“II Xarıbülbül” Ümumrespublika yaradıcılıq müsabiqəsi keçirilib

Dendrologiya İnstitutunda Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Dendrologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Şuşa ili” çərçivəsində “II Xarıbülbül” rəsm və əl işlərindən ibarət Ümumrespublika yaradıcılıq müsabiqəsi keçirilib.

 

Müsabiqənin təşkil edilməsində məqsəd Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın, Qarabağın çoxəsrlik mədəni-tarixi irsini daha dərindən mənimsəmək, Vətən müharibəsində Azərbaycan ordusunun nümayiş etdirdiyi şücaəti gənc rəssamların gözü ilə cəmiyyətə çatdırmaq olub. Tədbirə könüllü yeniyetmələr ən çox 3 əsər təqdim etməklə qatılıblar. Seçim zamanı əl işlərinə kənar müdaxilənin olmaması, həmçinin kompozisiyanın motivi və ideyası əsas götürülüb.

 

Öncə müsabiqəyə təqdim olunmuş rəsm əsərlərinə baxış keçirilib.

 

Tədbirdə akademik Arif Həşimov bu kimi tədbirlərin keçirilməsinin gənclərin asudə vaxtlarının təşkilində, intellektual səviyyələrinin inkişaf etdirilməsində mühüm rol oynadığını bildirib.

 

Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi elmlər bölməsinin müdiri Emin İmanov qədim, zəngin və çoxəsrlik tariximizi mənimsəyərək yaşadan gənc istedadları xalqımız üçün layiqli vətəndaşlar kimi formalaşdıran müəllimlərə dərin minnətdarlığını bildirib.

 

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova gənclərin intellektual səviyyələrini inkişaf etdirmək üçün bu kimi müsabiqələrin keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını söyləyib. Cari ilin sentyabr ayında Şuşa şəhərində AMEA-nın təşkilatçılığı ilə “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda konfransın keçiriləcəyini diqqətə çatdıran vitse-prezident sözügedən tədbirdə də bu kimi sərgilərin təşkilinin məqsədəuyğun olduğunu deyib.

 

Dendrologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov institutun təşkilatçılığı ilə silsilə olaraq təşkil edilən əyləncəli, metodik layihələrdən bəhs edib. Azərbaycanı gənc nəslə tanıtmaq, II Vətən müharibəsində həmrəylik və birliyimizin qorunmasını, Vətən uğrunda şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızı tərənnüm etmək, gənc rəssamların bacarıqlarını inkişaf etdirmək məqsədilə bu kimi tədbirlərin təşkilinin davamlı olacağını vurğulayıb.

 

Qeyd edək ki, müsabiqəyə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından, AMEA-nın müxtəlif institutlarından, Lənkəran, Astara, Gəncə, Qazax və digər rayonların orta ümumtəhsil məktəblərindən qatılan gənc və yeniyetmələrin 400-dək rəsm və əl işləri təqdim olunub.

 

Məktəblilərin hazırladıqları şeir və rəqs nömrələrindən ibarət kompozisiyalar təqdim olunduqdan sonra müsabiqənin Təşkilat Komitəsi qaliblərin adlarını açıqlayıb. İlk üç yerin qalibinə diplom və pul mükafatları təqdim olunub.

 



12.05.2022 | 12:29