Məktəbdə ‘’Dinamik Təhsil’’ layihəsinə start verilib

Abşeron rayon, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə ‘’Dinamik Təhsil’’ layihəsinə start verilib.

 

Məktəbin direktoru Ədalət Camalova bildirib ki, həyata keçirilən layihə ‘’Təhsildə inkişaf və innovasiyalar üzrə 2 qrant müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olub.  Məktəbin ingilis dili müəllimi Elnarə Həsənova da sözügedən müsabiqədə ‘’İngilis dilinin kreativ tədrisi’’layihəsi ilə qalib gəlib. ‘’Dinamik Təhsil’’ layihəsinə 13000 AZN məbləğində qrant ayrılıb. ‘’İngilis dilinin kreativ tədrisi’’layihəsi isə 3000 AZN qrant alıb.

 

‘’Dinamik Təhsil’’ layihəsi Abşeron rayonunun mərkəzində 10 məktəb və kənd-qəsəbələrində isə  30 məktəb olmaqla 40 məktəb üzrə keçiriləcək. Layihənin əsas məqsədlərindən biri olan pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün Abşeron məktəblərindəki ingilis dili müəllimləri 21 gün ərzində təlimlərə cəlb olunaraq elektron resuslardan istifadə və qrammatikanın yeni beynəlxalq proqramlar əsasında tədrisi ilə yaxından tanış olacaqlar. Təlimlər beynəlxalq sertifikatlaşdırılmış xarici təcrübəyə malik 2 təlimçi müəllim-Rəsmiyyə Bədirova və Elnarə Həsənova tərəfindən aparılacaq.

 

“Dinamik Təhsil” layihəsi çərçivəsində yaradılacaq www.teacherspayteachers.az saytının köməkliyi ilə hətta ən ucqar rayondakı müəllimlərlə belə təcrübə mübadiləmiz asanlaşacaq. Həmçinin təlimlərdə iştirak edən müəllimlər iş vərəqələrini, gündəlik dərslərdən şəkil və qısametrajlı videosujetləri səhifədə yerləşdirərək valideynləri bir internet portaldan məlumatlandırmaq şansı qazanacaqlar. Bu da digər rayon və kənd məktəblərinin müəllimləri ilə təcrübə mübadiləsinə kömək edəcək”,-deyə direktor qeyd edib.

 

Rəşad ZİYADOV



24.08.2018 | 14:27