlər.
Bəlkə, övladlarımızı görmək istədiyimiz kimi yox, olduğu kimi qəbul edək
Göründüyü kimi, uşaqlarla davranış istər ailədə, məktəbdə, istərsə də yaşadığı cəmiyyətdə olsun, bu o qədər həssas, incə və eyni zamanda məsuliyyətli bir məsələdir ki, hər birimizdən ehtiyatlı olmağı tələb edir.Uşaq psixologiyasının zədələnməsinə imkan verilməməlidir. Onların bir şəxsiyyət kimi formalaşması, hansı xarakterə malik olacağı bizim onlara necə yanaşmağımızdan asılıdır. Belə ki, uşaqlarımız lap kiçik yaşlarından ailələrindən aldıqları gözəl tərbiyəni, sevgini ətrafındakılardan gördükləri hörməti, diqqəti, eləcə də bunun tam əksi olan -zorakılıq və aqressiya, sayqısızlıqla üzləşirlərsə böyüyəndə bunu cəmiyyətə qaytarırlar. Zorakılığa, haqsızlığa məruz qalan uşaqlar bunu daha kəskin formada bizim özümüzə qeyd olunduğu kimi geri qaytarırlar. Sonda hər iki halda qazanan da, itirən də ailə və cəmiyyət olur.
Bizcə də, heç bir valideyn və ya cəmiyyət bu yanlışlığın acı nəticələri ilə üzləşmək istəməz. Axı yazımızın əvvəlində qeyd etdiyimiz ki, uşaq doğulanda onun üçün ən gözəl arzular dilə gətirilir.
Bəkə, uşaqlarımızı görmək istədiyimiz kimi yox, olduğu kimi qəbul edək...
Samirə KƏRİMOVA
|
|
27.05.2022 | 10:21 | |
|
|
|