Hidayətin yaradıcılığında İNSAN və onun sosiallaşma şərtləri | |
Hidayətin, sözsüz ki, altmışıncı illərdə Azərbaycan ədəbiyyatının ancaq mövzusuna deyil, o ədəbiyyatın dilinə, ifadə tərzinə yeni ruh gətirəcək nəsim yaradan müasir və işıqlı ədəbi nəslin ən parlaq nümayəndələrindən biri kimi ədəbiyyat tariximizdə qalacağına şübhə yoxdur. O nəslin ancaq ədəbiyyatımızı və ümumiyyətlə, ədəbi mühiti şərtləndirən, onun axarını müəyyənləşdirən rolu isə, hesab edirik ki, uzun müddət ədəbiyyat tariximizin subyekti olacağı da mübahisəsiz görünən gerçəklikdir.
Böyük ədəbiyyat nümunələri istənilən cəmiyyət üçün fors- major situasiyadır. O, bəzən konkret ideoloji standartlardan çıxması ilə bu situasiyanı yaratmır, həmin “ideoloji standartlar”ın bəzən, hətta dəyişməz kimi görünən sərhədlərinin demarkasiyasını günün qaçılmaz məsələsinə çevirir. Bu, hər bir cəmiyyətin qaça bilməyəcəyi dəyişmə prosesini təmin etməli olan, həmin dəyişkənlk zərurətini gündəmə gətirən potensial enerjinin başlıca hərəkətverici qüvvəsidir. İstənilən formasiyanın daşlaşmış qanunlarına, mövcud dövrün ancaq siyasi deyil, hətta sosial tabularına baxmayaraq o proses qaçılmazdır. Ona görədir ki, bütün zamanlarda bədii təfəkkür daşıyıcılarına hakim ideologiyanın yanaşmalarını bu gerçəklikdə axtarmaq lazım gəlir.
Fikrimizcə, həmin axtarışların nə qədər məhsuldar olduğunu ədəbiyyat nümünələrində aramaq onun üçün məntiqi görünür.
Ədəbi tənqidimizdə “Altmışıncılar” deyilən o nəslin ancaq qabartmaq istədikləri mövzular deyil, o mövzulara yanaşma tərzi oxucular üçün daha cəlbedici, qəhrəmanları isə tanış idilər. Həmin mövzu və qəhrəmanlar isə oxucular üçün qondarma, yad deyildi, necə deyərlər, həyatın içindən gəlirdi və deyək ki, onların isti qarşılanması o ədəbiyyatı yaradanların istedadı ilə nə qədər bağlı idisə, bir o qədər də həmin doğmalıqla bağlana bilər.
Bu baxımdan Hidayətin nəsri, ilk baxışda, naturada çəkilmiş zarisovkalar effekti yaradır; tədricən ciddiləşən süjet xəttinə qoşulub dərinliklərə getməyindən belə, xəbərin olmur, heç ictimai məna daşıyan bu hadisələrin içində vurnuxmağa isə macal tapmırsan.
Hadisələrin dinamikliyi buna imkan vermir.
Ona görədir ki, dünya ədəbiyyatında realist hekayə ustalarından biri, ədəbiyyatı “həyat həqiqətləri” adlandırır və onu cəlb edən bu həqiqətlərə “azca bədiilik qatmaq lazım gəldiyini” qeyd edirdi.
Hidayətin nəsrində diqqəti çəkən bu “həyat həqiqətləri” çox qabarıqdır.
Cəfər Cabbarlının, gənc yaşlarında Azərbaycan ədəbiyyatının klassiklərindən biri kimi qəbul edilən böyük dramaturqun gənc yazıçılara üz tutduğu məşhur kəlamını yada salmamaq olmur. O, ədəbi mövzuların seçimində onlara tipik hadisələrin seçilməsini tövsiyə edirdi. “Altmışıncı”lar üçün xarakterik olan həmin xarakterik xüsusiyyət Hidayətin nəsr yaradıcılığı üçün xüsusilə xas maneralardandır. Həyatın parlaq təsviri, xarakterlərin sərrast təqdimatı o qədər ustalıqla verilir ki, hətta ən xırda, əhəmiyyətsiz görünə biləcək detal belə, yaddaşa həkk olunur. Bu cəhətləri yazıçının “Günorta”sında, “İrəvanda xal qalmadı”sında, “Ömürdən uzun gecə”sində gördüyümüz kimi, “Tamaşadan sonra”sında da müşahidə edirsən. Yazıçının Sahil şəhərində, özünəməxsus təhkiyəsi ilə söylənilən hekayət təkcə premyerası olacaq tamaşa ətrafında gedən hadisələri deyil, dolayısı və birbaşa bu hadisələrlə bağlı insanların və o insanların şəxsində cəmiyyətin hekayətidir. Sizə elə də gəlməsin ki, premyerası olacaq o bir tamaşanın müəllifi, həmin tamaşanın rejissoru və aktyorları, bu tamaşaya baxışın nəticələrini qiymətləndirəcək adamlar hansısa konkret zaman və məkanı təmsil edirlər. Yox, elə deyil, Hidayətin bu povestinin də qəhrəmanı bütün zaman və məkanların hərəkətverici qüvvəsi olan insan Mənəviyyatıdır. O mənəviyyatı hədəfi müəyyənləşdirən, həcmindən asılı olmayaraq hansısa teatr səhnəsinə sığan dekorasiyanın məcrasında axtarmaq özü belə, uğursuz cəhddir. Bu, povestin süjet xətti boyunca kölgədə qalmasına baxmayaraq, açıq-aşkar görünən gerçəklikdir və oxucu ancaq həmin gerçəkliyin özünü deyil, onu yaradan, doğuran amilləri də izləmək fürsəti qazanır. Və nəticəni, insanın əxlaqi keyfiyyətlərinin məcmusu olan, seçim vaxtı rəhbər tutduğu qaydalar toplusunun formalaşmasında təkcə şəxsiyyətin deyil, onu əhatə edən ictimai mühitin açıq- aşkar dominantlığına bir daha əmin olursan.
