Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təbliği | |
Azad Müəllimlər İctimai Birliyi cari tədris ilində Bakı şəhərində müvəqqəti yerləşən Zəngilan rayon 4 və 33 nömrəli tam orta məktəblərində Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Dəstəyi ilə “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin aşılanması və stimullaşdırılması ilə bağlı tədbirlərin təşkili” layihəsini həyata keçirib.
Bu günlərdə layihənin yekun dəyərləndirilməsi ilə bağlı dəyirmi masa təşkil olunub. Dəyirmi masada təşkilatın sədri Pərvanə Talıbova layihənin məqsədi, əhəmiyyəti və görülmüş işlər barədə məlumat verib. Bildirib ki, kitab cəmiyyətin, şəxsiyyətin formalaşmasında, mədəniyyətin inkişafında mühüm rola malikdir:”Son dövrdə dünyada tez-tez gündəmə gələn mövzulardan biri də oxu mədəniyyətinin inkişaf etdirilməsi və yayılması ilə bağlıdır. Bu sahədə ölkəmizdə də çox əhəmiyyətli addımlar atılır. Nəzərə alsaq ki, mütaliə eyni zamanda, dilin qorunub saxlanmasında əhəmiyyətli rol oynayır, məsələnin nə qədər aktual olduğunu görə bilərik. Təşkilatın sədri daha sonra qeyd edib ki, sosioloji sorgu əsasında hər iki məktəbdən 40 şagird seçilib, həmçinin layihəyə könüllülər də qatılıb. Layihənin icrası ərzində 10 seminar keçirilib, 6 dərnək təşkil olunub. Milli Məclisin üzvü Fazil Mustafanın ev kitabxanasına, Firudun bəy Köçərli adına Respublika Uşaq kitabxanasına, Miniatür Kitabxanasına baş çəkilib. Məktəbliləri kiçik hekayələr və şeirlər yazmağa həvəsləndirmək üçün müsabiqələr təşkil edilib. Oxu mədəniyyətindən bəhs edən flayerlər hazırlanaraq layihə və dəyirmi masa iştirakçılarına paylanılıb.
Dəyirmi masada Zəngilan Rayon Təhsil Şöbəsinin nümayəndəsi Rüstəm Aslanov, Azad Müəllimlər İctimai Birliyinin nəzdində yaradılmış Gənclərlə iş qrupunun rəhbəri, ingilis dili müəllimi Dilarə Bünyadova, Milli Mədəniyyətin Təbliği ictimai birliyinin sədri Jalə Cəfərova, Taleh Əliyev, təlimçi Nüşabə Mehtiyeva, KİV və QHT nümayəndələri, valideynlər çıxış edərək, belə layihələrin vaxtaşırı həyata keçirilməsi zəruriliyini vurğulayıblar.
Sonda layihədə iştirak edən məktəblilərə klassik, müasir dünya ədəbiyyatından seçilmiş kitablar hədiyyə edilib, sertifikatlar təqdim olunub. |
|
17.05.2022 | 13:08 | |
|
|
|