Almaniyanın Heydelberq Universitetinin klinikası ilə birgə konfrans keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə  Klinikası və Almaniyanın Heydelberq Universitetinin Mannheim Cərrahlıq Klinikası arasında Alman Akademik Mübadilə Xidməti tərəfindən dəstəklənən əməkdaşlıq çərçivəsində “Cərrahi əməliyyatdan sonra erkən bərpa (ERAS) konsepsiyasının Azərbaycanda tətbiqi imkanları” mövzusunda konfrans keçirilib.

 

ATU-dan bildirilib ki, konfransda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nuru Bayramov, Mannheim Klinikasının direktoru, professor C.Reissfelder, ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev ERAS proqramının xüsusiyyətləri və prinsipləri haqda ətraflı məlumat veriblər. Maraqlı sual-cavab şəklində davam edən konfrans işçi qrupun yaradılması ilə başa çatıb.

 

Qeyd edək ki, ERAS protokollarının cərrahi praktikada tətbiq edilməsi əməliyyatdan sonra ağırlaşmaları əhəmiyyətli dərəcədə azaldır, xəstələrin tez bərpa olunmasına və normal həyata qayıtmasına töhfə verir, eləcə də xəstəxana xərclərini ciddi şəkildə aşağı salır. Hazırda hər iki klinika tərəfindən Azərbaycan üçün uyğunlaşdırılmış protokollar üzərində işlənilir.

 



11.05.2022 | 12:30