İnandırmaq sənəti buna görədir ki, bütün zamanlar üçün əlçatmaz görünür.
“Səhnənin pərdəsi bağlanar- bağlanmaz kimsə acıqlı, amiranə səslə:
- Müzakirəni başlayın! - dedi. Salon araqaranlıq idi hələ. Heç kəs yerindən qımıldanmırdı, çünki bu acıqlı, amiranə səs hamıya tanışdı. Hətta cəmi- cümlətanı, üçcə saat bundan qabaq, ömründə ilk dəfə Sahil şəhərinə qədəm basmış müəllifə də”.
Və beləcə, Sahil şəhərinin, az qala, mənəvi mühit fonunu yaratmaq fikrinə qədər gəlib çatmış Qədir müəllimin səsindəki amiranəlik tonunu şərtləndirən amillərin yanından ötəri keçmirsən. Onu da diqqətdən kənarda saxlaya bilmirsən ki, Qədir müəllimi, şəhər partiya komitəsinin birinci katibini, əslində, “şəhərin yiyəsi” olan bu adamın səs tonunu ancaq tutduğu vəzifə yaratmayıb. Azından, həmin tonların cilalanmasında cəmiyyət olaraq hər birimiz iştirak edirik. O iştirakımızın, ədəbiyyatda “balaca işlərin nəzəriyyəsi” kimi təsnif edilsə də sonradan cəmiyyətin böyük problemlərinin astanasına çevrilən bu gerçəkliyin inikasını Hidayətin ancaq nəsrində deyil, bütün yaradıcılığında müşahidə etmək olur. Onu da açıq- aydın görmək mümkündür ki, bütün bunlar, özünün bütün ştrixləri ilə naturadan çəkdiyi lövhələr o Mənəviyyatın formalaşmasında Hidayət üçün ikinci dərəcəli amil deyil. Yazıçının povestdə onu imkan düşən hər bir məqamda yada saldığını görmək mümkündür: “- Əvvəlcə bədii şuranın üzvləri danışsınlar! - amiranə səs tonunu heç azaltmamışdı. Fikrini də özü axıracan açdı: - Sonra deməsinlər ki, rəhbər yoldaşlar müzakirəyə istiqamət veridlər, bədii şuraya, yaradıcı adamlara təsir elədilər və sairə və ilaxır...
... Ucaboylu, qaraşın bir kişi ayağa qalxdı, söz istəmədən mikrofona yaxınlaşdı: - Bu pyes yaxşı ki, bizlərdən uzaqlarda yazılıb. Bizimkilər yazsaydılar topa tutardıq. Amma həyatımızdan yazıblar. Elə bil, müəllif neçə yol gəlib- gedib bura. Necə öyrənib cik- bikimizi, deyə bilmərəm, amma düz yazıb. Özümüzü gördük bu güzgüdə, mən də özümü gördüm, tamaşada bəstəkarlardan söhbət getmir, amma özümü gördüm, qonşumu gördüm, nəticə çıxarmaq üçün çox fikirləşməliyəm. Amma biz qoymayacağıq bu tamaşanı qəddini açsın, bağlayacağıq.”
