45 il pedaqoji fəaliyyətdə | |
Ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr edən, onların sevincinə şərik olub, uğurlarına sevinən müəllimlərimiz hər zaman yaddaşlarda dərin izlər buraxıb. Belə müəllimlərdən biri də elmi, pedaqoji və metodist yaradıcılığı ilə təhsil ictimaiyyəti tərəfindən tanınan Əməkdar müəllim Əmiraslan Bəşirovdur. Ömrünün 70-ci baharını yaşayan Əmiraslan müəllim 1952-ci ilin may ayinda anadan olub. 1969-cu ildə Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli orta məktəbi, 1977-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsini bitirib.
Əmiraslan müəllim pedaqoji fəaliyyətə 1977-ci ildə təyinatla Yevlax rayonu Aşağı Bucaq kənd 8 illik məktəbində başlayıb. 1979-cu ildən Yevlax rayon Xalq Maarif Şöbəsində metodkabinet müdiri, 1994-1996-cı illərdə Yevlax Şəhər İcra Hakimiyyətində Mülki Müdafiə Qərargahının rəisi və məsləhətçisi vəzifələrində işləsə də, heç vaxt məktəbdən ayrı qalmayıb, fasiləsiz olaraq 12 saatlıq dərs yükünü davam etdirib.
1987-ci ildən etibarən fəaliyyətini Yevlax şəhər S.Vurğun adına 5 nömrəli tam orta məktəblə bağlayıb. Bu təhsil ocağında 2004-2007-ci illərdə tədris işləri üzrə direktor müavini vəzifəsini icra edib.
Ə.Bəşirov pedaqoji fəaliyyətə başladığı qısa müddət ərzində diqqətəlayiq uğurlar əldə edib. Təşəbbüskarlığı və yenilikləri ilə Təhsil Nazirliyinin Fəxri fərmanı, 1987-ci ildə “Qabaqcıl maarif xadimi” döş nişanı ilə təltif olunub, 1994-cü ildə isə Təhsil Nazirliyinin Attestassiya Komissiyasının qərarı ilə “Ali kateqoriyalı müəllim” dərəcəsinə layiq görülüb.
Azərbaycan Müəllimləri Yaradıcılıq İttifaqı 1995-ci ildə Əmiraslan müəllimi yaradıcı işlərinə görə “Akademik Mehdi Mehdizadə” mükafatı ilə təltif edib.
Azərbaycan tarixi dərslikləri və məktəb metodikası üzrə tədqiqatçı mütəxəssis, ekspert kimi də tanınan Ə.Bəşirovun 40 il ərzində respublika və yerli mətbuatda 100-dən artıq elmi və metodiki məqalələri dərc olunub. “Nizami Gəncəvi və tariximiz”, “M.Füzuli və tariximiz”, “Heydər Əliyev və təhsil siyasəti”, “İqtisadi, sosial siyasət strategiyası”, “Şöhrətli məktəb direktoru”, “Qarabağ tariximiz, torpağımız” kimi irihəcmli və tədqiqat xarakterli elmi məqalələri və bu mövzuları əhatə edən 2 elmi kitabçası onun yaradıcılıq imkanlarının bariz nümunəsidir. Ə.Bəşirov 1980-ci ildən etibarən “Azərbaycan məktəbi” jurnalı və “Azərbaycan müəllimi” qəzeti ilə əməkdaşlıq edib.
Ə.Bəşirovun pedaqoji kadrların hazırlanmasında, gənc nəslin təlim-tərbiyəsində böyük rolu olub.
“Pedaqoji fəaliyyətim dövründə min saatdan artıq 45 dəqiqəlik dərs dinləmişəm. Dinlədiyim dərslərə tövsiyələr vermişəm. Heç vaxt keçirilən dərsləri tənqid etməmişəm, çalışmışam ki, müəllimlərlə əməkdaşlığa, fikir mübadiləsinə üstünlük verim. Müəllim savadlıdırsa, ixtisasını mükəmməl bilirsə, onunla metodik işi, əməli köməkliyi davam etdirmək məqsədəuyğun olar - deyir Əmiraslan müəllim”.
Dövlətimiz Əmiraslan müəllimin elmi, pedaqoji və ictimai fəaliyyətini yüksək qiymətləndirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Ə.Bəşirov “Əməkdar müəllim” fərxi adına layiq görülüb. O, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi” medalı ilə təltif olunub. O, bütün uğurlarını doğma məktəbə borclu olduğunu belə ifadə edir: “35 il müəllimi olduğum Yevlax şəhər S.Vurğun adına 5 nömrəli tam orta məktəbdə uğurlarım çox olub. Bütün nailiyyətlərim bu məktəblə bağlıdır”.
