ADPU-nun Quba filialının 30 illik yubileyi qeyd olunub | |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının 30 illik yubileyi münasibətilə tədbir keçirilib.
Yubiley tədbirində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkili Vahid Əhmədov, Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərov, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının rəhbərliyi, ADPU-nun prorektor və dekanları, universitetin filiallarının və Predaqoji Kollecin direktorları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər və Quba filialının kollektivi iştirak edib.
Əvvəlcə Quba filialının tarixindən, fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Sonra təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək bildirib ki, hər bir ölkənin inkişafını təmin edən insan kapitalıdır, təhsil isə bu kapitalı formalaşdıran sistemdir. Təhsil sahəsinin inkişafı Azərbaycanda prioritet istiqamətlərdən biridir. Ölkəmizdə təhsilin inkişafına böyük diqqət göstərilir. Nazir müavininin sözlərinə görə, Azərbaycan təhsilinin bugünkü inkişafı ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan məqsədyönlü siyasətdən qaynaqlanır. Prezident İlham Əliyev tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparılaraq Ümummilli Liderin təhsil siyasəti uğurla davam etdirilir.
Firudin Qurbanov çıxışından sonra Quba filialının direktoru, dosent, fizika üzrə fəlsəfə doktoru Yusif Alıyevə, direktor müavinləri pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayevaya və tarix üzrə fəlsəfə doktoru İsmayıl Mahmudova Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanını, həmçinin filialın əməkdaşları dosent, filologiya üzrə fəlsəfə doktoru Gülşən Ağabəy və tarix üzrə fəlsəfə doktoru Elnur Nəsirova Təhsil Nazirliyinin Fəxri Fərmanını təqdim edib.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bildirib ki, təhsil hər bir dövlətin əsas strateji sahələrindəndir. Hər bir xalqın və ölkənin taleyi, gələcəyi məhz təhsillə bağlıdır:”Quba rayonunda 2004-cü ildən başlayaraq 83 yeni məktəb binası tikilib, 13 məktəb binası isə əsaslı təmir olunub. Son 4 ildə isə 1 məktəb binası əsaslı təmir olunub, rayonun 3 yaşayış məntəqəsində çoxyerlik tam orta məktəb binaları tikilərək istifadəyə verilib. 26 yaşayış məntəqəsində isə yeni modul tipli məktəb binaları quraşdırılıb. Hazırda rayonun daha bir yaşayış məntəqəsində, Digah kəndində yeni məktəb binası tikilir”.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Pedaqoji Universitetin 100 yaşının tamam olduğunu vurğulayaraq, milli düşüncənin inkişafına, pedaqoji və elmi-pedaqoji kadrların hazırlığına əvəzsiz töhfələr verən ali məktəbin bu gün də ölkəmizin təhsil sistemində ön sıralarda yer aldığını və fəaliyyətini dövrün tələbləri istiqamətində qurduğunu deyib:”Universitet son 100 ildə 160 mindən çox yüksəkixtisaslı müəllim kadrları hazırlayıb. ADPU-nun filialları da yeni nəsil müəllimlərin hazırlanması istiqamətində fəaliyyət göstərir”.
Milli Məclisin deputatı Vahid Əhmədov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın elmə və təhsilə göstərdikləri əvəzsiz diqqət və qayğıdan danışıb. Son illərdə ali təhsil müəssisələri üçün yeni binaların tikildiyini, əsaslı təmir olunduğunu, təhsil müəssisələrinin ən müasir texnologiyalarla təchiz edildiyini söyləyib. V.Əhmədov Pedaqoji Universitetin Azərbaycanın mədəni və təhsil həyatında, ziyalı mühitinin formalaşmasında, müəllim kadrların hazırlanmasında əhəmiyyətli rol oynadığını qeyd edib.
Quba filialının direktoru Yusif Alıyev ali təhsil ocağının fəaliyyəti haqqında ətraflı məlumat verib, filialda professor-müəllim heyətinin elmi-tədqiqat işlərinə cəlb edilməsi sahəsində xeyli uğurlu nəticələr əldə olunduğunu, gənc tədqiqatçıların, tələbələrin respublika və beynəlxalq səviyyəli elmi konfranslarda, müxtəlif layihələrdə müntəzəm iştirak etdiyini vurğulayıb.
“ADPU Quba filialı tələbələrinin ali təhsili başa vurduqdan sonrakı fəaliyyətlərini də diqqətlə izləyir. Təhsilini başa vuran gənc mütəxəssislərimizin xoş soraqları bu gün müxtəlif məktəblərdən, təhsil şöbələrindən, ali təhsil ocaqlarından, ölkənin yüksək səviyyəli dövlət orqanlarından gəlir. Fərəhləndirici haldır ki, Azərbaycan tarixinə Qarabağa “Böyük Qayıdışın” başlanğıcı kimi daxil olan Cocuq Mərcanlı kəndinə vətəndaşlarımızın qayıtmasından sonra bu kənddə uzun illərdən sonra fəaliyyətə başlayan ilk məktəbin direktoru məhz doğma filialımızın məzunu olub”, - deyə Y.Alıyev söyləyib.
Yubiley tədbirinin sonunda incəsənət nümayəndələrinin konsert proqramı təqdim olunub.
|
|
06.05.2022 | 15:01 | |
|
|
|