Universitetin səkkiz əməkdaşı Türkiyədə təlim və təcrübə keçəcək

Mingəçevir Dövlət Universitetində (MDU) Türkiyənin tərəfdaş ali təhsil müəssisələrindən olan Qazi Universitetinə və İstanbul Gedik Universitetinə (İGÜN) təlim və təcrübəyə göndərilən universitetin akademik və inzibati heyət üzvləri ilə görüş keçirilib.

 

Görüşdə qardaş ölkənin nüfuzlu ali təhsil müəssisələrində təlim və təcrübə ilə bağlı elan olunmuş müsabiqədən uğurla keçən əməkdaşları təbrik edən rektor Şahin Bayramov beynəlxalq əməkdaşlıq çərçivəsində MDU tarixində ilk dəfə reallaşdırılan bu təşəbbüsün əhəmiyyətindən danışıb.

 

MDU-nun strateji hədəflərindən bəhs edən Ş.Bayramov akademik və inzibati heyətin potensialının inkişafı, müasir dövrün tələblərinə uyğun bilik və bacarıqlarının artırılması məqsədilə reallaşdırılmağa başlanılan sözügedən təlim və təcrübənin yeni dövrün universitetinə çevrilmək yolunda geniş imkanlar yaradacağını vurğulayıb.

 

Sənaye ilə birgə fəaliyyət modelinə sahib yenilikçi universitetlərdən olan İGÜN-də keçiriləcək bir həftəlik təlim və təcrübədən gözləntilətini diqqətə çatdıran rektor çevik, qarşılıqlı faydalı və məhsuldar universitet-sənaye işbirliyinin yaradılması, inkişaf etdirilməsi sahəsində müvafiq təcrübələrin öyrənilməsini başlıca vəzifə kimi qarşıya qoyub.

 

Daha sonra qabaqcıl tərəfdaş ali təhsil müəssisələrindən olan Qazi Universitetində bir aylıq təlim və təcrübə keçəcək digər heyətə tövsiyələrini bildirən Ş.Bayramov universitet və kampus idarəçiliyi, tədris, elm, xarici əlaqələr və beynəlxalq proqramlarda iştirak, sənaye ilə işbirliyi, startap fəaliyyəti, tələbələrlə iş, karyera planlaşdırılması və digər sahələrdə qardaş ölkənin təcrübəsi ilə yaxından tanış olmağın vacibliyini diqqətə çatdırıb.

 

Əməkdaşları yaradılan imkanlardan maksimum faydalanmağa çağıran rektor yaxın günlərdə təlim və təcrübə məqsədilə Türkiyəyə yola düşəcək universitet heyətinə uğurlar arzulayıb.

 



11.05.2022 | 14:13