Əmiraslan müəllimin elmi, pedaqoji və ictimai fəaliyyətinin qiymətli cəhəti onunla şərtlənir ki, o gördüyü işlərə yaradıcı yanaşır, hər işin müsbət nəticəsini əldə edir, yeniliklərə nail olmaqla müasir dövrün tələbləri ilə ayaqlaşa bilir.
Əmiraslan müəllimin 40-dan çox müəllim həmkarının iş təcrübəsini öyrənib, yayılmasında böyük rolu olub. O, ədəbiyyata, şeirə, musiqiyə bağlı insandır. Xeyli sayda şeirlərin, “Heyrətdir muğamat” adlı poemanın müəllifidir.
Ə.Bəşirov yerli televiziya verilişlərində çıxışları ilə də yaddaşlarda qalıb. “Sarı gəlin”, Nizami Gəncəvinin irsi”, “Mədəniyyət nümunələrimizdən, erməni oğruları”, “Dahi bəstəkar Üzeyir Hacıbəyli”, “Ümummilli lider Heydər Əliyev”ə həsr edilmiş “Zaman” televiziya proqramlarında çıxışları ictimaiyyət tərəfindən maraqla qarşılanır.
Ə.Bəşirovun Yevlax rayonunda şahmatın tədrisi və inkişafında da böyük xidmətləri olub. I dərəcəli şahmatçıdır. 2007-ci ildən şəhər 5 nömrəli tam orta məktəbdə (II-IV siniflər) “Şahmatın tədrisi” üzrə pilot layihəyə rəhbərlik edir. Onun yetirmələri yarışlarda, həm də şəxsi birinciliklərdə uğurla çıxış edir. Yetirmələrindən Avropa birinciliyinin iştirakçısı olan da var.
Ə.Bəşirov V-XI siniflər üzrə Azərbaycan tarixi dərsliklərinin ictimai müzakirələrində dəfələrlə iştirak edib. Təhsil Nazirliyinin Dərslikləri qiymətləndirmə Şurasının ekspert qrupunun üzvü (2013) seçilib.
Təhsil İnstitutu və “Smart Texnologiyalar Şirkəti”nin birgə təşkil etdiyi “Təhsildə İnteraktiv Texnologiyalar - 2014” müsabiqəsinin iştirakçısı olan Əmiraslan müəllim sertifikata layiq görülüb. O, həmçinin Təhsil Nazirliyinin təşkil etdiyi “İctimai təşəbbüslərə dəstək” müsabiqəsinə də qatılıb.
“Ən yaxşı müəllim” müsabiqəsi çərçivəsində Bakı şəhəri 1, 5, 160, 189, 258 nömrəli tam orta məktəblərdə “Açıq dərs”lər təşkil edilib və Təhsil Nazirliyinin ekspert qrupları tərəfindən qiymətləndirilib.
Əmiraslan müəllim pedaqoji fikirlərini belə izah edir: “4 divar arasında şəriştəli müəllim olmaq təsəvvürü yanlış fikirdir. Səriştəli, bacarıqlı müəllim olmaq üçün digər məktəblərdə onlarla müəllimin iş təcrübəsindən bəhrələnmək lazımdır. Rəqabət yeniliklərin izlənilməsi, təcrübə mübadiləsi, formalaşması və nəticədə təlimin keyfiyyətinin yüksəlməsi üçün mühüm şərtlərdəndir. Məktəbi intellektual dəyərlərə yönəltməli, onların bilik və bacarığını qiymətləndirmək lazımdır. Dünya sürətlə dəyişir, intellektual dəyər və biliklərə köklənməliyik”.
Əmiraslan müəllimin fikrincə “Səriştəli müəllim olmaq üçün 45 dəqiqəlik dərs kifayət etmir, özünü bu peşənin problemlərinin həllinə səfərbər etməli, respublikada gedən təhsil-tədris proseslərini izləməyi bacarmalısan”.
Ümidvarıq ki, ömrünün 70-ci baharını yaşayan təcrübəli pedaqoq, Əməkdar müəllim Əmiraslan Bəşirovun tövsiyələrindən bundan sonra da gənc müəllimlər faydalanacaqdır.
Niyazi RƏHİMOV |
|
20.05.2022 | 12:03 | |
|
|
|