Paytaxt məktəblərində “Şuşa İli”

Paytaxt məktəblərində “Şuşa İli” ilə bağlı keçirilən tədbirlər davam edir. Qeyd olunan tədbirlər çərçivəsində paytaxtdakı 227 nömrəli tam orta məktəbdə “Qarabağa qayıtdıq” mövzusunda tədbir, 183 nömrəli tam orta məktəbdə isə “Qalib Şuşa” adlı tədbirlər təşkil olunub.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi nümayəndələrinin, yerli icra qurumlarının, ziyalıların, şair və yazıçıların, şəhid ailələrinin, məktəblərin pedaqoji kollektivi, valideyn və şagirdlərin iştirak etdiyi tədbirlərdə öncə Qarabağa, Şuşaya həsr olunan guşəyə, şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

 

Tədbirlər Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Tədbirdə çıxış edənlər bildiriblər ki, Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti, Azərbaycan Ordusunun şücaəti nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi hər bir vətəndaşın qəlbini fərəh hissi ilə doldurur. Əldə edilən zəfərin xalqımızın Qarabağ yarasına məlhəm olduğunu, hazırda həmin torpaqlarda misilsiz quruculuq işlərinin həyata keçirildiyini diqqətə çatdıran çıxışçılar Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hər sahədə parlaq zəfərlərə imza atmaqda davam edəcəyinə əminliklərini ifadə ediblər.

 

Tədbirlərdə məktəblilərin ifasında milli musiqilərimiz, muğamlarımız səsləndirilib, ədəbi-bədii kompozisiyalar təqdim olunub.

 



23.05.2022 | 15:18