Təhsildə yeniliyə can atanlar | |
Məlum olduğu kimi, artıq bir neçə ildir ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkəmizdə Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri keçirilir. Təhsil sahəsində baş verən mütərəqqi dəyişikliklərin davamı olaraq bu müsabiqələrin başlıca məqsədi təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti, yeni ideyaları stimullaşdırmaqdan ibarətdir. Cari tədris ilində keçirilən V Qrant müsabiqəsinin aşağıda oxuculara təqdim etdiyimiz qalib layihələri də təhsildə yeniliklərə can atan müəllimlərimizin səmərəli axtarışlarının bəhrəsi kimi diqqətçəkicidir.
" Məktəblilər arasında maliyyə savadlılığının artırılması"
Masallı rayonu M.Qarayev adına Sığıncaq kənd tam orta məktəbin coğrafiya müəllimi Fərəc Cəfərovun V Qrant müsabiqəsində qalib gəlmiş layihəsi “Məktəblilər arasında maliyyə savadlılığının artırılması” mövzusuna həsr olunub. Son illərdə dünyanın bir sıra təhsil sistemlərində aktual olan mövzu barədə layihə rəhbəri məlumat verir:
- Məlum olduğu kimi, qloballaşma dövründə daxili qənaət ölkə iqtisadiyyatının inkişafı üçün lazımi investisiyaların əsas mənbəyi kimi böyük əhəmiyyət kəsb edir. Sürətlə inkişaf edən ölkəmizdə diqqət yetirilən əsas sahələrdən biri də maliyyə savadlılığıdır.Ölkə başçısı İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlənmiş " Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması ayrıca strateji hədəf kimi qeyd olunmuş və maliyyə savadlılığının əhəmiyyəti bir daha vurğulanmışdır.
Layihə çərçivəsində təşkil olunmuş təlimlərə Masallı rayonu üzrə 8 məktəbdən 221 şagird qatılıb və onlara sertifikatlar verilib.
“Gənclərin uğurlu karyera yolu”
Müasir dövrdə təhsil sistemləri qarşısında duran əsas vəzifələrdən biri təhsilalanlarda düzgün peşə seçiminin formalaşdırılmasıdır. Laçın rayon Habil Həsənov adına Mişni kənd tam orta məktəbin müəllimi Gülnar İsmayılovanın V Qrant müsabiqəsində qalib gəlmiş “Gənclərin uğurlu karyera yolu” layihəsi də bu baxımdan aktuallığı ilə seçilir.
- Orta məktəb məzunlarının müstəqil həyatda qarşılaşdıqları əsas problemlərdən biri də onların düzgün peşə seçimi edə bilməmələridir. Düzgün karyera seçimi doğru yolda addımlamaq üçün əsas amillərdən biridir; Uğurlu iş həyatının başlanğıcı, təməl nöqtəsidir. Universitetə hazırlaşan abituriyentlər çox zaman hansı ixtisası və niyə seçəcəklərini bilmirlər. Çox vaxt ya balları çatacaq ixtisasları yazırlar, ya da valideynləri haranı məsləhət görərsə, oranı da qeyd edirlər. Bu isə həmişə doğru qərar olmaya bilir. “Gənclərin uğurlu karyera yolu” layihəsi çərçivəsində təşkil olunan təlimlər sayəsində isə təhsilalanlar həyatdakı məqsədlərini, bacarıqlarını, dəyərlərini, seçimlərini, həqiqətən də nəyi, niyə görə istədiklərini anlayaca biləcəklər. Bu layihə onları özlərini yaxından tanımağa, özünüinkişafa sövq edəcək. Bu təlimlərin nəticəsi şagirdləri həyata hazırlayır. Layihə şagirdlərə özlərini həyatda tapmağa kömək edəcək. Proaktiv, motivasiyalı bir gənc kimi yetişmələrində ayna effektini göstərəcək. Həmçinin şagirdlərin cəmiyyətdə tanınması, uğurlu bir gənc kimi ölkəsinə fayda verməsi üçün layihə öyrədici və faydalılıq prinsiplərini özündə daşıyır. Məlumdur ki, ucqar kənd məktəblərində şagirdlər bu problemlə daha çox rastlaşırlar. Təhsil Nazirliyi tərəfindən İsrailə göndərilmiş və orada təlim keçmiş beynəlxalq sertifikatlı müəllim olaraq bu layihəni həyata keçirməyə qərar verdim. Ağcabədi rayonunda yerləşən kənd məktəbləri üçün bu layihəni reallaşdırmağı özümə borc bildim. Layihə üçün kənd məktəblərindən şagirdlər seçmək və onlara dəstək olmaq üçün təlimlərə cəlb etməyin faydalılığını düşündüm.
Layihəni reallaşdırmaq üçün online təlim kursuna dair maarifləndirmə işinin təşkili məqsədilə rayon təhsil şöbəsinin dəstəyi ilə məktəbləri müəyyən etdim. Peşəkar təlimçi Peykər İbrahimova tərəfindən təlimlər keçirildi. Layihə 5 məktəbi və 75 şagirdi əhatə etdi. Ötən ilin sentyabr- dekabr aylarında həftədə 2 dəfə olmaqla, ayda 8 dəfə "Zoom" proqramından istifadə etməklə keçirilən təlimlər özünükəşf, əmək bazarı və gələcəyin işi, məqsədlər, şəxsi brend, iş axtarışı - ənənəvi və müasir yollar, rezüme/CV və s. mövzularda təşkil olundu.
“Yaradıcı kodlaşdırma”
Daşkəsən rayonu Qaratağlar kənd ümumi orta məktəbin müəllimi Günel Şirinova V Qrant müsabiqəsində “Yaradıcı kodlaşdırma” layihəsi ilə iştirak edib. G. Şirinova qeyd edir ki, layihənin məqsədi Daşkəsən rayon mərkəzində yerləşən məktəblərdə təhsil alan şagirdlərə rəqəmsal kodlaşdırma üzrə bilik, bacarıq və səriştələr aşılayaraq texnoloji savadlılıq sahəsi üzrə yaradıcı şagird formalaşdırmaqdır.
Layihə çərçivəsində Daşkəsən şəhər ümumtəhsil məktəblərindən təlimlərə ümumilikdə 45 nəfər şagird cəlb olunub. Layihə müddətində şagirdlərə digital (rəqəmsal) yaradıcılıq, alqoritmik düşünmə, “PYTHON” proqramlaşdırma dili, animasiyalar üçün kodların yazılması, digital (rəqəmsal) oyunların dizaynı mövzularına aid təlimlər keçirilib.
Oruc MUSTAFAYEV
|
|
17.05.2022 | 11:02 | |
|
|
|