Bu qısa epizoddur və həmin epizod səhnəsi ilə Hidayət sanki “özünü güzgüdə görənlərin” və “Bəzən qabarıq görünən” halların cəmiyyət üçün hələlik xarakterik olmadığını nümayiş etdirir. Düzdür, elə insanlar azdır, lakin sabahkı nəsil qarşısında məsuliyyətini dərk edənləri bu azlıq özü hansısa pessimizmə tərəf çəkməməlidir. Bəstəkar Elsevərin, filosof Qurbanın, “Sahilin hər divarını, hər daşınını elə bil öz əlləriylə qoymuş”, tamaşanın müəllifi Savalanın biliyinə, təfəkkürünə, qeyrətinə, hətta sağlamlığına heyrət etdiyi xalq artistinin və digər personajların şəxsində bu hisslər təlqin edilir. Povestin ruhunu təşkil edən, əsərin ana xəttində dayanan o Mənəviyyat ancaq ölçü vahidi kimi görünmür, ayrı-ayrı toplumların, ümumilikdə, cəmiyyətlərin mahiyyətini özündə ehtiva edən, dil faktorundan əlavə, mövcud mənəvi keyfiyyətlərin daşıyıcısı olan millətin sifətini müəyyənləşdirir. Düzdür, bu, ziddiyyətlərlə müşayiət olunur, bunun özü də təəccüblü deyildir ona görə ki, hər bir dialektik inkişafın kinetik enerjisi əksiliklərin ziddiyyətidir. Elə tamaşadan əvvəl dramaturq Savalanın müşahidə etdiyi də budur və şəhər partiya komitəsinin ixtisasca geoloq olan ideologiya şöbəsinin müdirinin çıxışını da o ziddiyyətlərin nümunəsi kimi qəbul edirik. Həmin ideologiya şöbəsinin müdiri ondan əvvəl çıxış edən bəstəkarın Savalanın tamaşaya qoyulacaq əsərini nəzərdə tutaraq dediyi “Amma biz qoymayacağıq bu tamaşanı qəddini açsın, bağlayacağıq”- sözlərini nəzərdə tutaraq deyir: “Siz dünən də belə çıxış edirdiniz?- yerdən atılan kobud atmacanın qığılcımı üstünə su səpdi elə bil, sakitcə cavab verdi: -Bizim yollarımız bir- birinə tamam əks istiqamətdədir. Siz elə gedirdiniz,- sol qolunu cənuba uzatdı girdəsifət, eynəkli kişi, - biz belə, -sağ qolu ilə şimalı göstərdi.
- Dünən də, srağagün də. Bu günə belə danışa-danışa gəlib çıxmışam, sabaha gedirəm. Bilirsiniz hara? Kommunizmə. Hünəriniz var, mənimlə getməyin! - keçib yerində əyləşdi.”
Həmin “girdəsifət, eynəkli kişi” ideologiyaların oturuşduğu neçə min illik zamandan bəri bütün cəmiyyətlərdə silah qismində tətbiq edilən metodologiyadan istifadə edir; azca fərqli fikir söyləyəni, hətta o fikri ürəyindən keçirib də söyləməyəni belə, düşmən elan edir. İosif Cuqaşvilinin- Stalinin söylədiyi “Hər bir səhvin öz adı və familiyası var”- sözləri onda elə də uzaq olan vaxtlarda deyilməmişdi və hələ keçərli idi. Bu illərin sınaqdan çıxardığı, əslində, əbədi olmayan ideologiyaların daldasında gedən savaşda insanın yaşam forması, həyat uğrunda mübarizə formulası ayrı-ayrı millətlərin seçdiyi yolun landşaftıdır. Baxmayaraq ki, tamaşanın oynanılacağı, adı da “Sahil” olan bu sahil şəhərində mövcud olan insanlar təbii landştafta uyğunlaşmaq yox, əksinə, landştafı öz xəyalən təsəvvür etdikləri dünyalarına uyğunlaşdırmaqda qərarlıdır. Bir sözlə, mərhum şairlərimizdən birinin beytində deyildiyi kimi: “Təbiət, təslim ol, düşmən, təslim ol..!”.
Etiraz edənlərin arqument çatışmazlıqlarını nəzərə alaraq birmənalı deyə bilərik ki, hər bir millətin formalaşmış xarakterini həmin landşaftda axtarmaq gərəkdir.
Buna görədir ki, “Tamaşadan sonra”nın özü bir tamaşadır. O tamaşada çox şeyləri görmək olar, lakin nəinki görükən, hətta özünü gözə soxacaq qədər qabardan faktın inkarı mümkünsüzdür: böyük ideallar hansı ideal sahiblərinin qurbanına çevrilir..! Onlar bəlkə də ürəklərinin ən dərin qatlarında gizlənmiş Həqiqətin özündən belə, diksinirlər...
