Məktəbdənkənar təhsil müəssisələrində ümummilli liderin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbirlər keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə məktəbdənkənar təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

 

“Təhsil” Respublika İdman Mərkəzi tərəfindən ulu öndərin ildönümünə həsr olunmuş uşaq-gənclər idman məktəblərinin yetirmələri arasında badminton idman növü üzrə Respublika birinciliyi və mini futbol turniri təşkil edilib. 

 

Ümumtəhsil məktəblərinin şagirdləri arasında beş gün davam edən respublika şahmat festivalı keçirilib. Şahmat festivalında ümumilikdə 43 rayon, şəhər üzrə ümumtəhsil məktəblərindən 225 nəfər şagird iştirak edib.

 

Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Ulu öndər- xilaskarımız”, “Qəlblərdə yaşayan sərkərdə”, “Sən elə bir zirvəsən!”, “Xalqın xilaskarı” adlı ədəbi-bədii kompozisiyalar, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Ulu bir sərkərdə” mövzusunda rəsm əsərlərindən ibarət virtual sərgi, açıq dərslər, “dəyirmi masa”lar, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində "Heydər Əliyev-Tarixi Zəfər qazanmış Müstəqil Azərbaycan" mövzusunda konfrans, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən dərnək üzvləri arasında intellektual oyun keçirilib.

 

Eyni zamanda, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsi keçirilib. Müsabiqəyə 3000-ə yaxın tələbə qatılıb.

Tədbirlərdə ümummilli liderin Azərbaycan tarixindəki rolu, şərəfli ömür yolunu ölkəmizin tərəqqisi və millətimizin parlaq gələcəyinə həsr etməsi, respublikamızda təhsilin, elmin, mədəniyyətin, səhiyyənin, idmanın və digər sahələrin inkişafındakı xidmətləri, uşaqlara, gənclərə göstərdiyi diqqət və qayğı, milli-mənəvi dəyərlərimizin qorunması, ölkəmizin beynəlxalq nüfuzunu daha da artırmaqla dünya ölkələri sırasında mövqeyinin hərtərəfli möhkəmləndirilməsindən bəhs olunub, dərnək üzvlərinin ifasında ümummilli liderə həsr olunmuş şeir və mahnılar  səsləndirilib, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

 

Məktəblilər Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib.

 

Qeyd edək ki, tədbirlərin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda Heydər Əliyev irsinin təbliğ etmək, şagirdlər arasında dostluq və idman əlaqələrini möhkəmləndirməkdən ibarət olub.

 



10.05.2022 | 19:28