Vətən mənə oğul desə nə dərdim... | |
Böyük şairimiz Məmməd Arazın şeirindən olan bu misranın nurlu ideyası belə tamamlanır ki, hətta “mamır olub qayasında bitməyimlə” də fəxr edərdim!.. Vətəninə, xalqına layiq olmaq üçün, onun uğrunda hər bir işə hazır olmaq insan üçün harada yaşamağın, işləməyinin, doğulmağının bir önəmi olmur. Əsas odur ki, Vətəninə, Xalqına fədakarlıqla xidmət edəsən, Vətənin azadlığı, yüksəlişi naminə hər cür çətinliyə qatlaşasan.
Xalqımızın II Qarabağ savaşında apardığı və qazandığı tarixi, ədalətli zəfər - qələbə nəticəli 44 günlük müharibə, əzmkar mücadilə bu ümummilli düşüncəni bir daha sübut etdi. Azərbaycanımızın dörd bir tərəfindən igid oğullarımız bir an düşünmədən, qorxmadan Vətənimizin qeyrət simvolu olan Qarabağa yollandılar. Şəkidən, Qubadan, Lənkərandan, Naxçıvandan, Lerikdən, Gədəbəydən - ən ucqar şəhər və kəndlərimizdən gənclərimiz gözünü qırpmadan Vətəni qorumağa səfərbər oldular. Bu Vətəndə yaşayan, onu doğma Vətən bilən hər bir millətdən olanlar - ləzgilər, yəhudilər, talışlar, tatlar, ingiloylar, avarlar, udilər, azərbaycanlılar Vətəni qorumaq, onun cənnət parçası olan doğma Qarabağımızı 30 illik əsarətdən xilas etmək üçün birləşdilər. Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək işğal altında olan Vətən torpaqlarını yağı düşməndən azad etdilər.
Onu demək istəyirəm ki, istər müharibə olsun, istər dinc quruculuq dövrü, insanın vətənsevərliyi harada işləməyindən asılı deyil, yetər ki, ona əsl vətəndaş kimi xidmət etmək istəyəsən. Elə bizim bu kiçik yazının qəhrəmanı Azərbaycan Respublikasının Əməkdar müəllimi Eldar Qasımov kimi...
Kimdir Eldar müəllim?! 30 il erməni təcavüzünə sinə gərən, sərhəd bölgəsində səngər-qala olan Gədəbəydə doğulub, boya-başa çatıb Eldar Bəşir oğlu Qasımov. O, vaxtı ilə kənd-kəsəkdə, yan-yörəsində böyüyən uşaqlara yol göstərmək, bilik, savad vermək amalı ilə müqəddəs müəllimlik peşəsini seçib. O zamankı Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini əla və yaxşı qiymətlərlə başa vurub. Yüksək təhsili və mədəniyyəti, yaxşı oxumağı ilə tələbə yoldaşları arasında seçilib. Qrup tələbələrindən yaşca böyük olması ona ciddiyyət və məsuliyyət hissi qazandırıb, cavabdehlik kimi yüksək mənəvi keyfiyyətlərə malik olması ilə fərqlənib. Təhsil illərində daim müxtəlif idman yarışlarında fakültənin və institutun şərəfini layiqincə qoruyub. O, daima sərbəst güləş üzrə idman yarışlarında təbii gücü və qazandığı ustalığı ilə fəxri kürsüləri fəth edib. O zamanlar (1975-1979-cu illər) tələbələr kənd təsərrüfatı ilə məşğul olan əməkçilərin köməyinə gedər, yay tətilini çox vaxt tələbə-inşaat dəstələrində müxtəlif bölgələrdə çalışardılar. Burada da Eldar tələbə yoldaşlarından əməksevərliyi ilə fərqlənərdi. O, doğulduğu bölgənin zəngin və əsrarəngiz təbiətinə uyğun şeir, sənət ruhlu gənclərindən idi. Tələbə yoldaşları onu həm də şair duyğularına görə sevirdilər və günümüzdə Riyaziyyat fakültəsinin o zamankı “R9“ qrupunun fəxri “ağsaqqalı” hesab edirdilər. Qrup yoldaşlarından Ramiz, Hikmət, Əhəd, Mikayıl, İnşalla, Müştəba, Əbdülhəmid, Təhməz, Saleh, Zöhrə, Həzimə, Züleyxa, Kəmalə, Gövhər, Leylan, Şəfiqə, Qətibə, Mina və digərləri 40 ildən artıq müddət keçməsinə baxmayaraq, bu gün də daim bir-birləri ilə əlaqə saxlayır, hal-əhval tutur, xeyir-şər məclislərində iştirak edirlər. Bunun əsas təşkilatçılıq missiyasını vaxtilə qrup nümayəndəsi olmuş və hazırda Kəlbəcər rayon icra nümayəndəsi Ramiz Musayev böyük fədakarlıqla həyata keçirməkdədir.
