MDU əməkdaşları İstanbul Gedik Universitetində təcrübə keçiblər | |
Mingəçevir Dövlət Universitetinin (MDU) əməkdaşları – mühəndislik fakültəsinin dekan əvəzi Almaz Əliyeva, Karyera və İnkişaf Mərkəzinin direktoru Cəlil Bağırov və Mexanika kafedrasının müəllimi Qaragöz Kərimov İstanbul Gedik Universitetində (İGÜN) təlim və təcrübədə olublar.
İGÜN Himayədarlar Şurasının rəhbəri Hülya Gedik, rektor Nihat Akkuş və prorektor Ahmet Kesiklə görüşlərdə təlim və təcrübə proqramının hər iki universitet arasında işbirliyinin inkişafına mühüm töhfə verəcəyinə və qarşılıqlı faydalı olacağına əminlik ifadə edilib. İkitərəfli əməkdaşlığın potensial istiqamətlərinin müzakirəsi ilə davam edən görüşlərdə təlim və təcrübədən əsas gözləntilər diqqətə çatdırılıb və proqramın daha səmərəli reallaşdırılması məqsədilə müvafiq təkliflər razılaşdırılıb.
Proqrama uyğun olaraq MDU əməkdaşları, əvvəlcə, İGÜN-ün kitabxanası və elektron kitabxana sistemi ilə tanış olub, kitabxana fondunun zənginləşdirilməsi, tələbə və müəllim kollektivinin müvafiq ədəbiyyatlarla təminatının təşkili, kitablara marağın artırılması istiqamətində təbliğat və təşviqatın həyata keçirilməsi, digər fəaliyyətlərlə bağlı məlumatlar əldə edib, təcrübələrini bölüşüblər.
Sonra universitet idarəçiliyi sahəsində təcrübə mübadiləsi məqsədilə İGÜN-ün müvafiq struktur bölmələrinin rəhbərləri və əməkdaşlarının iştirakı ilə dəyirmi masa keçirilib. Dəyirmi masada MDU heyəti üzvləri təmsil etdikləri universitetin tarixi, missiyası, strateji hədəfləri, fəaliyyət istiqamətləri və struktur bölmələri haqqında təqdimat ediblər. Müzakirələrlə davam edən dəyirmi masada idarəetmənin səmərəliliyi və effektivliyinin artırılması, onun strukturunun müasir dövrün tələblərinə uyğunlaşdırılması baxımından tərəfdaş universitetlər arasında təcrübə mübadiləsinin davamlılığının önəmi vurğulanıb və bu istiqamətdə müvafiq təkliflər irəli sürülüb.
Növbəti gün Gedik Holding-in inzibati binasında görüş təşkil olunub. Görüşdə İGÜN-ün mühəndislik fakültəsinin dekanı Ahmet Karaaslan, holdinqin Test Mərkəzinin müdiri Uğur Gürol və proqram direktoru Fereh Görgülü ikili diplom proqramı, mühəndislik profilinə uyğun ixtisasların tədris proqramlarının təkmilləşdirilməsi, texniki fənn laboratoriyalarının qurulması, beynəlxalq standartlara uyğun mühəndislik kurslarının təşkili və akkreditə olunmuş sertifikat proqramlarının tətbiqi məsələlərindən danışıblar. Həmçinin əməkdaşlığın potensial istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb, ortaq konfransların keçirilməsi, tələbə və müəllim mübadiləsi, təlim-təcrübə proqramları, onlayn mühazirələr və ustad dərslərin təşkilinin mümkünlüyü bildirilib, Gedik Holding-in Azərbaycanda fəaliyyət göstərən şirkətində MDU tələbələrinin təcrübə keçməsi imkanları nəzərdən keçirilib.
Görüşdən sonra MDU təmsilçiləri Gedik Holding-də fəaliyyət göstərən və sənaye istehsalında mühüm əhəmiyyətə malik “Qaynaq tətbiqləri”, “Miktoqrafik analiz”, “Rentgenoqrafik analiz”, “Kimyəvi analiz” və “Araşdırma və təkmilləşdirmə” laboratoriyalarının iş prosesi ilə yaxından tanış olublar.
Bundan əlavə, İGÜN-ün peşə kollecinə infotur təşkil olunub. Kollecin rəhbəri Şakir Dinçşahinin müşayiəti ilə MDU əməkdaşları “Təzyiqli buxar qazanları operatoru”, “Nəzarət və avtomatika”, “Elektrik və elektronika”, “Mexanika”, “Kimya” və “Qrafiki dizayn” laboratoriyalarının fəaliyyətini izləyiblər.
Sonrakı günlərdə Gedik Holding-in nəzdində fəaliyyət göstərən “Poladtökmə”, “Termo klapan” və “Qaynaq” zavodları ziyarət olunub. Ziyarət zamanı universitet təmsilçiləri hər üç müəssisənin istehsal prosesini müşahidə edib, onların fəaliyyəti, struktur bölmələri, məhsulları və keyfiyyətə nəzarət işləri barəsində məlumatlandırılıblar.
Proqramın sonunda İGÜN rəhbərliyi ilə yekun görüş keçirilib. Görüşdə təlim və təcrübə ilə bağlı təəssüratlar bölüşülüb, əldə edilən nəticələr və perspektiv gözləntilər barədə fikir mübadiləsi aparılıb.
|
|
19.05.2022 | 13:03 | |
|
|
|