Universitetin qalib olduğu layihə üzrə təlimlərə 24 professor və müəllim qatılıb | |
Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” mövzusunda keçirdiyi qrant müsabiqəsi üzrə Azərbaycan Texniki Universitetinin (AzTU) qalib olduğu “AzTU-da prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyinin səmərəli təşkili ilə elmi potensialın gücləndirilməsi və yüksəkixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması” layihəsinin təlimlərinə başlanılıb.
Universitetdən bildirilib ki, təlimlər akademik heyətin elmi potensialının artırılması məqsədi ilə Təhsil İnstitutu tərəfindən keçirilir. 2 qrup üzrə təşkil olunan təlimlərdə, ümumilikdə 24 professor və müəllim iştirak edir.
Təlimlər “Elmi məqalənin yazılma qaydası”, “Elmi işlərin yazılmasında müasir yanaşmalar”, “Tədqiqat metodları: Kəmiyyət metodları”, “Tədqiqat metodları: Keyfiyyət metodları”, “Beynəlxalq indeksli jurnallarda məqalə nəşri” mövzularında təşkil olunub.
Təlim müddətində iştirakçılara elmi-tədqiqatların işlənməsi zamanı faydalı alətlər və resursların təqdim edilməsi, nümunə və praktiki tapşırıqlar üzərindən mövzuların çatdırılması nəzərdə tutulur.
Təlimlərdə uğurla iştirak edən iştirakçılara sertifikat təqdim olunacaq.
|
|
19.05.2022 | 10:00 | |
|
|
|