Amma o həqiqətin ayaq tutmasından üşənir, vahimələnir, nəhayət, Sahil şəhərindəki teatrın direktoru kimi, həmin vahiməni elə bu cür ifadə edirlər: “Hər halda, müəllif də, teatr da böyük risk eləyib”- sözləri ilə Həqiqəti etiraf edirlər. Lakin bu etirafın dilə gətirilərək səslənməsi heç də həmişə “nəhəng bir zavodun raykom hüquqlu partiya komitəsi katibinin” “Sosialist həqiqətlərini təhrif edirlər!” - ittihamı ilə kifayətlənmir. Burdan geriyə, cəmi-cümlətanı 50 il əvvələ qayıtmağın özü belə, an məsələsidir ki, Kiminsə həyəcandan əsən əllərinin barmağı stolu taqqıllatsın və “Dnışkanı qoy bura!”- sözləri səslənsin. Onda isə həmin “dnışka”nın partbileti nəzərdə tutan “knijka” olduğunu isə heç kimə xatırlatmağa ehtiyac qalmayacaq.
Hə, bu, an məsələsidir... Bunun üçün “Leonid İliç Brejnev yoldaşın sovet intellektsiyası haqqında” nəsə deməyi yox, İosif Vissarianoviçin ayağa durmağı, qəlyanına asta-asta “Zolotoy Runo” doldurmağı lazım idi. Həmin andaca ictimai baxışdan sonra müzakirə məkanı olan teatr salonunun “troyka”nın sərəncamına verilməsi başlanardı.
Lakin həmin anlar keçib getmişdi və o keçib gedən anları nəinki “nəhəng bir zaodun raykom hüquqlu partiya komitəsinin katibi”, heç müzakirə boyu “dodaqlarını gəmirən” şəhər partiya komitəsinin birinci katibi də, hətta “sovet intellektsiyası haqqında” müdrik sözlər demiş kəslərin özü belə, qaytarmaqda aciz idilər. Buna görə də şəhər partiya komitəsinin birinci katibi “Əziz həmkarlarım”- deyir, “Hamınıza söz verəcəyik, səbrli olun”- söyləyir, hətta müzakirənin yönünü dəyişmək üçün zarafata da əl atır: “Artistə replika səhnədə lazımdır, salonda yox. Özünüzü tamaşaçı kimi aparın”- deyərək, ərkyanalıqla yüngül iradını da bildirir, bununla da “mən də kənar adam deyiləm, özünüzünküyəm”- deyə salonda oturanlara xatırladır. Və yaratmaq istədiyi fonda tamaşaya qoyulan əsərin müəllifinə xüsusi münasibətinin olduğunu da gizlətmir: “Siz elə bilməyin ki, Savalan müəllimin xətrini istəmirəm, - üzünü sol cərgədəki artistlərə tutdu: - Mən Savalan müəllimi sizin hamınızdan çox- çox qabaq tanıyıram. 1953-cü ildən...”.
Bu, baxışdan sonra ictimai müzakirənin yönünü dəyişməyə hesablanan çıxışdır. Şəhər partiya komitəsinin birinci katibi Qədir müəllim ictimai fikri lazım olan məcraya necə yönəltməyi bilir və elə bildiyi kimi də olur. Katibdən sonra söz alan şəhər prokuroru çıxışına “Mütəxəssislər qınamasınlar, mənim tamaşaçı fikrim belədir”- deyə başlayır: “Tarixi- Nadir”i yarıyacan oxumuş bir adam kimi, bu tamaşada siyasi baxımdan xatalı bir şey görmürəm, hətta müəllifi alqışlayıram ki, partiyanın fikrini qabaqlayıbdır. Axı, pyes neçə il bundan qabaq yazılıb, amma ideyası bax, elə bu axırıncı plenumla necə də səslənir!”.
Nəhayət, prokurorun da tamaşaya qoyulan əsərin “ideya kamilliyini” birmənalı qeyd etməsindən sonra salon əl çalır...
Bu, sıxılmış, təhtəlşüurun qorxu içində saxladığı insanların bircə an da olsa yaşadıqları Azadlıq anının ifadəsinə çevrilən alqış səsləridir. Bu, əslində, tamaşaya quruluş verən baş rejissorun çıxışında səsləndirilən fikrin salondakı ifadəsindən başqa bir şey də deyil. Həmin fikirlər isə bu cürdür: “Pyesdə bir yer var, baş qəhrəman deyir ki, bu zavodda hamı çalışır qırx bir nömrəli ayaqqabı geysin, çünki... direktorun ayağının ölçüsü qırx birdir. İndiyəcən bizim də teatrımızın ölçüsü qırx bir nömrəli ayaqqabı olub, çünki belə tələb ediblər. Bu tamaşanın ölçüsü isə... birdənbirə qırx beşdir. Hə, belə- belə işlər... İndi eşidirik ki, belə ölçü də varmış, onunçün kəlləçarxa vurub, çoxumuzun təzyiqi qalxıb”.