Bakıda qalıb peşəsinə uyğun sahələrdə çalışmaq imkanlarına baxmayaraq, Eldar Qasımov Vətəninə, xalqına, qoyub gəldiyi kəndinə, onun təhsilə ehtiyacı olan balalarına borcunu ödəmək üçün doğma elinə qayıtmağı üstün tutur.
Öz kəndlərində - Azərbaycanın dilbər guşələrindən olan Gədəbəy rayonunun Hacıalılar kənd orta məktəbində işə başlayır. Tezliklə sayılıb, seçilən müəllimlərdən olur, ali məktəbdə qazandığı bilikləri, fənlərin şahı sayılan riyaziyyatı öz uşaqları kimi sevdiyi gənclərə öyrədir. 30 il erməni vandallarının atəşi altında qalan Gədəbəydə usanmadan, yorulmadan vətəndaşlıq borcunu yerinə yetirir. Şagirdlərinə həm riyaziyyatı, həm də Vətən sevgisini, torpağı, sərhədi qorumağı öyrədir. Məhz Eldar müəllim kimi vətənsevər müəllimlərin yetirdiyi gənc igidlərin sayəsində Qərb bölgəmizin sərhədləri toxunulmaz oldu. Gədəbəy sərhəddə keçilməz, alınmaz qalaya çevrildi...
Bu gün vaxtı ilə təhsil aldığımız ali məktəbin hörmətli və sevimli məzunlarından olan Eldar Bəşir oğlu Qasımov ömrünün 70-ci baharında, həyatının kamillik çağında da öz müqəddəs müəllimlik peşəsinin başındadır. 40 ildən artıqdır ki, Eldar müəllim şagirdlərinə bilik verir, onları həyata hazırlayır, əsl vətəndaş yetişdirir. Təsadüfi deyildir ki, vaxtı ilə əkdiyi toxumlar öz bəhrəsini verir. Onun yetirmələrinin səsi və uğurları Vətəndən və onun hüdudlarından kənardan da gəlir. Yetirmələrinin xoş xəbərləri, uğurları Eldar müəllimi daha da ilhamla işləməyə sövq edir, şərəfli həyatına məna qatır.
İftixar etməli haldır ki, elə dövlətimiz də uzaq sərhəd kəndində namusla, vicdanla müəllimlik peşəsini uzun illər yorulmadan həyat amalına çevirən Eldar müəllimi yüksək qiymətləndirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Eldar Bəşir oğlu Qasımov 2005-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Adı və əməlləri ilə Gədəbəydə el-oba arasında böyük hörmət sahibi olan Eldar müəllim artıq respublikada da yaxşı tanınan pedaqoqlardan sayılır.
İnanırıq ki, Əməkdar müəllim Eldar Bəşir oğlu Qasımov hələ bundan sonra da uzun illər Vətəninə, elinə-obasına sadiq övlad kimi təhsilimizin inkişafı yolunda çalışacaq, müəllimlik peşəsinə vurğunluğu ilə neçə-neçə nəslə örnək olacaq, Vətənimizə layiq savadlı, bacarıqlı və həqiqi vətəndaşlar yetişdirəcəkdir.
Əziz Eldar müəllimə keçmiş tələbə yoldaşları adından bundan sonrakı müqəddəs müəllimlik fəaliyyətində yeni-yeni uğurlar diləyir, möhkəm can sağlığı arzulayırıq. Ulu Tanrıdan təmmanamız budur ki, onun Vətən sevgisi, müəllimlik səbri heç vaxt tükənməsin! Yaşadığı və boya-başa çatdığı yurdun uca dağları, saf sulu çayları kimi əbədi və bərəkətli ömür payı yaşasın! Səksənində görüşmək ümidi ilə!...
Hümeyir ƏHMƏDOV, Azərbaycan Respublikası Təhsil İnstitutunun Elmi-pedaqoji kadr hazırlığı şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor
|
|
13.05.2022 | 15:11 | |
|
|
|