“Hoca Ahmet Yesevi” Uluslararası Bilimsel Araşdırmalar Konqresi və Beynəlxalq Çay Konfransı | |
Lənkəran Dövlət Universiteti (LDU) və Türkiyənin İqtisadi inkişaf və Sosial Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə “Hoca Ahmet Yesevi” 6-cı Uluslararası Bilimsel Araşdırmalar Konqresi və Beynəlxalq Çay Konfransı başlayıb.
LDU-nun rektoru, professor Natiq İbrahimov rəhbəri olduğu ali məktəbin mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsindən məmnun olduğunu bildirib, Azərbaycanla Türkiyə arasında son illərdə bütün sahələrdə möhkəmlənən dostluq əlaqələrindən, ikitərəfli münasibətlərin qardaş ölkələrə verdiyi töhfələrdən, 44 günlük Vətən müharibəsində Türkiyənin mənəvi dəstəyindən danışıb. LDU ilə Türkiyənin 30-dan artıq universiteti arasında yaranmış əlaqələrin perspektivlərindən bəhs edən rektor konfransın olduqca vacib mövzuya həsr edildiyini xüsusi vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.
Beynəlxalq konfransa onlayn qoşulan Türkiyənin İqtisadi inkişaf və Sosial Araşdırmalar İnstitutunun prezidenti, doktor Mustafa Latif Emek çayçılığın inkişafını qida təhlükəsizliyinin vacib məsələlərindən biri kimi dəyərləndirib, bu istiqamətdə elmi araşdırmaların vacibliyini önə çəkib.
LDU rektorunun müşaviri, texnika elmləri doktoru, professor Mikayıl Məhərrəmov “Azərbaycanda çayçılıq tarixi: müasir vəziyyət, çayın kimyəvi tərkibi və əhəmiyyətinə dair tədqiqatlar” mövzusunda geniş məruzə edib. Məruzədə Azərbaycanda çayçılığın inkişaf mərhələlərindən, son on ildə bu sahənin dirçəldilməsi istiqamətində ölkə miqyasında görülən işlərdən, LDU-da bu sahədə aparılan kadr hazırlığından və s. məsələlərdən ətraflı bəhs olunub.
Qeyd edək ki, 13-15 may aralığında keçiriləcək Beynəlxalq Çay Konfransında 20-dən artıq xarici ölkənin alim və tədqiqatçıları iştirak edir. Hazırda konfrans işini bölmələrdə davam etdirir.
|
|
13.05.2022 | 17:11 | |
|
|
|