Bu, o insanlar kateqoriyasını təmsil edənlərin sözləridir ki, onların hər birində öz fikrini ifadə etməyin qorxusu var və həmin qorxu ancaq bir fərdin içində yetişən hiss deyil, nəsil-nəsil cilalanan duyğudur. O duyğu artıq individiumluqdan çıxmış kimi, sosiallaşmış təki görükür, hətta şüurun alt qatındakı yerindən öz qərarlarını verir. Həmin qərarlarln çəkdiyi, cızdığı sərhədlər var və bu sərhədlərin keşikçisinin də adı var: Tabu. O tabu insanın içində baş qaldımaq istəyən istənilən yaradıcılıq hissini öldürür, cızılmış, çəkilmiş sərhədlərin daxilindəki hərəkət trayektoriyasını göstərir. Fərqi yoxdur, bu Tabunun əlindəki nədir: Danabaş kəndinin kattası Xudayar bəyin dəyənəyi, yoxsa doktor Lalbyuzun aradabir xəbərdar etdiyi, gözə görünməyən Həzrət Əşrəfin səs tonuna uyğun səhnəyə çıxan fərraş Şimrəlinin qırmancı və yaxud, sadəcə, İosif Stalinin “Zolotoy Runo” tütünü ilə tüstülənən qəlyanı...
Bunların hansının olmasından asılı olmayaraq, salonda əyləşənlərin böyük əksəriyyəti üçün Tabunun əlindəki nədirsə, o, Həzrəti Əlinin Zülfüqarı qədər iti və amansızdır. Və bu amansızlığın yaratdığı Qorxu hissi tədricən hansısa zavod direktorunun ayaq ölçüsünü standarta çevirir və adamların həmin standartdan azca da olsa çıxmaq cəhdinin təlaşı buna görə sürəklidir. Bunu “Tamaşadan sonra”nın əsas personajlarından biri, şəhər partiya komitəsinin birinci katibi, ixtisasca tarixçi olan Qədir müəllim elə belə də ifadə edir:
“... Biz demirik ki, tamaşanı bağlamaq lazımdır, ya qəbul etmirik. Orda qaldırılan problemlərin gərəkliyini, geri dönüb səhnəni göstərdi, - anlayırıq. Bizi təşvişə salan ayrı şeydir. Sahil yeridir, bax, sabah bu tamaşaya baxandan sonra deyəcəklər ki, bizim şəhər partiya komitəsini, bizim redaksiyanı səhnəyə çıxarıblar. Bu- katibdir, bu- təlimatçı, o - redaktor, o da - şöbə müdiri. İndi gəl, adam içinə çıx ondan sonra... Ona görə də tamaşaya sabahkı məşqdə əl gəzdirmək lazımdır, müəyyən məqamları, ayrı-ayrı sözləri və ifadələri yığışdırmaq gərəkdir”.
Hidayətin xüsusi olaraq, altından qırmızı xətt çəkərək diqqət yönəltmək istədiyi məqamdır: olduğu kimi görünməyin insanlarda, məxsusən, insanların taleyini həll edəcək məqamları tutmuş rəhbər işçilərdə yaranan narahatlıq, hətta qorxu həddinə çatacaq qədər olan narahatlıq hissi. O, həmin hissdir ki, hələ 120 il əvvəl o böyük alman, Ziqmund Freyd psixikanın modelini müəyyənləşdirmək üçün tətbiq etdiyi üçkomponentli metoda əsalanaraq bu hissin psixoloji deyil, sosial köklərini israr edirdi. Vaxtilə ona oponentlik edən alimlər də aparılan elmi tədqiqatlarının nəticəsi olaraq etiraf edəcəklər: kompleks- insanın fiziki, psixi və sosial individuallığının ətraf insanlarla münasibətdə doğurduğu sosial disharmoniyadan başqa bir şey deyil...
