“Azərbaycan Respublikasında prokurorluq orqanlarının fəaliyyəti” mövzusunda tədbir keçirilib

Sumqayıt Dövlət Universitetində (SDU) “Azərbaycan Respublikasında prokurorluq orqanlarının fəaliyyəti” mövzusunda tədbir keçirilib.

 

Tədbirdə Sumqayıt şəhərinin prokuroru Müqəddəs Sultanov, prokurorun böyük köməkçiləri Elviz Salayev, Ramiz Ağazadə və universitetin müəllim-tələbə heyəti iştirak edib.

 

Rektor, professor Elxan Hüseynov güc strukturlarının SDU-da tələbələrlə görüşünü yüksək qiymətləndirib. Bildirib ki, insan hüquq və azadlıqlarının təmini müasir dünyada demokratik inkişafın ayrılmaz hissəsinə, bəşəriyyətin mənəvi-hüquqi və siyasi ideyalarının ali təzahürünə çevrilməklə, vətəndaş cəmiyyətinin yetkinliyinin başlıca meyarı sayılır. Hər bir dövlətin müstəqilliyini şərtləndirən, onu əbədiləşdirən amillər müəyyən dərəcədə qanunçuluğun təminindən, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi keyfiyyətindən və onun beynəlxalq tələblərə tam uyğunlaşdırılmasından asılıdır. Belə ki, ictimai-siyasi həyatın bütün sahələri üzrə dövlətin hüquqi bazasının möhkəm təməllər üzərində qurulması, ictimai ədalət prinsiplərinə ciddi şəkildə riayət olunması sabitliyin, vətəndaş həmrəyliyinin və dinamik iqtisadi inkişafın ən başlıca təminatlarından biridir. Rektor onu da vurğulayıb ki, bu gün ulu öndər Heydər Əliyevin əsasını qoyduğu məhkəmə-hüquq islahatları onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Sumqayıt şəhərinin prokuroru Müqəddəs Sultanov bildirib ki, mürəkkəb inkişaf yolu keçən Azərbaycanın milli prokurorluq orqanları ölkəmiz öz dövlət müstəqilliyini qazandıqdan sonra ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə həyata keçirilən möhtəşəm və hərtərəfli islahatlar nəticəsində tamamilə yenidən quruldu, normal fəaliyyəti üçün mütərəqqi normativ-hüquqi bazası, demokratik məzmunlu fəaliyyət prinsipləri və iş metodları olan sivil təsisata çevrildi. 

 

M.Sultanov qeyd edib ki, gənclərin simasında idarəetmə sistemi zamanın çağırışlarına uyğun dəyişir, ölkə həyatına mütərəqqi meyillər daxil olur. Azərbaycan gəncliyi öz bilik və bacarıqları ilə ölkəmizdə aparılan inkişaf proseslərinə töhfə verir.

 

Sonda şəhər prokuroru professor-müəllim və tələbə heyətini maraqlandıran sualları cavablandırıb.

 

 



25.05.2022 | 16:46