Heydər Əliyev bütün varlığı ilə Azərbaycana bağlı idi | |
Xalqımız üçün may ayının 10-u əlamətdar gündür. Həmin gün - biz azərbaycanlılar üçün artıq simvollaşıb, tarixləşib. Çünki zəmanəmizin ən böyük şəxsiyyəti, Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, xalqımızın dahi oğlu və böyük öndər Heydər Əlirza oğlu Əliyev məhz 99 il öncə - mayın 10-da anadan olmuşdur. O böyük insan XX-XXI əsrlərin canlı əfsanəsi idi. Tarix dəfələrlə sübut etmişdir ki, Ulu Öndər böyük iradə və qətiyyət sahibi, təkrarsız şəxsiyyət olmaqla ən çətin vəziyyətlərdən belə çıxmaq üçün düzgün yol tapmağı bacarırdı. Ona görə də həmişə başladığı işi uğurla sona çatdırırdı.
Həqiqət budur ki, öz xalqını, vətənini, torpağını sevən insanlar müqəddəs zirvəyə ucala bilirlər. Məhz ona görə də xalqın hörmət və məhəbbətini qazanmaqdan böyük xoşbəxtlik ola bilməz. Ümummilli Liderimiz öz xalqına sədaqətlə, şərəflə xidmət etmiş və Azərbaycan xalqının xilaskarı kimi milyonlarla insanların qəlbində əbədi yaşayır. Heydər Əliyevi zirvələrə qaldıran, ümummilli lider məqamına yüksəldən keyfiyyətlərdən birincisi onu xalqına bağlayan qırılmaz tellər idi. O, heç zaman xalqından uzaq düşmədi. Onunla birgə oldu, yaxşı günündə də, yaman günündə də. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən böyük öndərimiz bütün ömrünü xalqının rifahına, ölkəsinin tanınmasına, onun güclü dövlət olmasına sərf etdi. Bundan heç vaxt yorulub-usanmadı, bədxahların əməllərinə, böhtanlarına layiqli cavab verdi, xalqa xidməti hər şeydən uca tutdu. Güclü və yenilməz bir dövlət qurdu.
Heydər Əliyev bəşər övladının tuta biləcəyi ən yüksək mövqeyin fövqündə- xalq sevgisi qazanaraq Ümummilli Liderə çevrildi.
Onun ən böyük dahiyanə əsəri isə hər bir ölkə vətəndaşının, eləcə də dünyada yaşayan milyonlarla azərbaycanlının əsl Vətəni , Müstəqil Azərbaycan dövləti oldu.
Heydər Əliyev birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrə qədər Azərbaycan geridə qalmış aqrar respublika idi. Zəngin təbii sərvətləri olan xalq ehtiyac içində yaşayırdı. Qısa müddətdə hər şey dəyişdi. Hara baxırdınsa həyat qaynayırdı. Bir neçə ilə bölgələrdə insanların yaşayış şəraiti yaxşılaşdı, rayonların büdcələrinə xeyli vəsait toplandı. Bu vəsaitlər rayonların inkişafına və sosial problemlərin həllinə yönəldildi. O illər uzaq tariximiz deyil. Həmin islahatları həyata keçirən insanların çoxu müasirlərimizdir. Azərbaycanın elə bir şəhəri, qəsəbəsi, kəndi yox idi ki, orada tikinti-quruculuq işləri aparılmasın, məktəblər, xəstəxanalar, yaşayış binaları tikilməsin.
Ulu Öndər Azərbaycanın gələcəyini, müstəqilliyini düşünərək SSRİ rəhbərliyi qarşısında təkidli tələblər irəli sürür, nəticədə strateji əhəmiyyətli bir sıra sənaye və istehsal müəssisələrinin respublikada inşasına nail olurdu.
Ümummilli Liderin Azərbaycanın gələcəyinə ünvanlanmış inkişaf strategiyasının əsas istiqamətlərindən biri də təhsil və hərbi potensialın yaradılması idi. Təhsil sahəsində çox böyük uğurlar qazanıldı. Hər il yüzlərlə gənc başqa şəhərlərə ən yüksək təhsil almaq üçün oxumağa göndərildi. Azərbaycanda ali təhsil ocaqlarının sayı artırıldı.
Heydər Əliyev sovet dövründə, 1971-ci ildə Azərbaycanda milli zabit hərbi kadrları hazırlayan təhsil müəssisəsinin - general Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi məktəbin açılmasına nail oldu.