Əslində, Savalanın Sahil şəhərində tamaşaya qoyulacaq əsərinin müzakirəsində xüsusi olaraq boy verən adamlar- ideoloji şöbənin müdiri olan girdəsifət eynəkli kişi də, böyük bir zavodda raykom hüquqlu partiya komitəsinin katibi də, əsərdəki personajlara işarə edərək “vallah bizdə elə adamlar yoxdur”- deyən şəhər qəzetinin qadın redaktoru da, “müəllifi alqışlayıram ki, partiyamızın fikrini qabaqlayıbdır”- söyləyən şəhər prokuroru da, hətta “müzakirənin gedişində xeyli dəyişdik”- “etirafını” edən şəhər partiya komitəsinin birinci katibi də sosial disharmoniya yaşayır. Nədir ilk baxışda ağıllı, hətta məntiqli görünən həmin insanlara bu hissləri yaşadan amil? Həmin amil povestdə Savalanın şəhər partiya komitəsi ilə telefon danışığındakı bir replikası ilə başlayan dialoqda ortaya çıxır. Həmin replikası ilə müəllif ən yuxarı səviyyədəki səlahiyyətli şəxslər tərəfinfən bəyənilmiş və Sahil şəhərindəki teatrın repertuarına salınmış əsərinin premyerasına razılıq verilsə belə, hələ də tərəddüdlü görünən birinci katibə, az qala unudulmuş tələbə yoldaşına üz tutur. “Bağlayın tamaşanı, qurtarsın getsin”- deyə onu narahat edən bu məsələdən birdəfəlik qurtarmasını səmimi qəlbdən məsləhət görür. Və beləliklə, povestin oxucusu maraqlı dialoqun iştirakçısına çevrilir:
“ - Qəhrəman olmaq istəyirsən? - O hardan ağlına gəldi? - Tamaşanı bağlasaq, milli qəhrəman olacaqsan, bütün respublika səndən danışacaq. Bir də... elə tamaşanı bağlamaq olar? Göydə Allah var axı! - Onda bağlama. Özün çıx get. - Hara gedim? - Get, tarix müəllimi işlə. Yox, vəzifə məktəbi qurtarıbsan, məktəb direktoru ol. - Eh, asan gəlir sənə. Üçdə alacağın yox, beşdə verəcəyin. - Hər halda, alacağın verəcəyindən çox olar. Sən elə əvvəlcədən vəzifə adamıydın, geyimin- keçimin başqaydı. Dədən varlı adamdı, deyəsən. - Hə, varlıydı, amma kişiydi, mənim tayım deyildi”.
Yox, təkcə Savalanla “ürəkdən gələn söhbət etmək arzusunda olan” Qədir müəllim belə düşünmür, böyük əksəriyyətinin onların oxşamalı olduğu doğma adamlarla bağlı qənaəti belə, bu cür ifadə olunurdu: “ O, kişiydi, mənim tayım deyildi”.
“O, kişiydi, mənim tayım deyildi”- etirafını edənlər, “get, tarix müəllimi işlə” cavabının vahiməsini yaşayır.
Buna görədir ki, onlar həmin cavab aşağılardan gələn istənilən təşəbbüsə yuxarıdakıların emosiyasız- filansız, bumbuz soyuqqanlılıqla səsləndirə biləcəkləri “get, tarix müəllimi işlə”nin başlandığı an kimi baxırdılar. Ona görə də o təşəbbüsü göstərənləri ideologiyanın deyil, özlərinin şəxsi düşmənləri kimi qəbul edirlər. Ona görə də həmin baxış zamanı aktyorlardan birinin “Bura sizin büronun iclası deyil, hökm oxuyasınız, sözünüzü deyin” - sözlərinə partkomun reaksiyası özünü gözlətmir, anındaca olur:
“- Tem bolee... - dedi partkom. Elə bil dünyanın ən şirin sözünü işlətdi. - Siz gərək öz davranışlarınızla, siyasi sayıqlığınızla, təşkilatçılıq qabiliyyətinizlə hamıya nümunə olasınız. İndi mən gedim o boyda fəhlə kollektivinə nə deyim? - Deyin ki, gəlib tamaşaya baxsınlar, - qoca kişi idi bunu deyən, ağappaq yaylıqla eynəyini asta-asta silirdi, xalq artıstiydi, bu tamaşada bir kəmsavad partiya işçisi rolunda oynayırdı. - Təəssüf ki, siz partiyaçı deyilsiniz!- zavodun partkomu başını yellədi. - ...Neyləyərdiniz? - Sizi partiyadan çıxartdırardım”. Əlbəttə, xalq artistinin yüngül etirazına görə onu “partiyadan çıxartdırmağa” hazır olan partkom zamanı üçün mövcud siyasi mühitin verdiyi maksimum imkandan yararlanmadığına təəssüflənir. Bu adam vaxtilə qurulmuş “ifşa iclaslarında” necə də məmnuniyyətlə iştirak edərdi, nə qədər “xalq düşməni” ortaya çıxara bilərdi, “toyka”ların tərkibinə isə düşsəydi...!
İndi isə “Təəssüf ki, siz partiyaçı deyilsiniz!” deyir. Bu, artıq özünüqoruma instiktini aşan, individiumun sosial gerçəkdən bir az da narazılıq ifadəsidir. O narazılıq hissini yaradan isə həmin o dörd kəlməlik sözün üşəntisidir.
