Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılması

1.      Təhsilverənlərin sertifikatlaşdırılması prosesi hansı məqsədlə həyata keçirilir?

- Sertifikatlaşdırma dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə həyata keçirilir.

 

2.      Sertifikatlaşdırma hansı mərhələlərdən ibarətdir?

- Təhsilverənlərin sertifikatlaşdırılması prosesi iki mərhələdən - test və müsahibə mərhələsindən ibarətdir. 

 

3.      Sertifikatlaşdırılma prosesinə kimlər cəlb olunurlar?

- Dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan ali və orta ixtisas təhsilinə malik şəxslər sertifikatlaşdırma prosesində iştirak edirlər.

 

4.      Sertifikatlaşdırma prosesində kimlər iştirak etməyəcək?

- Aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər:

* hamilə qadınlar;

* uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);

* ilk dəfə işə qəbul olunanlar, 5 (beş) il müddətində;

* azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.

 

5.      Sertifikatlaşdırmada iştirakla bağlı yaş məhdudiyyəti varmı?

- Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsi ilə müəyyən edilmiş çalışmanın yaş həddinə çatmamış təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakı nəzərdə tutulur.  

 

6.      Sertifikatlaşdırmanın test mərhələsində iştirakçılara neçə sual təqdim olunur? 

- Test mərhələsində imtahan iştirakçılarına 60 sual təqdim olunur.  

 

7.      Test mərhələsində iştirak edən şəxslərə nə qədər vaxt verilir?

- Sertifikatlaşdırmanın test mərhələsi iştirakçılarına 120 dəqiqə vaxt ayrılır.

 

8.      Test mərhələsində bir düzgün cavab neçə balla qiymətləndirilir?

- Test mərhələsində hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur. 

 

9.      Səhv cavablandırılmış suallar imtahan nəticəsinə təsir göstərirmi?

- Xeyr. Səhv cavablandırılmış suallar düzgün cavablara təsir göstərmir.

 

10.    Əlilliyi olan şəxslərin sertifikatlaşdırmanın test mərhələsində iştirakı üçün əlverişli şərait yaradılırmı?

- Bəli. Test mərhələsində I dərəcə gözdən əlilliyi olan təhsilverənlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün test mərhələsinin davametmə müddəti 60 dəqiqə artırılır.

 

11.    İmtahan sualları hansı mövzuları əhatə edir?

- Sertifikatlaşdırmanın test mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına (fənnin tədrisi metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri) və təlim strategiyalarına (müasir təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri) aid suallar təqdim edilir.

 

12.    Test mərhələsində minimum keçid balı nə qədərdir?

- Sertifikatlaşdırmanın test mərhələsində azı 30 (otuz) bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar.

 

13.    Sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində hər bir təhsilverənə nə qədər vaxt ayrılır? 

- Müsahibə mərhələsində hər bir təhsilverənə 20 (iyirmi) dəqiqə vaxt ayrılır.

 

14.    Müsahibə mərhələsində hansı meyarlar əsasında qiymətləndirmə aparılır?

- Müsahibədə iştirak edən şəxslər aşağıdakı meyarlar əsasında qiymətləndiriləcəklər:

* proqram üzrə mövzunu təqdimetmə bacarığı;

* təhsilalanları qiymətləndirmə bacarığı;

* özünü təqdimetmə bacarığı;

* pedaqoji prosesi təşkiletmə bacarığı;

* ünsiyyət bacarığı.

 

15.    Müsahibə mərhələsində minimum keçid balı nə qədərdir?

- Sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 (iyirmi) bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər.

 

16.    Müsahibə mərhələsində maksimum bal nə qədərdir?

- Hər bir meyar 4 (dörd) ballıq şkala əsasında qiymətləndirilməklə maksimum bal 40 (qırx) bal olaraq müəyyənləşdirilmişdir.

 

17.    Müsahibə mərhələsində ballar necə hesablanır?

 

Təhsilverənlərin sertifikatlaşdırılması prosesində

müsahibə mərhələsi üzrə qiymətləndirmə meyarları

Meyarlar

Meyar üzrə ballar

Meyar üzrə əmsallar

Meyar üzrə maksimal bal

Proqram üzrə mövzunu təqdimetmə bacarığı

4 bal

3 misli

12 bal

Təhsilalanları qiymətləndirmə bacarığı

4 bal

2 misli

8 bal

Özünü təqdimetmə bacarığı

4 bal

2 misli

8 bal

Pedaqoji prosesi təşkiletmə bacarığı

4 bal

2 misli

8 bal

Ünsiyyət bacarığı

4 bal

1 misli

4 bal

 

Cəmi: 40 bal

 

 

18.    Təhsilverən sertifikatlaşdırma prosesindən hansı halda keçmiş sayılır?

- Sertifikatlaşdırmanın test mərhələsində azı 30 (otuz) bal toplamış, müsahibə mərhələsində isə azı 20 (iyirmi) bal toplamış təhsilverənlər sertifikatlaşdırmadan keçmiş hesab olunur. 

 

19.    Sertifikatlaşdırmanın nəticələri hansı məsələlərdə nəzərə alınacaq?

- Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin gələcək karyera inkişafında və stimullaşdırılma tədbirlərində nəzərə alınacaq.

 

20.    Təhsilverən sertifikasiya üçün tələb olunan minimum balı toplamadıqda nə baş verəcək?

- Sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olacaqlar. 

 

21.    Təhsilverən hər hansı bir səbəbdən sertifikatlaşdırmada iştirak edə bilmədikdə nə baş verəcək?

- Üzrlü səbəbdən sertifikatlaşdırmada iştirak etməyən  və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

 

22.    Cari ildə keçiriləcək sertifikatlaşdırma prosesinə kimlər cəlb olunacaq?

- Sertifikatlaşdırılma prosesinə birinci mərhələdə ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə başlanılması və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan müəssisələrdə, həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən regional təhsil idarələrinə tabe olan ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunması nəzərdə tutulur.

 

 



20.05.2022 | 09:39