Azərbaycan-Litva əlaqələri daha sıx və uzunmüddətli mərhələyə daxil olur | |
Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Azərbaycana rəsmi səfəri iki ölkənin iqtisadi, mədəni, siyasi və sosial əlaqələrini yenidən canlandırmaq, bu əlaqələri daha fəal əməkdaşlığa çevirmək xarakteri daşıyırdı. Siyasi münasibətlərə, strateji tərəfdaşlığa malik iki ölkə arasında xüsusilə iqtisadi əməkdaşlıq məsələlərinin müzakirəsi ön planda idi. Azərbaycan-Litva biznes forumunun açılışı da iqtisadi sektorda əməkdaşlığın gücləndirilməsi mümkünlüyünü özündə ehtiva edirdi, tərəflər arasında mühüm sənədlərin imzalanması kənd təsərrüfatı, turizm, enerji, bərpaolunan enerji mənbələri, nəqliyyat və.s kimi sahələrdə sağlam, faydalı işbirliyinə yeni imkanların yaranması, daha fəal əməkdaşlığın təməlinin atılması demək idi.
Məlumdur ki, Azərbaycanda biznes mühiti xarici investorlar üçün əlverişlidir. Ölkəmizə on milyardlarla birbaşa xarici investisiyalar qoyulur. Əgər əvvəllər, əsasən neft-qaz sektoruna aid investisiya proqramları həyata keçirilirdisə, sərmayələr hal-hazırda bərpaolunan enerji sahəsini də əhatə edir. Konkret olaraq bu ilin əvvəlində xarici investorlar ilə 470 meqavat gücündə günəş və külək elektrik stansiyaları tikmək üçün iki böyük müqavilə imzalanıb. Bu, Azərbaycanda əlverişli investisiya mühitinin göstəricisi kimi xarakterizə oluna bilər.
İqtisadiyyatın şaxələndirilməsi Azərbaycan üçün əsas prioritetdir. Azərbaycan qazını ilk dəfə 2021-ci ilin yanvarından başlayaraq, Avropa İttifaqı da daxil olmaqla müxtəlif məntəqələrə nəql edən Cənub Qaz Dəhlizinin tikintisi, 3500 kilometr uzunluğunda birləşdirilmiş çoxsaylı boru kəməri sistemi artıq yekunlaşıb. Ölkənin inkişaf dinamikasının əsas göstəriciləri demək olar, müsbətdir. Cari ilin dörd ayının nəticələri ümumi olaraq perspektivlidir. Ölkənin iqtisadiyyatı 7,2 faiz artıb. Qeyri-neft sektoru ilə bağlı artım 11,4 faizdir. İxrac 85 faiz, qeyri-neft ixracı isə 40 faizə yaxın artıb. İşsizlik səviyyəsi 5-6 faiz təşkil edir.
Azərbaycanda nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zənciri yaradılıb. Müasir infrastruktur – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanı, avtomobil yolları mövcuddur. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir, yəni önəmli nəqliyyat mərkəzinə çevrilib.
Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir. Eyni zamanda ölkəmiz Avropa İttifaqı üzvlərinin də enerji təhlükəsizliyinə töhfə verir. İxracatda neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları var, başqa sözlə, Azərbaycanın enerji resurslarına ehtiyac kifayət qədər böyükdür.
Bunlar Azərbaycanın imkanlarına aid qısa bir arayışdır və Litva ilə əməkdaşlığın konkret istiqamətlərini ifadə edir. Sözsüz ki, Azərbaycanın potensialı bunlarla məhdudlaşmır, son illərdə əldə etdiyi uğurlar, xüsusilə işğaldan azad olunmuş torpaqlarda başlatdığı nəhəng tikinti-quruculuq işləri ilə beynəlxalq ictimaiyyət yaxşı tanışdır, Azərbaycanla əməkdaşlıq etmək istəyən hər bir dövlət üçün bu müsbət dinamika mühüm əhəmiyyət daşıyır. Litva Respublikasının ölkəmizə göstərdiyi marağın əsasında da Azərbaycanın son illərdə əldə etdiyi böyük uğurlar dayanır və təsadüfi deyildi ki, ölkə rəhbərinin rəsmi səfəri əməkdaşlıq üçün konkret təkliflərlə müşayiət olundu. Litvanın Prezidenti Azərbaycanın imkanlarını qiymətləndirərkən, ölkəmizin qlobal iqtisadiyyatda oynadığı rolun daha da artacağını, Asiya ilə Avropanın kəsişdiyi məkanda yerləşən Azərbaycanın qlobal ticarətdə ən mühüm rollardan birini oynadığını və oynayacağını etiraf etdi. Üstəlik, Avropa İttifaqı Azərbaycanın əsas ticari tərəfdaşıdır, Litva da Avropa İttifaqının üzvü kimi bu əməkdaşlıq münasibətlərinin bir parçası olaraq Azərbaycanla əlaqələrin gələcəyinə də inamla baxır.
Azərbaycan da öz növbəsində Litva ilə strateji münasibətlərin davamında, biznes əlaqələrinin möhkəmlənməsində maraqlıdır. Litva Prezidentinin öz ölkəsinin inkişaf göstəriciləri ilə bağlı verdiyi məlumatlar deməyə əsas verir ki, keçirilən biznes-forum işgüzar əlaqələrin qurulması üçün yaxşı fürsət və uğurlu təməldir. Çünki Litvada geniş maliyyə və vergi imtiyazlarına malik yeddi azad iqtisadi zona var. Ölkə sürətli rəqəmsal infrastruktura malikdir və münasib tariflərə əsaslanan bu infrastruktur Avropa İttifaqında ən yaxşılar sırasındadır. Ölkənin digər üstünlükləri yaxşı inkişaf etmiş şose və dəmir yolu xətləri, hava və dəniz nəqliyyatı sahəsindədir. Ölkə innovativ və yüksək texnoloji sektorlar üzərində çalışır. Son on il ərzində böyük elektrik istehsalı işlərini icra edib, qaz və maye qaz terminalının tikintisi layihələrini həyata keçirib. Litvanın hazırda enerji sektoru günəş və külək enerji parklarından ibarətdir. Bu yaxınlarda Baltik dənizində ilk dəfə olaraq külək enerji parkını yaradacaq.
Bundan başqa, Litva ərzaq məhsullarını 150-dən artıq ölkəyə ixrac edir. Gənclərin 56 faizi ali təhsilə malikdir və bu göstəriciyə görə Litva Avropa İttifaqında lider mövqeyindədir. Ölkədə adam başına düşən ümumi daxili məhsulun payı ən sürətlə Avropa İttifaqının orta göstəricisinə yaxınlaşıb və bu reytinqdə o, İrlandiyadan sonra gəlir. Bütün bunlar Azərbaycana da Litva ilə əməkdaşlığı gücləndirməyə stimul verir.
Sözsüz ki, hər iki ölkənin imkanları qarşılıqlı maraq yaradır, əməkdaşlıq üçün ciddi potensial deməkdir və bu potensial dövlətlər arasındakı münasibətləri daha sıx, eyni zamanda uzunmüddətli mərhələyə daşıyacaq.
V.ALLAHVERDİYEVA
|
|
20.05.2022 | 12:34 | |
|
|
|