Həmin insanların sosial disharmoniyasını yaradan faktorlardan biri də budur, hər bir zaman eşidə biləcəkləri “Get, tarix müəllimi işlə”- təklifi. Bu və yaxud buna bənzər təklifləri şəhər partiya komitəsinin birinci katibi də, “böyük bir zavodda raykom hüquqlu partiya komitəsinin katibi” də, şəhər qəzetinin redaktoru, “girdəsifət eynəkli kişi”, ixtisasca geoloq olan ideologiya şöbəsinin müdiri, hətta şəhər prokuroru da hər bir an eşidə bilərdilər. Eşidə biləcəkləri həmin təkliflərin xofu onların təkcə “idarə etdikləri” adamlarla aralarında məsafənin deyil, getdikcə dərinləşən uçurumun yaranmasına səbəb olur. Onlar üçün “get, tarix müəllimi işlə”- deyə bilməyən insanlardan gələn hansısa təklif, hətta respublikada “şöhrətin zirvəsində olan” yazıçının repertuara salınmış əsərinə razılıq belə, risk zonası sayılır.
Onlar isə həmin zonaya girməyin vahiməsini yaşayırlar.
Etiraf edək ki, Hidayətin detallı ştrixlərlə təqdim etdiyi bu personajlar müəllifin sevimli məşğuliyyətini, öz qəhrəmanlarının daxili aləmini açmaqla cəmiyyətin hansı yönə can atdığını öyrənmək baxımından cəlbedicidir. O cəhətə diqqət yönəltməyi də lazım bilirik ki, Hidayətin bütün povestlərində olduğu kimi, “Tamaşadan sonra”sında da baş qəhrəman axtarmaq cəhdiniz alınmayacaq. Heç personajlardan hansınasa da epizodikdir- deyib, yanaşmayın.
Paytaxtdan əsərinin premyerasında iştirak etmək üçün Sahil şəhərinə gələn Savalanın yol yoldaşı, filosof Qurban özünün sükutu ilə nəinki ətrafındakıları, heç oxucunu da yormur. Əksinə, onun istənilən sual və situasiyaya reaksiyası, Hidayətin özünəməxsus yazı manerası (əslində təfəkkür tərzi) ilə “danışan” sükutdur:
“ - Bu, tamaşadır, yoxsa ictimai baxış, filosof, sən bilərsən..? Sükan arxasında əyləşən dostu filosof Qurbandan soruşdu. Qurbanın qaşları çatıldı, iri eynəyini bir az yuxarı qaldırdı, sonra qaşları yenə çatıldı; bu, o deməkdi ki, Savalanın sualına cavab verə bilməyəcək.
- Əgər tamaşadırsa, batdıq, filosof, bəlkə qayıdıb gedək, kim nə biləcək ki, gəlmişik?”. Filosof sükutu sonra, tamaşaya ictimai baxışdan, orada gedən söhbətlərdən, gördüklərindən və təxmin də etmədiyi, ovcunun içi kimi görə biləcəklərinə əmin olandan sonra, şəhər partiya komitəsinin “Qonaq evi”ndə pozacaq. Gecəyarısı Savalanın şahmat oynamaq təklifinə də bu şəhərdə gördüyü və görə biləcəklərini nəzərə alaraq belə deyəcək: “Sən bir az gözünün acısını al, yazıqsan. Üçüncü tamaşa hələ təzə başlayır”.
Filosofun başlayacağına zərrəcə şübhə etmədiyi “üçüncü tamaşa” isə nəinki müəllifin və səhnədəki aktyorların, heç “səhnənin ortasında dayanıb qəfil xəbəri gözləyən adamlar kimi vurnuxan” teatr direktorunun, səhnə qurucuları, işıqçılar, radistlər, qrimçilərin, hətta yaranacaq situasiyaya yüzə- yüz hazır olan filosof Qurbanın gözləmədiyi məqamda başlayır. “Üçüncü tamaşa”ya gələnlər isə ilk olaraq əsərin adının dəyişdirilməsinin lazım olduğunu deyir, onun hazırki adının “nikbin olmadığını”- deyərək arqumentlərini əsaslandırmağa da çalışırlar. Savalan, əsərin müəllifi tamaşaya qoyulacaq əsərin adından əlavə məzmununda da “dəyişdirilməli xeyli məqamların” olduğunu da “yuxarıdan gələn” adamlardan öyrənir və onun niyə “zəruri olduğunu” da eşitməyə məruz qalır: “...baş qəhrəman çox qabarıq və sərbəst verilib, -gözlərini ayırmadı əlindəki kağızdan: - heç bir ədəb-ərkan gözləmir, böyüyə-kiçiyə fərq qoymur, kommunistləri saymır, hətta... partiya komitəsinin işçilərini də lağa qoyur...”, iradlarını sadalayır.
Beləcə, cəmi 21 bəndlik olan və “aradan qaldırılmalı qüsurlar” şəhər partiya komitəsi ideologiya şöbəsi müdirinin, universiteti geoloq ixtisası üzrə bitirmiş şəxsin deyil, heç “yoldaş Qələmovun” özünün də fikri deyil. Bu iradlar “ictimai tamaşada olmuş yoldaşların” fikridir və onlar belə təklif edirlər. Əlbəttə, “çoxluğun fikirlərinə hörmət etmək ümumi işin xeyrinədir”- deyimi də həmin şəxslərin daldalandıqları möhkəm bir qaladır.
