“Qiymətləndirmə davamlı bir proses olmalıdır”

“Yeni çağırışlar” onlayn müzakirə proqramının budəfəki qonağı dünyada tanınan təhsil tədqiqatçısı, London Universiteti Kollecinin təhsilin qiymətləndirilməsi üzrə fəxri professoru, yazıçı Dilan Viliam təhsil haqqında düşüncələrini paylaşıb. Belə ki, Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar” proqramının 5 may 2022-ci il tarixində yayımlanan bölümündə professor Dilan Viliamla təhsildə qiymətləndirmə barədə danışılıb.

 

“T-Network”ün koordinatoru,təhsilin idarə olunması üzrə mütəxəssis Cəfər Mənsiminin təqdimatında davam edən proqram Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən Mətin Axundlunun tərcüməsilə Azərbaycan dilində canlı yayımlanıb.

 

Özünü qiymətləndirmə

 

Proqramın girişində aparıcı Cəfər Mənsimi qonağı salamlayaraq izləyicilərə təqdim edib. O bildirib ki, təhsilin qiymətləndirilməsi üzrə London Universiteti Kollecinin fəxri professoru, təhsil tədqiqatçısı, yazıçı Dilan Viliam daha öncə London Kral Kollecinin təhsil fakültəsində dekan, London Universitetinin Təhsil İnstitutunda direktor müavini vəzifələrində çalışıb. Eləcə də Təhsilin Qiymətləndirilməsi Xidmətində Tədqiqat üzrə baş direktor işləyib. Dilan Viliam “Sinifdaxili formativ qiymətləndirmə strategiyaları”, “Müəllim hazırlığı üçün liderlik”, “Uşaqların ehtiyacı olan məktəb yaratmaq” və digər kitabların müəllifidir.

 

Aparıcının qonağa verdiyi ilk sual “Uzun illər qiymətləndirmə ilə məşğul olan professor kimi siz özünüz necə və nə vaxtdan qiymətləndirməyə başladınız? Qiymətləndirmə nəticəsində nə qərara gəldiniz?” olub. Dilan Viliam qeyd edib ki, ən çətin qiymətləndirmə şəxsin özünü qiymətləndirməsidir. Professor onu da bildirib ki, o, özünü qiymətləndirməyə etibar etmir və daha çox kənar qiymətləndirməyə güvənir, digər insanların onun haqqında nə fikirləşdiyinə çox önəm verir, çıxışları zamanı əks-tərəfin tənqidi fikirlərini, suallarını, müzakirələrini daha faydalı görür. Qonağın fikrincə, özünü qiymətləndirmə çox rahat şəkildə özünü aldatmaya gətirə bilər. 

 

Əsas tövsiyə

 

Təhsildə təbliğ etdiyi əsas ideyaları  sadalayarkən professor bildirib ki, birinci - tələbələr və öyrənmə prosesi fəal olmalıdır; ikinci - müəllimlər durmadan və yorulmadan təkmilləşməlidirlər, öz bilik və bacarıqlarını artırmalıdırlar; üçüncü - şagird və tələbələrin nəyi mənimsəyə bilib-bilməyəcəklərini öncədən demək mümkün deyil, bu mənada qiymətləndirmə yaxşı bir körpü vasitəsidir. Qiymətləndirmə müəllimlərin öyrətdiyi və şagirdlərin mənimsədiyi arasında bağı, əlaqəni təmin edən körpü rolunu oynayır.

 

Təhsil tədqiqatçısı öyrənənlərin fəal öyrənməsini təmin etmək üçün birinci addım olaraq bir məsələyə diqqət çəkib ki, müəllimlər dərsi izah etdikdən sonra şagirdlərə bir neçə sual verir və istədiyi cavabları aldıqda bununla kifayətlənir, işini bitmiş hesab edir. Müəllim nəzərdən qaçırır ki, suala cəmi 6-7 şagird cavab verdi, digər şagirdlər isə kənarda qaldı. D.Viliam ənənəvi hal almış bu tədris yanaşmasından uzaq durmağa çağırıb və mümkün qədər hər bir tələbəni öyrənmə prosesinə cəlb etməyi tövsiyə, bu istiqamətdə müxtəlif yollar təklif edib: “Müəllimin verdiyi qərarlar bütün şagird və ya tələbələrin cavablarına əsasən müəyyən edilməlidir. Çalışmaq lazımdır ki, heç kim kənarda qalmasın”.

