“Azərbaycanlıların soyqırımı yüz ilin yaddaşında” | |
Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən və artıq bir ənənəyə çevrilən “Novruz mühazirələri” bu il ilk dəfə fevralın 27-də Şamaxı şəhərində başlanğıc götürüb. “Azərbaycanlıların soyqırımı yüz ilin yaddaşında” mövzusunda keçirilən “Novruz mühazirəsi”ndə təhsil nazirinin müavini Firudin Qurbanov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, ölkəmizin ali məktəblərində təhsil alan 30 əcnəbi tələbə, təhsil ekspertləri və KİV nümayəndələri iştirak edib.
Öncə iştirakçılar Şamaxıda ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri qoyublar. Sonra rayon mərkəzində soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət edilib.
1918-ci ildə Şamaxıda soyqırımı zamanı ən böyük qırğınların törədildiyi Cümə məscidinə də gedən iştirakçılara burada ermənilər tərəfindən törədilən dəhşətli qətldən danışılıb. Bildirilib ki, 1918-ci ildə erməni vəhşiliyindən qorunmaq üçün məscidə sığınan günahsız əhalinin, təxminən, 1700 nəfəri məhz bu məsciddə vəhşicəsinə qətlə yetirilib. 1300 ilə yaxın tarixi olan, lakin soyqırımı zamanı ciddi ziyan dəymiş tarixi mədəniyyət abidəsinin 2013-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı bərpa edildiyi də diqqətə çatdırılıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov ermənilərin tarix boyu azərbaycanlılara qarşı həyata keçirdiyi məkrli siyasətindən danışıb. O bildirib ki, əcnəbi tələbələrin bu hadisələrlə bağlı həqiqətləri yerində, öz gözləri ilə görməsi çox vacib bir amildir. Nazir müavini tədbirin keçirilməsində əsas məqsədin Azərbaycan Respublikası Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncamına uyğun olaraq, erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması, əcnəbi tələbələrin bununla bağlı məlumatlandırılması olduğunu bildirib.
Daha sonra tarix elmləri doktoru, professor Anar İsgəndərov “Azərbaycanlıların soyqırımı: yüz ilin yaddaşında” mövzusunda mühazirə ilə çıxış edib. Real faktlara, tarixi sənədlərə və arxiv materiallarına əsaslanan məruzədə erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı təcavüzü nəticəsində yüz minlərlə insanın qətlə yetirildiyi qeyd olunub, əsrin əvvəlində baş verən soyqırımının əsrin sonunda bir daha təkrar olunduğu diqqətə çatdırılıb. Həmçinin tarix boyu xalqımıza qarşı törədilən soyqırımı, deportasiya və etnik təmizləmə siyasətindən danışılıb.
Tədbirin sonunda əcnəbi tələbələrin səfər haqqında təəssüratlarını öyrəndik.
“Biz bu səfər çərçivəsində həqiqətləri öyrəndik”
Bakı Dövlət Universitetinin Pakistandan olan tələbəsi Athar Mahmud bizimlə söhbətində bildirib ki, səfər müddətində Azərbaycan xalqının ermənilər tərəfindən nə qədər təcavüzlərə məruz qaldığının şahidi olub. Bu kimi halların insanlığa qarşı törədilən ən böyük cinayət olduğunu deyib: “Biz bu səfər çərçivəsində həqiqətləri öyrəndik. Bundan başqa, Azərbaycanın nə qədər qədim mədəniyyət ocaqlarından biri olduğunu öz gözlərimizlə gördük. Bir insan kimi dünyada sülh olmasını, heç bir xalqın Azərbaycan xalqının üzləşdiyi kimi təcavüzlərə məruz qalmamasını arzulayıram”.
“Müharibələrin vurduğu psixi-mənəvi zərbələrin izi isə heç vaxt silinmir”
Bakı Musiqi Akademiyasının Rusiyadan olan tələbəsi Aminat Axmedova da Şamaxıya ilk dəfə səfər etdiyini və bölgənin zəngin tarixə məxsus olduğunu deyib: “Bu səfərdən öncə ermənilərin bu qədər qəddar, amansız olduğunu bilmirdim. Təsəvvürüm yalnız Xocalı faciəsi haqqında idi. İndi bildim ki, Xocalı faciəsinə bənzər bir təcavüz 100 il bundan qabaq da Azərbaycan xalqının başına gətirilib. Bunun üçün çox təəssüf hissi keçirirəm. Bilirsiniz, müharibələr, təcavüzlər tarixdə bir dəfə olur, lakin onun fəsadları, insanlara vurduğu psixi-mənəvi zərbələrin izi isə heç vaxt silinmir”.
“Burada eşitdiklərimi çalışacağam ki, ətrafımdakılarla paylaşım”
“Qədim məscidin ermənilər tərəfindən dağıdılması çox üzücüdür”
Azərbaycan Dövlət İqtisad Universitetinin Nigeriyadan olan tələbəsi Fayehun Tomido artıq Təhsil Nazirliyi tərəfindən bölgələrə təşkil olunan ikinci səfərdə iştirak etdiyini deyir. O, təxminən bir il bundan qabaq Azərbaycanın işğaldan azad olunan Cocuq Mərcanlı kəndində olduğunu və bu səfərlər nəticəsində ölkəmiz haqqında ətraflı məlumat əldə etdiyini bildirir: “Bugünkü mühazirədə mən bir daha əmin oldum ki, xalqınız çoxlu sayda təcavüzlərə məruz qalıb. Şamaxıda gördüyüm soyqırımı abidəsi, buradakı qədim məscidin ermənilər tərəfindən dağıdılması mənim üçün çox üzücüdür. Professorun mühazirə zamanı tarixi sənədlər əsasında söylədikləri nitq ermənilərin nə qədər qəsbkar, təcavüzkar olduğunu bir daha sübut etdi”.
“Bu hadisələr haqqında az da olsa məlumatlı idim”
Özbəkistandan olan Khamro-Begzod Nosirov da bizimlə fikirlərini bölüşüb. O, Qərb Universitetində oxuduğunu və bu səfərin onun xatirəsində həmişə qalacağını deyib: “Biz bu gün Azərbaycan tarixinin bilmədiyimiz məqamları ilə daha yaxından tanış olduq. Erməni vəhşiliklərinin törədildiyi yerləri gördük. Mən Azərbaycana gəlməmişdən öncə bu hadisələr haqqında az da olsa məlumatlı idim. Atam türklərə qarşı törədilən cinayətlərlə bağlı böyük bir kitabın müəllifidir. Mən həmin kitabı düz iki dəfə oxumuşam. Atamın kitabında da burda danışılanların demək olar ki, eynisi yazılıb. Biz bu faciələrin Özbəkistanda da olduğunun şahidiyik. Məsələn, 90-cı illərdə Özbəkistanın Fərqanə şəhərində törədilən qətlləri buna misal göstərmək olar. Demək istəyirəm ki, təcavüzə məruz qalan xalqlar belə qətllərin çox ağır olduğunu digərlərindən daha yaxşı başa düşür”.
Niyazi RƏHİMOV
|
|
02.03.2018 | 14:00 | |
|
|
|