Mərkəzi Elmi Kitabxana ilə Şamaxı Astrofizika Rəsədxanası arasında müqavilə imzalanıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) ilə Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Bu məqsədlə keçirilən tədbirdə MEK-in baş direktoru, professor Məmməd Əliyev rəhbərlik etdiyi kitabxananın apardığı uğurlu beynəlxalq və yerli əməkdaşlıqdan danışıb. Baş direktor AMEA müəssisələri, elmi-tədqiqat institutları ilə birgə çalışmağın, əməkdaşlığın səmərəli olduğunu qeyd edib. Həyata keçirilən sıx əməkdaşlığın nəticəsi kimi yaxın zamanlarda AMEA-da çalışan gənc mütəxəssislərin MEK-də keçirilən “Vikipediya” təlimlərinə cəlb olunacaqları da diqqətə çatdırılıb.

 

ŞAR-ın baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov MEK-in dəstəyini yüksək qiymətləndirərək, iki müəssisə arasında imzalanan müqavilənin gənc mütəxəssislərin, alimlərin elmi işlərində, təcrübə paylaşımında əvəzsiz rol oynayacağını qeyd edib. Vurğulayıb ki, yaradılmış verilənlər bazası vasitəsilə fundamental elm sahələrindəki yenilikləri izləmək mütəxəssislərin işini daha da asanlaşdıracaq.

 

Daha sonra iki müəssisə arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

 

ŞAR-ın kitabxanasında elektron kataloq yaratmaq məqsədi ilə imzalanan sazişə əsasən, kitabxanada tətbiq edilən İRBİS 64+AKİS-in (Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi) işinə mütəmadi olaraq Mərkəzi Elmi Kitabxana tərəfindən Avtomatlaşdırma və proqram təminatı şöbəsinin mütəxəssisləri texnoloji dəstək verəcək. Həmçinin, müqavilədə Rəsədxananın Elmi kitabxanasının verilənlər bazalarının Mərkəzi Elmi Kitabxananın saytında oxucuların onlayn istifadəsinə təqdim edilməsi də qeyd olunub.

 

Bununla yanaşı, müqavilədə iki qurumun birlikdə elmi konfrans və seminarlar, təlim və təcrübələr keçirməsi, yeni layihələrə imza ataraq birgə tədqiqatların aparılması da nəzərdə tutulur.

 



21.05.2022 | 12:39