Universitetdə “Yerquruluşu və Kadastr” kabineti

Naxçıvan Dövlət Universitetində kadr hazırlığına dəstək məqsədilə “Yerquruluşu və Kadastr” kabineti fəaliyyətə başlayıb.

 

Ali təhsil ocağının rektoru Elbrus İsayev universitetdə 75 bakalavr dərəcəsi üzrə kadr hazırlığının həyata keçirildiyini, bunlardan 40-dan artıq ixtisasın müxtəlif dövlət müəssisələrinə hamiliyə verildiyini bildirib. Qeyd edilib ki, bu gün savadlı kadrların yetişməsi, onların peşəkar mütəxəssis kimi formalaşması dövlət orqanları ilə səmimi əməkdaşlığın nəticəsidir.  Vurğulanıb ki, tələbələr dərslərdə qazandığı bilikləri praktikada tətbiq etmək imkanına malik olduqları üçün gələcəkdə həmin müəssisələrdə iş də tapa biləcəklər.

 

Rektor qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin ali təhsil ocağını xəritə, ədəbiyyat, atlas, tədris vəsaitləri və müxtəlif cihazlarla təminatı səmərəli kadr hazırlığına xidmət edir. Bildirilib ki, tələbələr “Yerquruluşu və Kadastr” kabinetindən sərbəst işlərin, diplom işlərinin, startap layihələrin hazırlanmasında istifadə edəcəklər.

 

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə hamiliyə verilən ixtisaslarda təhsil alan tələbələrin bacarıqlı mütəxəssis kimi formalaşması istiqamətində görülən işlərdən danışıb. Qeyd edilib ki, yeni yaradılan kabinə tələbələrin elmi-nəzəri biliklərinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaq. Çünki kabinə tələbələrə praktiki vərdişlərin aşılanması üçün lazım olan müasir alət və avadanlıqlar, kartoqrafiya materialları və dərs vəsaitləri ilə zənginləşdirilib. Kabinədə yerquruluşu, geodeziya, kartoqrafiya və kadastr işlərinin aparılması ilə bağlı stendlər quraşdırılıb, kadastr və inventarlaşdırma işlərinə dair müxtəlif illərdə tərtib olunan sənəd nümunələri və xidmətin nəşrlərinin nümunəsi qoyulub. Bundan başqa, kabinədə elektron lövhə və zəruri proqram təminatı yüklənən kompüter dəsti quraşdırılıb ki, bunların xidmətlə onlayn əlaqəsi təmin edilib.

 

Xidmətin informasiya texnologiyaları və məlumat bazası şöbəsinin müdiri Arzu Məmmədov və Hüquqi ekspertiza və daşınmaz əmlakın dövlət reyestri sektorunun müdiri Hikmət Orucov xidmətdə istifadə olunan müasir informasiya sistemləri, tətbiq edilən texnoloji yeniliklər, rəqəmsal kadastr xəritəsi üzərində əməliyyatların aparılması, daşınmaz əmlakın qeydiyyatı, xəritəçəkmə prosesi, aerokosmik çəkiliş materialları ilə iş, relyefin üçölçülü modellərinin yaradılması haqqında ətraflı məlumat veriblər.

 

Tədbirin sonunda xidmət tərəfindən kabinetə təqdim edilən avadanlıqlara, tədris vəsaitlərinə baxış olub.



12.05.2022 | 11:15