Əməkdar artist tələbələrə ustad dərsi keçib

Azərbaycanın Əməkdar artisti, Bakı Xoreoqrafiya Akademiyasının milli rəqs üzrə tədrisi metodikasının müəllimi-xoreoqraf Elçin Allahverdiyev  Naxçıvan Dövlət Universiteti və Musiqi Kolleci tələbələri üçün ustad dərsi keçib. 28 May- Respublika Günündə universitetin Simfonik orkestrinin ifasında keçiriləcək konsert proqramına hazırlıq məqsədilə muxtar respublikaya gələn Əməkdar artist “Cəngi” milli rəqsinin incəliklərini və quruluşunu tələbələrə izah edib.

 

Üzeyir Hacıbəylinin "Koroğlu" operasına daxil etdiyi döyüş və qəhrəmanlıq ruhunda yazılmış kütləvi rəqslərimizdən “Cəngi” rəqsini tələbələr böyük həvəslə ifa ediblər.

 

54 illik səhnə fəaliyyətinin 40 ilini müəllimlik peşəsinə həsr edən Elçin Allahverdiyev tələbələrə “Cəngi” rəqsində istifadə olunan elementlər haqqında məlumat verib. Bildirilib ki, oğlanlar və qızlar üçün ayrı hərəkətlərin istifadə olunduğu rəqsdə, əsasən Azərbaycan yerişi, diz üstə düşmə, çaxmaq, eyni zamanda sürmə, fırlanma, süzmə əsas elementlərdir.

 



25.05.2022 | 12:13