I Rəqəmsal İdeya müsabiqəsinin qalibləri mükafatlandırılıb | |
Mayın 19-da Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş 1-ci Rəqəmsal İdeya müsabiqəsinin bağlanış mərasimi keçirilib.
Mərasimdə əvvəlcə müsabiqə barədə videoçarx nümayiş olunub.
Açılış nitqi ilə çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov müsabiqə barədə hesabat təqdim edərək bildirib ki, əsas məqsəd partiyanın gənc fəallarının innovasiya yönümlü potensiallarının aşkarlanması, komanda quruculuğu bacarığının təkmilləşdirilməsi və ölkədəki innovasiya ekosistemində gənclərin iştirakının artırılmasıdır. Müsabiqəyə müraciət edənlər arasından 23 fərqli şəhər və rayonu təmsil edən 120 iştirakçı layihədə iştirak şansı qazanıb və bu iştirakçıların 55 nəfəri kişi, 65 nəfəri isə qadındır.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov öz növbəsində qonaqları salamlayaraq müsabiqənin gənclərin inkişafında, onların bilik və bacarıqlarının artırılmasında xüsusi əhəmiyyətə malik olduğunu bildirib.
SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov çıxışında müsabiqənin Azərbaycan gəncliyinin inkişafında xüsusi önəm kəsb etdiyini qeyd edib.
Mərasimdə çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov vurğulayıb ki, bu tipli layihələrin gələcəkdə də davam etdirilməsi gənclərimizin intellektual inkişafı üçün olduqca faydalıdır.
Daha sonra çıxış edən təhsil naziri Emin Əmrullayev gənclərə təqdim olunan bu imkanı yüksək qiymətləndirərək vurğulayıb ki, müsabiqə istedadlı və innovativ yanaşmaları ilə seçilən gənclərin bacarıqlarının üzə çıxmasında böyük rol oynayır. Nazir rəqəmsallaşmanın əhəmiyyətini qeyd edərək bildirib ki, bu amil həyatın bütün sahələrində, xüsusilə də təhsildə vacibdir. Emin Əmrullayev iştirakçıların fərqli mühitdə, fərqli öyrənmə imkanı əldə etdiyi bu müsabiqədə xüsusilə regionlardan yüzlərlə gəncin iştirak etmək arzusunda olmasını sevindirici hal olaraq qiymətləndirib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev isə Azərbaycanda innovasiyaların inkişafı və bu sahədə yaradılan əlverişli şəraitdən, rəqəmsal transformasiyanın əhəmiyyətindən danışıb və qeyd edib ki, bu müsabiqə Azərbaycanın innovasiya ekosistemində gənclərin iştirakının artırılmasına töhfədir.
Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev çıxışında ölkəmizdə həyata keçirilən gənclər siyasətinin əhəmiyyətindən, gənc nəslə göstərilən dövlət qayğısından bəhs edib.
Tədbirdə çıxış edən Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru, müsabiqənin münsiflər heyətinin üzvü Fariz Cəfərov nəticələr haqqında məlumat verib və bildirib ki, müsabiqə gənclərin innovativ vərdişlərə yiyələndiyini bir daha sübut edib.
Mərasimin sonunda qaliblər mükafatlandırılıb. I yerin qalibi “Xudayar”, II yerin qalibi “Zəfər”, III yerin qalibi “Yarat” komandaları, “İntellekt” rinqinin qalibi isə “İnnovasiya” komandası olub.
|
|
20.05.2022 | 11:13 | |
|
|
|