 

Qiymətləndirmə sistemində çatışmamazlıq

 

Aparıcının “Mövcud qiymətləndirmə sistemində hansı çatışmazlıqları müşahidə edirsiniz?” sualına cavab olaraq Dilan Viliam qeyd edib: “Kurikulum qiymətləndirmənin deyil, qiymətləndirmə kurikulumun xidmətində durmalıdır. Mövcud qiymətləndirmə sistemi çox dardır. Müəllimlər çox dar kurikulum çərçivəsində biliyi qiymətləndirməyə çalışırlar. Şagird və tələbələr də üzərlərinə qoyulan dar kurikulum çərçivəsində qiymətləndirmədə iştirak etməyə can atırlar. Bu da nəticədə biliyin dar qiymətləndirilməsinə gətirib çıxarır. Qiymətləndirmənin predmeti bütün vacib olan məsələlərdən ibarət olmalıdır. Belə olarsa, biz keyfiyyət baxımından irəliləyişin şahidi ola bilərik”.

 

Dilan Viliam qiymətləndirmənin ədalətli keçirilməsi üçün faktlara əsaslanmalı olduğunu önə çəkib, yalnız imtahana görə fikir yürütmək, müəllimlərin dərs zamanı verdiyi qiymətləndirməyə əsasən hər hansı qənaətə gəlməyin doğru olmadığını bildirib. Professorun sözlərinə görə, istənilən qiymətləndirmə sistemində xəta ehtimalı mümkündür, heç bir qiymətləndirmə öyrənənlərin bilik səviyyəsini yüzdə yüz əks etdirə bilməz və müəllim birmənalı olaraq bu məqamı nəzərə almalıdır. İstənilən qiymətləndirmənin (test, imtahan, summativ və s.) məqsədi müəllimlərin nəticədə hansı qənaətə gəlməsindən, bu qənaətin nə qədər keçərli olmasından və növbəti atılacaq addımın həmin qənaətə görə atılmasından ibarətdir.

 

Daimi qiymətləndirmə

 

“Təhsildə qiymətləndirmə nə vaxtdan və necə başlamalıdır?” sualını cavablandıran professor qeyd edib ki, imtahan deyil, qiymətləndirmə daim olmalıdır: 2 yaşlı uşaqların rəngləri necə ayırd etməsi, ayaqqabı iplərini bağlaya bilməsi, soyuq havada paltarını necə düymələməsi və s., yəni, uşağın tədricən əldə etdiyi bilik və bacarıqların qiymətləndirilməsi. D.Viliam həmçinin diqqətə çatdırıb ki, qiymətləndirmənin nəticəsi haqqında mütəmadi olaraq valideynlərə məlumat verilməli, əks-rabitə qurulmalıdır. Burada söhbət hansısa baldan, qiymətdən getmir, uşağın məlumatı necə qavraması, düşüncə tərzi, konkret göstərdiyi nəticələrdən gedir.

 

Təhsil tədqiqatçısı hesab edir ki, ibtidai siniflərdə ildə, orta siniflərdə (12-14 yaş arası) hər yarım ildə, yuxarı siniflərdə isə rübdə bir dəfə qiymətləndirmə aparıla bilər. Lakin hər bir halda qiymətləndirmə öyrənmə zamanı deyil, proses bitdikdən sonra həyata keçirilməlidir:“Qiymətləndirmə sadəcə imtahanla məhdudlaşdırılmamalıdır. Biz qiymətləndirməni daha miqyaslı, daha həcmli etməliyik. Qiymətləndirmə davamlı bir proses olmalıdır və daim müəyyən qənaətə gəlmək üçün məcra əldə edilməlidir. Qiymətləndirmə nədir? Siz məlumatı verirsiniz və müşahidə edirsiniz, müəyyən nəticələrə, qərarlara gəlirsiniz. Konkret sübutlar olmalıdır ki, şagirdlər haqqında dəqiq fikirlər yürütməyə imkan versin”.

 

Şüurlu seçim

 

İnsanların zəka və yaradıcılıq növünə görə fərqləndiyini dilə gətirən fəxri professor bu səbəbdən uşaqlara ilk yaşlarından, xüsusi ilə ibtidai və orta siniflərdə bütün fənlər haqqında məlumat verməyin, özlərini dərk etmələri üçün şərait yaratmağın vacibliyinə diqqət çəkib. Bu müddət ərzində uşaqlar özlərini, arzularını anlamağa başlayır, gələcəkdə hansı ixtisası seçəcəklərini, hansı fəaliyyət növünə həvəs göstərdiklərini müəyyən edirlər. D.Viliam bir çox hallarda uşaqlara bu imkanın verilməməsi, onların yerinə böyüklərin qərar verməsi məsələsinə də toxunub.

