“Ali təhsil müəssisəsində elmi-tədqiqat işlərinin gücləndirilməsi yolları” mövzusunda təlim | |
ABŞ səfirliyinin təhsil və mədəniyyət üzrə müşaviri Riçard Pinkham, ADA Universitetinin təhsil fakültəsinin icraçı direktoru Səidə Nəbiyeva, universitetin ictimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Vəliyev və həmin universitetin təhsil fakültəsinin baş müəllimi Vəfa Yunusova Naxçıvan Dövlət Universitetində (NDU) olublar. ADA Universitetinin nümayəndə heyəti NDU-nun müəllimləri üçün “Ali təhsil müəssisəsində elmi-tədqiqat işlərinin gücləndirilməsi yolları” mövzusunda təlim keçib.
Tədbirdə çıxış edən NDU-nun rektoru Elbrus İsayev ali təhsil ocağında professor-müəllim heyətinin elmi fəaliyyəti, nüfuzlu jurnallarda məqalə nəşri ilə bağlı mühüm məqamları diqqətə çatdırıb. Qeyd edilib ki, universitetdə keçirilən təlimlər öz əhəmiyyəti ilə seçildiyi kimi, ali məktəb əməkdaşlarının beynəlxalq jurnallalara çıxışının təmin olunmasında da vacib hal kimi qeyd edilməlidir. Müasir dövrdə universitetlərin əsas missiyalarından birinin səmərəli və nəticəyönümlü elmi-tədqiqat fəaliyyətləri ilə yerləşdikləri regionun inkişafına töhfə vermək olduğunu vurğulayan rektor bu məqsədlə sözügedən layihənin təqdim etdiyi imkanlardan danışıb. E.İsayev əldə edilən bilik və bacarıqların tezliklə universitetdə elmi fəaliyyətin səmərəliliyinin yüksəlməsində özünü doğruldacağına əminliyini söyləyib və seminar iştirakçılarına uğurlar arzulayıb.
ABŞ səfirliyinin təhsil və mədəniyyət üzrə müşaviri Riçard Pinkham səfirliyin hazırda mövcud olan təhsil proqramlarından danışıb.
İki gün davam edən təlimin ilk günündə ADA Universitetinin ictimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Vəliyev elmi nəşrlərin strategiyasından bəhs edib. Beynəlxalq indeks bazalarına malik nüfuzlu jurnallar haqda ətraflı məlumat verən A.Vəliyev təlimin ikinci günündə elmi-tədqiqat işi üçün məlumatların toplanması və təhlili qaydaları haqda danışıb.
Universitetin təhsil fakültəsinin baş müəllimi Vəfa Yunusova akademik yazı nədir başlığı altında keçdiyi təlimdə mövzunun düzgün seçilməsini yazının əsas faktorlarından biri hesab edib. Elmi məqalələrin yazılma üslubu və qaydaları haqda tədbir iştirakçıları ətraflı məlumatlandırılıb.
Təlimin sonunda iştirakçılar onlara təqdim olunan anketi doldurub, keçirilən təlim barədə müsbət fikir və tövsiyələrini qeyd ediblər.
|
|
24.05.2022 | 18:59 | |
|
|
|