Hidayətin o “qala”nın strukturunu, bir şəxsin “ümumi fikri” arxasında dayandığını, yeri gələndə, “ümumi fikri” hansısa məcraya yönəltməyin mexanizmini hansı soyuqqanlılıqla təqdim etməsi heyranedicidir. Müəllifin dərin təfəkküründən qidalanan bənzərsiz üslubu oxucuda ancaq təqdim edilən səhnənin mənzərəsini təsəvvür etmək imkanı yaratmır, həmin mənzərədə baş verən hadisələrin iştirakçısına çevirir. O, unikal təhkiyəsi ilə nəql etdiyi hadisələrə müdaxilədən qaçır, sadəcə olaraq, naturadan rəsm çəkən rəssam kimi, olanları, heç bir detalı unutmadan, parlaq rənglərdə təqdim edir. Oxucu məhz indiki Sahil şəhərinin yaxınlığında, qədim şəhərin xarabalıqlarını, qalalarını xalq artistinin bələdçiliyi ilə gəzərkən ekskurs edənlərə qoşulur və Savalanın düşündüklərini ürəyindən keçirir. O da “bir uçuq divarın üstündə oturub aşağıdakılara baxır, ona elə gəlir ki, bu yerdə, təkcə bu yerdə yox, min kilometrlərlə o yanlarda bu torpaq sonsuz göylərdən də ucadır” - qənaətinə gəlir. Sanki filosofun bələdçilik edən xalq artisitnə dediyi sözləri də o yox, oxucu deyir: “Çox sağ olun, ağsaqqal, yaxşı ki, bizi buralara gətirdiniz, kökümüzə- soyumuza baş vurduq, iclasları unutduq, bir az da təmizləndik. Dünya elə sizin kimi adamlarla gözəldir”.
Həmin oxucudur, Savalanın deyəcəyi sözləri ürəyindən keçirən oxucu.
Amma o sözlər yeni tamaşasının premyerasında iştirak etmək üçün buraya gəlmiş, itib-batmaqda olan tariximizin daş parçalarının qorunmasını, öyrənilməsini vacib sayan Savalanın dilindən səslənir: “Filosof, bəs sizinkilər hardadırlar? Tarixçiləri deyirəm, filosofları deyirəm, elə sənin özünü deyirəm...”.
Bu, xalqının taixini danışan, danışmalı olan, onun keçib gəldiyi yolların mükəmməl bələdçisinə çevrilə bilən, maddi və mənəvi olanlarının məcmusuna, mədəniyyətinə yanaşmanın dəyişməsinə çağırışdır.
Filosof Qurbanın “Biz akademiyada bir- birimizi didişdirməklə məşğuluq, şair”- deməsi isə premyerası olacaq əsərin ictimai müzakirəsi zamanı boy verən həmin insanların mövqelərini yada salır. Məlum olur ki, elə Akademiyada da “onlar”, girdəsifət, universiteti geoloq ixtisası bitirən, hazırda ideologiya şöbəsinin müdiri olan şəxslərdən formalaşan, qidalanan mühit “yaradır”. Orada da “ümumi fikri” dinləməyin zərurətini xüsusi olaraq qabartmaqla mövqelərini göstərən adamlar, əslində, mövqesizliklərini daldalamaq üçün dəridən- qabıqdan çıxırlar.
Bu “dəridən-qabıqdan” çıxmalar isə hansısa sosial hədəfə yönəlmə deyil, şəxsi rahatlığını təmin etmək üçündür və onlar bunu gizlətsələr, o gizləntinin disharmoniyasını yaşasalar da, uzağı, hansı məqamdasa, kiməsə etiraf edə bilirlər: “Hə, atam varlıydı, amma kişiydi, mənim tayım deyildi...”
Hidayət povestində həmin adamlara etiraz edir, bu adamların özlərinə də deyil, onların cəmiyyət üçün, insanlar üçün normaya çevrilmək iddialarına etiraz edir...
Ona görə də hesab edirik ki, “Tamaşadan sonra” əsəri Hidayətin Azərbaycanın Mənəviyyatı və o mənəviyyatı formalaşdıran makro-mikromühit haqqında ən gözəl odasıdır.
Bu odada Sahil şəhərindən azca aralıda yerləşən qədim şəhərin xarabalıqları və möcüzələr nəticəsində salamat qalmış yarıuçuq qala divarlarının üstündən bir nəfər ancaq kilometrlərlə uzanan ərazilərə deyil, min illər əvvələ və gələcəyə tərəf boylanır...
Mahirə HÜSEYNOVA, filologiya elmləri doktoru, professor
|
|
13.05.2022 | 11:18 | |
|
|
|