 

Müxtəlif ölkələrdə fərqli sistemlərin mövcudluğu haqqında danışan qonaq Almaniyada artıq 12 yaşdan şagirdlərin ixtisaslaşmış xüsusi təyinatlı məktəblərə göndərildiyini, ABŞ-da isə 17-18 yaşlı uşaqların müəyyən ixtisaslara istiqamətləndirildiyini bildirib. D.Viliamın fikrincə, ixtisas seçimi üçün 11-12 yaş çox tez, 17-18 yaş isə çox gecdir: “Burada düşünülmüş seçim olmalıdır. Biz imkan verməliyik ki, uşaqlar müxtəlif  fənn və sahələrlə tanış olsunlar, sonradan da sübut, məlumat əsasında düzgün qərar versinlər. Məlumatlı, informasiya əsaslı seçim dedikdə, mən şagirdlərin gələcək peşə, ixtisas seçiminin şüurlu, düşünülmüş olmasını nəzərdə tuturam”.

 

Milli və beynəlxalq qiymətləndirmə

 

Cəfər Mənsimi qonağa “Milli qiymətləndirmə ilə beynəlxalq qiymətləndirmə ahəngdar olmalıdırmı? Məsələn, dövlətlər qiymətləndirməni PISA-ya uyğunlaşdırmalıdırmı?” sualını ünvanlayıb. Təhsil tədqiqatçısı birmənalı olaraq bunun əleyhinə olduğunu bildirib, ölkənin kurikulumunun PISA qiymətləndirmə sisteminə uyğunlaşdırılmasını yaxşı ideya hesab etmədiyini deyib: “PISA qiymətləndirmə sistemi konkret hansısa ölkənin kurikulumu əsasında işlənib hazırlanmamışdır. Müxtəlif ölkələrin təhsil sistemini, xüsusiyyətlərini, hətta məşğulluq sektorunu nəzərə almadan hansısa bir ümumiləşdirmə, yaxınlaşdırma etmək düzgün deyil. Tövsiyə edərdim ki, ölkədə olan sistemin ehtiyaclarına daha çox diqqət göstərilsin”.

 

Professor qeyd edib ki, əgər hansısa ölkənin şagirdlərinin PISA qiymətləndirmə sistemi üzrə nəticələri zəifdirsə bu, o demək deyil ki, həmin ölkədə bilik səviyyəsi aşağıdır. Sadəcə həmin ölkənin kurikulumunun məzmunu PISA sisteminin məzmunu ilə uyğun gəlmir.

 

Formativ qiymətləndirmə

 

Bacarıqların qiymətləndirilməsi ilə bağlı iki yanaşmanın mövcudluğu barədə danışan professor bildirib ki, ənənəvi yanaşmaya əsasən şagirdlər müəllimin dediklərini fərqli şəkildə, bəziləri yaxşı, bəziləri pis başa düşür və qavrayırlar. Digər yanaşmanın mahiyyətinin bütün şagirdlərin yaxşı öyrənməsində olduğunu, sadəcə burada vaxt fərqi olduğunu deyib. Şagirdlərin bir qismi dərsi daha tez qavrayır, bir qismi üçün isə daha artıq vaxt lazım gəlir.

 

Dilan Viliam müəyyən aralıqlarla tədris materiallarının qavranmasını yoxlayan imtahanı formativ qiymətləndirmə adlandırıb, bu zaman bütün şagirdlərə öyrənmək üçün fürsət yaradıldığını, daha yaxşı nəticə əldə olunduğunu vurğulayıb. Qonaq onu da bildirib ki, formativ qiymətləndirməni testlə eyniləşdirmək olmaz, müəllimlər formativ qiymətləndirməni bir dəfə deyil, bütün tədris prosesi zamanı həyata keçirməlidirlər ki, şagirdlərin ehtiyaclarının qarşılanması təmin olunsun. Formativ qiymətləndirmənin nəticəsi məhz şagirdin ehtiyaclarını nəzərə alaraq atılacaq ən yaxşı addımla əlaqəlidir, mütləq olaraq daha yaxşı sübutlar, qərarlar, daha yaxşı öyrənməyə gətirib çıxarmalıdır. D.Viliamın fikrincə, əgər müəllimin sinif haqqında təəssüratı natamamdırsa, bütün sinifi əhatə etmirsə, demək verdiyi qərarlar da düzgün olmayacaq, nəticə də heç bir səmərə verməyəcək.

