Zona birinciliyinin qalibləri bəlli olub

Paytaxt məktəbliləri arasında “Gənc xilasedici və yanğınsöndürən” IX Ümumrespublika yarışlarının Bakı şəhəri üzrə zona birinciliyi keçirilib.

 

Yarışda Bakı şəhərindəki 102, 56, 136, 274, 207, 229, 186, 295, 28, 50, 285, 31 nömrəli tam orta məktəblər, 220 nömrəli məktəb-lisey və Bakı Slavyan Universitetinin nəzdindəki məktəb-liseyin komandaları qalibiyyət uğrunda mübarizə aparıb.

 

Birincilikdə Bakı şəhəri ilə yanaşı, Sumqayıt məktəbliləri də qüvvələrini sınayıblar. Ümumilikdə birincilikdə 17 məktəb komandasını 119 məktəbli təmsil edib.

 

Yarışlar “Kombinə edilmiş yanğın estafeti”, “Maneələr zolağı” üzrə iki mərhələdə keçirilib. Gərgin mübarizə və sağlam rəqabət şəraitində keçirilmiş yarışlarda qaliblər münsiflər heyəti tərəfindən müəyyən edilib.

 

Paytaxtdakı 31 nömrəli tam orta məktəbin komandası I, 229 nömrəli orta məktəbin komandası II, 220 nömrəli məktəb-liseyin komandası isə III yerə layiq görülüb. Bu komandalar “Gənc xilasedici və yanğınsöndürən” yarışları üzrə respublika birinciliyində iştirak etmək hüququ qazanıblar.

 

Qeyd edək ki, “Gənc xilasedici və yanğınsöndürən” respublika yarışları Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilib.

 

Yarışların keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərin şəxsi və ictimai təhlükəsizliyə məsuliyyət hissinin artırılması, gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanması və məktəblilər arasında sağlam həyat tərzinin təbliğ olunmasından ibarətdir. 

 

 



26.05.2022 | 16:00