Paytaxt məktəbliləri Qobustan Qoruğunda ekskursiyada olub

Şagirdlər tarixi abidələrimiz haqqında ətraflı məlumatlandırılıb və asudə vaxtlarını səmərəli keçiriblər

 

Bakı şəhəri 286 nömrəli tam orta məktəbin 3a sinfinin şagirdləri Qobustan Milli Tarixi-Bədii Qoruğuna ekskursiyaya gediblər.

 

Sinif rəhbəri Sərvinaz Abasovanın və valideynlərin təşəbbüsü ilə gerçəkləşən ekskursiya zamanı şagirdlər Qobustan qoruğunda mühafizə edilən qədim insan və heyvan təsvirləri, ov, qayaüstü döyüş və rəqs səhnələri ilə tanış olublar.

 

Şagirdlər orada fəaliyyət göstərən muzeylə də tanış olublar. Sensor ekranlı monitorlar və 3D elementlərlə zəngin muzeydə dünyanın müxtəlif guşələrində olan qayaüstü incəsənət nümunələri, Qobustanın minilliklər ərzində dəyişən təbii mühiti, burada aparılmış arxeoloji qazıntılar, daş dövrü insanlarının həyat tərzi və incəsənəti haqqında məlumat alıblar.

 

Muzeylə əyani tanışlıq zamanı şagirdlərə məlumat verilib ki, Azərbaycan dünyanın ən qədim yaşayış məskənlərindən biridir.

 

Qeyd edək ki, ekskursiyanın təşkilində əsas məqsəd şagirdlərin dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında ətraflı məlumatları çatdırmaq və məktəblilərin asudə vaxtlarını səmərəli keçirmələri üçün şərait yaratmaqdan ibarətdir.

 

 



20.05.2022 | 14:09