 

Müəllimlərin qiymətləndirilməsi məsələsinə də toxunan professor bildirib ki, ümumilikdə qiymətləndirmə həm şagirdlərin, həm müəllimlərin təkmilləşdirilməsinə xidmət etməlidir. Bu səbəbdən də qiymətləndirmənin davamlı olmasını tövsiyə edib, hər hansı qiymət və ballarla ifadə olunmasının mütləq olmadığını diqqətə çatdırıb.

 

Müəllimlərlə şagirdlər arasında əks-rabitənin qurulması üçün professor müəllimlərə şagirdlərinə nələr edə biləcəklərini, özlərini necə təkmilləşdirməli olduqlarını, özlərini daha yaxşı idarə etməyi başa salmağı tövsiyə edib.

 

Ev tapşırıqları ilə bağlı üç yanaşmadan bəhs edən D.Viliam birinci yanaşma olaraq şagirdlərin dərs zamanı çatdırmadıqlarını evdə tamamlamaqdan, ikinci yanaşma olaraq evdə müstəqil tədqiqat işi aparmaqdan, üçüncü yanaşma isə növbəti dərsin məzmununun araşdırılmasından ibarət olduğunu deyib. Professor hesab edir ki, bunlardan ən səmərəlisi növbəti dərslə tanışlıq, yeni mövzu ilə bağlı test tapşırıqları etməkdir. Bu test nəticələrinə görə şagirdlər qiymətləndirilməməlidir, sadəcə şagirdə mövzuda nəyi başa düşüb-düşməməyini dərk etmək, özünü yoxlamaq üçün tapşırıq verilir. Belə ev tapşırıqları dərsi daha yaxşı başa düşməyə imkan yaradır, şagird üçün qaranlıq qalan məqamları tez bir zamanda üzə çıxarır.

 

Təhsil qutusunun rəngi

 

Aparıcının “Uzun illər öncə “Qara qutunun içində” adlı kitab yazmışdınız. Təhsili niyə qara qutunun içində təsvir etmişdiniz? Maraqlıdır, təhsil qutusunun rəngi dəyişib və ya elə qara qalıb?” sualını cavablandıraraq yazıçı bildirib ki, 25 il öncə yazdığı bu kitabda insanların qara qutunun içində nə baş verdiyindən məlumatsız olduğunu diqqətə çatdırmaq istəyib. O qeyd edib ki, insanlar bu 25 ildə tədricən qutunun içində baş verənləri anlamağa başlayır və qutunun rəngi getdikcə bozlaşır, bir az da başqa çalarlar əlavə olunur.

 

Bir sıra mütəxəssislərin şagirdlərin məktəbdə sıxıldığını etiraf etməsi haqqında sualı cavablandırarkən professor deyib: “Gözəl nəticələr gözəl motivasiyalara, gözəl motivasiyalar isə gözəl nəticələrə gətirib çıxarır. Bunlar bir birilə sıx əlaqədədir. Biz şagirdlərin məktəbdə sıxılmaması üçün mübarizə aparmalı, səbəblərini axtarmalı, çıxış yolları tapmalıyıq. Düzgün qənaətə gələrək gələcəkdə buna əsasən addımlar atmalıyıq”.

 

Tanınmış təhsil tədqiqatçısının sözlərinə görə, əgər o, məktəb qursaydı məktəbin özəlliyi ondan ibarət olardı ki, şagirdlər məktəbdən evə döndükdə belə onların bilik iştahası sönməzdi, əlavə nəyisə öyrənmək, araşdırmaq həvəsi davamlı olardı, daim bilik axtarışında olardılar.

 

8 guşəli yeni çağırışlar

 

Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar?” sualının qarşılığında professor aşağıdakı çağırışları sadalayıb: “1.Kurikulum; 2.Müəllimlərin təhsili; 3.Müəllimlərin öyrənməsi; 4.Tələbə ittifaqı, tələbələrin təşkilatlanması; 5.Liderlik; 6.Valideynlərin iştirakçılığı; 7.Uyğunlaşdırılmış, əlaqəli qiymətləndirmə;8.Qərarları qəbul edərkən, təhsil siyasətini formalaşdırarkən, müəyyən edərkən bunu araşdırma və tədqiqtlar əsasında etmək, informasiya əsasında həyata keçirməkdir”.

 

Görüşün sonunda Cəfər Mənsimi dəyərli zamanını ayırdığı və dolğun cavabları üçün qonağa dərin minnətdarlığını bildirib, “əsas çağırışlardan biri də həmişə inkişafa hazır olmaqdır, inkişaf üçün həmişə bir səbəb var” fikri ilə proqramın növbəti buraxılışını yekunlaşdırıb.

 

Lamiyə ƏLİMƏRDANOVA



13.05.2022 | 09:40