BMU-İNHA ikili diplom proqramı ilə bağlı maarifləndirici görüş

Bakı Mühəndislik Universiteti  (BMU) və Cənubi Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı çərçivəsində növbəti maarifləndirici tədbir Sumqayıtda Texniki və Təbiət Elmləri Liseyində keçirilib.

 

Liseyin şagirdləri ilə görüşdə BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov universitetdə tədris olunan ixtisaslar barədə geniş məlumat verib. Ali təhsil ocağında İnformasiya texnologiyaları, Kibertəhlükəsizlik, Elektroenergetika mühəndisliyi, Mexanika mühəndisliyi, Biznesin idarə edilməsi və s. ixtisaslar üzrə mütəxəssis hazırlığının həyata keçirildiyini bildirən prorektor bu ixtisasların hər birində rəqəmsal bacarıqların çox böyük yer tutduğunu fikirlərinə əlavə edib. M.Namazov informasiya texnologiyaları və yaxın fənlərin tədrisi ilə məşğul olan müəllimlərin, eləcə də BMU-da bu sahədə təhsil alan tələbələrin bilik və bacarıqlarının artırılması məqsədilə “Mobil Tətbiqlər və Oyun Dizaynı” ixtisası üçün laboratoriya təşkil edildiyini də vurğulayıb.

 

M.Namazov işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri ilə əlaqədar energetiklərə, elektrik və elektronika mühəndislərinə böyük ehtiyac duyulduğunu, BMU-İNHA ikili diplom proqramına uyğun olaraq İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektronika mühəndisliyi və Elektrik mühəndisliyi ixtisasları üzrə yüksəkixtisaslı kadr hazırlığının həyata keçirildiyini nəzərə çatdırıb. 

 

Sonra görüşdə BMU-İNHA ikili diplom proqramının direktoru Humay Cəfərli təqdimatla çıxış edib. Bildirib ki, tələbələr hər iki universitet tərəfindən  sinxronlaşdırılan tədris planı əsasında 3 il Azərbaycanda, 1 il isə Cənubi Koreyada təhsil alacaq və sonda iki diploma sahib olacaq.

 

H.Cəfərli çıxışında proqrama aid olan ixtisaslar, keçid balları, qəbul kvotası, tədris dili, qəbul şərtləri və müraciət forması haqqında zəruri informasiyaları məktəblilərin diqqətinə çatdırıb.

 

İNHA Universiteti barədə məlumat verən ikili diplom proqramının idarə edilməsi üzrə bölmə rəhbəri Hyunjin Yang ali təhsil ocağının Cənubi Koreyanın mühəndislik sahəsində lider universitetlərindən olduğunu vurğulayıb. O, Azərbaycan dövləti tərəfindən tam olaraq maliyyələşən proqramın yaratdığı imkanlardan bəhs edib və bunu tələbələr üçün gözəl fürsət kimi dəyərləndirib. Bölmə rəhbəri çıxışında İNHA Universitetində mövcud olan müxtəlif təqaüd proqramlarından da danışıb.

 

Liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Rasim Süleymanov bu kimi görüşlərin şagirdlərin ixtisas və universitet seçiminə yardımçı olacağını vurğulayıb.

 

Daha sonra məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

 

 



18.05.2022 | 17:28