Riyaziyyat və Mexanika İnstitutu “Teknofest Azərbaycan”da innovativ texnologiyalar təqdim edəcək

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutu “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində təşkil olunacaq sərgidə iştirak edəcək.

 

Bu barədə institutun Maye və qaz mexanikası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Qeylani Pənahov məlumat verib. O, elmi müəssisənin təqdim edəcəyi texnologiyaların neft-qaz sənayesində həyata keçirilən işlərin səmərəliliyinin artırılmasında mühüm rol oynayacağını və onların artıq dünyanın bir çox ölkələrində sınaqdan keçirildiyini diqqətə çatdırıb.

 

Alim bildirib ki, sərgidə nümayiş olunacaq karbohidrogenlərin çıxarılması, nəqli və saxlanılması həlləri ilə bağlı təqdimatda karbohidrogenlərin axın və süzülmələri zamanı yaranan çətinliklər, onların aradan qaldırılması məsələləri ilə əlaqədar tədqiqatlar, alınan patentlər, bu istiqamətdə effektivliyin artırılması üçün yaradılan innovativ texnologiyalar, onların müəyyən sənaye sahələrində tətbiq olunma coğrafiyası barədə məlumat veriləcək.

 

Q.Pənahov yaratlıqları özlü-elastiki kompozit sistemlərlə müxtəlif diametr və relyefə malik boru  kəmərlərinin təmizlənməsi, yüksək qaz faktorlu neft quyularının boğulması, kənar  suların izole edilməsi, lay daxilində yaradılan CO2 qaz-maye aralığı ilə  neftvermə əmsalının artırılması və neft quyularında hasilatın intensivləşdirilməsi texnologiyalarının da sözügedən sərgidə təqdim olunacağını qeyd edib.

 

 



16.05.2022 | 16:49