Xalq şairi:“İstedad Allah vergisidir, peşəkarlıq isə bunu ortaya qoymaq bacarığıdır"

Bakı Ali Neft Məktəbində (BANM) Xalq şairi Ramiz Rövşənin poeziya gecəsi və tələbələrlə görüşü keçirilib. Əvvəlcə şairə həsr  edilən videomaterial nümayiş olunub.

 

Sonra rektor Elmar Qasımov bu görüşün tarixi gün olduğunu bildirib: "Pandemiya dövründə Xalq şairi Ramiz Rövşənlə tələbələrin onlayn görüşünü keçirmişdik. Bu gün hörmətli şairimizi Ali Məktəbdə görməyə şadıq. Bu günü tələbələrimiz ömrü boyu unutmayacaqlar. Bizim tələbələrin həm beyni, həm ürəyi var. Ramiz Rövşən kimi insanlar cəmiyyətə işıq saçan ziyalılardır. Onu sevənlər arasında yaş fərqi yoxdur. Bu, hər şairə nəsib olmur. Ramiz Rövşənin şeirləri əbədidir".

 

Tələbələrlə görüşlərə xüsusi önəm verdiyini vurğulayan R.Rövşən BANM-də onun yaradıcılığına olan sevgidən qürurlandığını deyib: "Elmar müəllim burada poeziyaya sevgi yaradıb. Bakı Ali Neft Məktəbinin tələbələrinin şeirə olan sevgisi məni yenidən buraya gətirdi. Adətən deyirlər ki, dəqiq və texniki elmlər sahəsində çalışan insanlar sənətdən uzaq olur. Lakin əksinədir, bu insanlar güclü yaradıcı ruha sahib olurlar. Əgər sizin də daxilinizdə şeir, sənət, poeziya sevgisi varsa, bunu inkişaf etdirməyinizi tövsiyə edirəm. Peşəkarlıq və istedad qoşa addımlayır. İstedad Allah vergisidir, peşəkarlıq isə bunu ortaya qoymaq bacarığıdır".

 

Yeni çapdan çıxan "Köhnə qorxular" və "Sevgi açarı" kitablarını təqdim edən Xalq şairi nəşrdə yer alan şeirləri və tərcümələri barədə məlumat verib. Uşaq yaşlarından şeirə, kitaba olan marağından danışan şair xatirələrini bölüşüb, sevilən şeirlərini səsləndirib.

 

Gecədə BANM-in tələbələri də R.Rövşənin şeirlərini səsləndiriblər. Sonra Xalq şairi tələbələrin suallarını cavablandırıb.

 



17.05.2022 | 15:05