Qeyd etmək lazımdır ki, digər müttəfiq respublikaların heç birində hərbi ixtisaslaşmış orta məktəb yox idi. Bu, Heydər Əliyevin tarixi xidmətlərindən biridir. Hazırda ordumuzun 50-60%-i həmin məktəbin yetirmələridir.
Sözsüz ki, bu fəaliyyətin ən mühüm hissəsini Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövr təşkil edir. 1993-cü il iyunun 15-də Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü, xalqımızın nicat gününün başlanğıcı oldu. Dünyaşöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyev öz nüfuzuna, bacarığına və xalqına arxalanıb insanları azərbaycançılıq, müstəqil dövlətçilik və demokratik ideyalar ətrafında birləşdirib yeni dövlət quruculuğuna başladı. Ulu Öndərin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində ölkədə ictimai-siyasi sabitlik yarandı, həyatın bütün sahələrini bürümüş tənəzzülə son qoyuldu. Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə qayıtması tarixi zərurətin, sabitlik, ədalət intizarında olan milyonlarla insanın çağırışının gerçəkləşməsi idi. “Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm” - Ümummilli Lider hakimiyyətə bu sözlərlə qayıtmışdı və ömrünün sonunadək bu sözlərə sadiq qaldı.
Ulu Öndər onu da yaxşı bilirdi ki, xalqın siyasi müstəqilliyinin təməlini məhz onun iqtisadi azadlığı şərtləndirir. Bu baxımdan Heydər Əliyev qısa müddətdə ölkədə mədəni və mənəvi intibahı təmin etdi.
Ciddi narahatlıq doğuran mühüm məsələlərdən biri də ölkənin sərvətlərinin başlı-başına qalması, talanması idi. Digər tərəfdən dənizin və yerin təkindəki sərvətlərdən səmərəli istifadə edilməli, xalqın sərvətinə çevrilməliydi ki, inkişafa, rifaha nail olunsun. Bunun üçün böyük öndər çox ciddi müqavimətləri sındıraraq “Əsrin müqaviləsi”ni reallaşdırdı. Bakı-Tbilisi-Ceyhan neft və Tbilisi-Ərzurum qaz kəməri layihələrinin tam reallığa çevrilməsi Ümummilli Liderimizin uzaqgörənliyinin, qətiyyətinin, zəkasının, müdrikliyinin və böyük siyasətinin nəticəsi idi. Bu, adi saziş deyildi - bu, iqtisadi inkişafımızın təməli, müstəqilliyimizin təminatı idi.
Azərbaycan xalqının taleyi ilə aparılan pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə Heydər Əliyevin rəhbərliyi altında son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, qanunsuz silahlı dəstələr ləğv olunmuşdu. Bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdı.
Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanmışdı.
Böyük öndərin qurduğu müasir Azərbaycan 2003-cü ildə tərəqqiyə və inkişafa istiqamət götürüb inam və qətiyyətlə irəliləyirdi. Böyük realist və praqmatik siyasətçi olan Heydər Əliyev isə insan üçün əbədi olmayan dünyanın təbii qanunlarına bələd idi. Elə bu səbəbdən də müstəqilliyinin ən məsul dövründə olan Azərbaycanı xoşbəxt gələcəyə aparacaq liderin kim olacağı sualı onu çox düşündürür və narahat edirdi. O bu məsələni həll etməli idi. Bu, Vətənə xidmətin ən ali nümunəsi idi və Heydər Əliyev bunu özünə müqəddəs borc bilirdi. Heydər Əliyev o vaxtlar hökumətə uğurla rəhbərlik edən İlham Əliyevin üzərində dayandı və doğma xalqına müraciət ünvanlayaraq deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Tarix bu böyük dahinin uzaqgörənliyini yenə təsdiqlədi. Bunun təsdiqi üçün elə də böyük bir vaxt lazım gəlmədi. Çünki İlham Əliyev millət atasının missiyasını davam etdirməyin sirrini çox gözəl bilirdi. Prezident İlham Əliyev qısa bir müddətdə uğurlara imza atdı və ən böyük uğuru isə 44 günlük Vətən müharibəsində əldə edilən qələbəmiz oldu. O uğurlar böyük qələbələrin estafeti kimi bu gün də davam edir və xalqımızı xoşbəxt gələcəyə doğru aparır.
Vətən HÜSEYNOV, Bakıdakı 3 nömrəli tam orta məktəbin tarix müəllimi
|
|
08.05.2022 | 10:39 | |
|
|
|